Heydər Əliyevin Bakıya qayıdışını xatırlayan deputat: Xalqda ümid yaranmışdı
1993-cü il 9 iyun Azərbaycanın müasir tarixində dönüş nöqtəsi kimi yadda qalan, xalqın taleyində yeni mərhələnin başlanğıcını qoyan mühüm bir tarixdir. O dövrdə ölkə dərin siyasi böhran, iqtisadi çöküş, müharibə şəraiti və ictimai xaosun yaratdığı ağır vəziyyətlə üz-üzə idi. Dövlət idarəçiliyində boşluqlar, cəbhədə ardıcıl uğursuzluqlar və daxili sabitliyin pozulması cəmiyyətdə ümidsizlik hissini daha da gücləndirmişdi.
Məhz belə bir kritik məqamda Ulu Öndər Heydər Əliyevin Bakıya qayıdışı təkcə siyasi hadisə deyil, həm də xalqın nicat ümidi kimi qəbul edildi. Bu gəliş Azərbaycanın dövlətçiliyinin xilasına, sabitliyin bərpasına və gələcək inkişaf yolunun müəyyənləşməsinə aparan yeni mərhələnin başlanğıcı oldu. Xalq uzun illər sonra yenidən güvən, inam və sabaha ümid hissini məhz bu dönüş nöqtəsində tapdı.

Bu dövrü xatırlayan Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlamasında həmin dövrün siyasi vəziyyətindən, Heydər Əliyevin gəlişindən danışıb: “1991-ci ildə Azərbaycan dövləti müstəqilliyini bərpa edəndə hər kəs böyük sevinc hissi keçirirdi. Artıq müstəqil dövlətimiz olduğunu, dünya birliyində öz yerimizi tutacağımızı, problemlərimizi özümüz həll edəcəyimizi düşünürdük. Lakin bununla belə, əvvəlcədən başlayan Ermənistanın Azərbaycana qarşı təcavüzü, eyni zamanda hakimiyyətə bir-birinin ardınca hazırlıqsız və təcrübəsiz komandaların gəlməsi ölkədə çox ağır problemlərin yaranmasına səbəb olurdu. Erməni qoşunları Azərbaycan ərazilərini işğal etməyə davam edirdi. Böyük bir məcburi köçkün kütləsi yaranmışdı. Digər tərəfdən iqtisadi böhran dərinləşirdi. İnflyasiya, ərzaq qıtlığı, ictimai asayişin pozulması kimi problemlər cəmiyyətdə çox gərgin bir vəziyyət formalaşdırmışdı. Belə bir şəraitdə ölkədən çıxış yolu axtarışları müxtəlif sosial qruplarda, mətbuatda və geniş ictimaiyyət arasında özünü göstərirdi. Bir çoxları bu vəziyyətdən çıxış yolunu Ulu Öndər Heydər Əliyevin Azərbaycanda böyük siyasətə qayıdışı ilə bağlayırdı. Onun Naxçıvana rəhbərliyi dövründə Naxçıvanda əmin-amanlığın təmin olunması, problemlərin həll edilməsi və Ermənistan qoşunlarının Naxçıvana daxil ola bilməməsi kimi faktlar göz önündə idi. Bu səbəbdən insanlar onu Azərbaycanın rəhbəri kimi görmək istəyirdilər”.
Deputat əlavə edib ki, 1992-ci ildə onun adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı çağırışlar oldu: “Həmin dövrdə yaşadığım ərazidə tərəfdarlarla birlikdə Ulu Öndərin adı ilə bağlı Yeni Azərbaycan Partiyasının təşkil olunmasında iştirak etdim və onun böyük siyasətə qayıdışı çağırışına qoşuldum. 1993-cü ilin iyun ayına doğru vəziyyət günü-gündən daha da ağırlaşırdı. Surət Hüseynovun qiyamı, sonra rəsmi hakimiyyətin bu qiyama qarşı effektiv tədbir görə bilməməsi, cəbhədəki uğursuzluqlar Azərbaycan cəmiyyətində dərin bir inamsızlıq yaratmışdı. Lakin məlum olduqda ki, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya gəlir və Azərbaycan dövlət hakimiyyətində yüksək vəzifələrdən birini tutacaq, cəmiyyətdə artıq bu ağır vəziyyətdən çıxış yolunun olduğu barədə ümid formalaşdı. Onun Ali Sovetdə çıxış etməsi, Surət Hüseynovla görüşməyə hazır olması və Gəncəyə səfəri xəbərləri insanlarda böyük ümid yaratdı ki, ölkə artıq bu çətin vəziyyətdən çıxacaq. Cəmiyyətdə belə bir gözlənti yaranmışdı ki, əmin-amanlıq bərpa olunacaq, Ermənistan təcavüzünə qarşı daha qətiyyətli addımlar atılacaq, milli birlik güclənəcək və iqtisadiyyatda yeni inkişaf mərhələsi başlanacaq. Hətta o dövr üçün adi olmayan vəziyyətlər — çörək mağazalarında növbəsiz çörək almaq kimi sadə məsələlər belə insanlar üçün böyük bir arzu idi”.
A.Mirzəzadə bildirib ki, 1993-cü ilin 9 iyununda Heydər Əliyev Bakıya gəldi: “Sonrakı proseslər artıq tarixdə öz əksini tapıb. 15 iyunda parlament sədri seçildi, 27 iyunda isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. O gündən başlayan yol, bu gün — 2026-cı ilin iyununda qüdrətli və güclü Azərbaycanın formalaşmasına gətirib çıxardı”.
Ayhan
20:00 09.06.2026
Oxunuş sayı: 61