Yaxın Şərqdə vəziyyət yenidən gərginləşir: Rəsmi Bakı necə davranmalıdır?
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-yə məxsus F-35, F-15 və F-16 qırıcılarının yerləşdiyi məntəqələri ballistik raketlərlə hədəf alaraq məhv etməsi barədə yaydığı rəsmi bəyanat regionda gərginliyi yenidən artırıb.Yaxın Şərqdəki bu son hərbi-siyasi hərəkətlilik cəmiyyətdə böyük müharibə riskləri ilə bağlı suallar doğurur.

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az xəbər portalına xüsusi açıqlama verib: "Müasir hərbi qarşıdurmalarda tərəflər bir-birinə qarşı ciddi psixoloji təzyiqlər tətbiq edirlər. Bu cür açıqlamalar da həmin təzyiqin bir hissəsidir. İran tərəfindən bu qəbildən olan kəskin bəyanatlar rəsmi şəkildə tez-tez səsləndirilsə də, onların həm də hamısı reallığı əks etdirmir. Ötən dönəmlərdə İran hərbçilərinin ABŞ-yə məxsus bir F-35 təyyarəsini vurduğu bir faktdır. Lakin son hadisəyə - qırıcıların yerləşdiyi məntəqənin tamamilə məhv edilməsi iddiasına gəldikdə vəziyyət fərqlidir. Bəli, sözügedən məntəqəyə atəş açılıb. Nəticədə dağıntılar baş verib. Amma hələlik F-15, F-16 və F-35 qırıcılarının məhv edilməsi ilə bağlı dəqiq bir məlumat yoxdur. SEPAH bu cür bəyanatlarla ABŞ hərbçilərini bölgədəki aktiv əməliyyatlardan çəkindirməyə çalışır. Burada əsas məqsəd Tehranın öz milli maraqlarını qorumaq və xüsusilə Hörmüz boğazı ətrafındakı vəziyyətə nəzarəti gücləndirməkdir".
Ekspert həmçinin qeyd edib ki, hazırda proseslər daha çox raket və dron müharibəsi müstəvisində gedir və birbaşa irimiqyaslı quru toqquşmasının olacağı gözlənilmir: "ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) öz xüsusi təyinatlı qüvvələrini İranın Xarq adasına yönləndirmədi. Çünki bunun regionda yarada biləcəyi çox ağır nəticələri yaxşı dərk edirlər. Lakin gərginlik ciddi olaraq qalmaqdadır. Qarşıdakı günlərdə İsrailin də bu proseslərə aktiv şəkildə qatılması vəziyyəti bir qədər də mürəkkəbləşdirəcək. SEPAH hazırda hər gün fərqli bir bəyanat səsləndirir, lakin unutmaq olmaz ki, SEPAH-ın hərbi gücü ilə ABŞ-nin və ya NATO-nun potensialı eyni deyil. Mövcud hərbi balans sözsüz ki, İranın xeyrinə dəyişməyib. Elə bu gün SEPAH hərbçiləri Hörmüz boğazını keçmək istəyən iki neft tankerinə atəş açıblar. Vəziyyət elə bir həddədir ki, bu hadisələr genişmiqyaslı lokal toqquşmalara yol aça və proses bir neçə ay bu templə davam edə bilər".
Ü.Cəfərov sonda vurğulayıb ki, baş verənləri rəsmi Bakı da prosesləri diqqətlə izləyir: "Təəssüflər olsun ki, bu gərginlik region ölkələrində də birbaşa hiss olunur. Azərbaycan olaraq biz bu riskləri yaxından müşahidə edirik. Məhz buna görə də Azərbaycan Xarici İşlər Nazirliyi tərəflərə rəsmi çağırış edərək eskalasiyanın daha da dərinləşməməsini və münaqişəyə tez bir zamanda son qoyulmasını istəyib".
13:40 11.06.2026
Oxunuş sayı: 119