Vətəndaşlara pensiya və əməkhaqqı ilə bağlı şad xəbər: İşləriniz asanlaşacaq
Azərbaycanda pensiya, əməkhaqqı və sosial ödənişlərin daha çevik və vətəndaşyönümlü formada təşkil olunması istiqamətində yeni layihə hazırlanır. Layihəyə əsasən, vətəndaşlara ödənişlərini almaq üçün bank seçimi üzrə daha geniş sərbəstlik veriləcək və proses mərhələli şəkildə Ani Ödənişlər Sistemi üzərindən həyata keçiriləcək. Təşəbbüsün əsas məqsədi ödəniş alan şəxslər üçün alternativ imkanlar yaratmaq, banklar arasında xidmət keyfiyyəti üzrə rəqabəti artırmaq və maliyyə xidmətlərinə çıxışı daha rahat etməkdir.
Bəs yeni mexanizm vətəndaşların gündəlik həyatını və ödəniş prosesini necə asanlaşdıra bilər?

Milli Məclisin deputatı Vüqar Bayramov məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib: “Mərkəzi Bankı artıq uzun müddətdir ki, bu istiqamətdə işlər aparılır. Əsas məqsəd vətəndaşlarımızın əməkhaqqı və digər ödənişlər zamanı bank seçimini sərbəst şəkildə həyata keçirməsinə imkan yaratmaqdır. Hazırda əməkhaqqı və sosial ödənişlər daha çox məhdud sayda bank vasitəsilə həyata keçirilir. Yeni sistemdə yanaşma ondan ibarətdir ki, əməkhaqqı və sosial ödənişlərin alınması zamanı vətəndaş istədiyi bankı seçə bilsin, yəni özünə daha uyğun və əlçatan olan bankı seçmək hüququna malik olsun”.
Deputat əlavə edib ki, bu kifayət qədər əhəmiyyətli bir layihədir və yaxın zamanda reallaşacağı gözlənilir: “Çünki nəticə etibarilə vətəndaşlara əməkhaqlarını hansı bank vasitəsilə almaq barədə seçim imkanı yaradacaq. Bu zaman vətəndaş özünə yaxın və münasib hesab etdiyi bankı seçərək əməkhaqqısını almaq imkanı əldə edəcək, zamana qənaət edəcək. Eyni zamanda, banklar arasında xidmət və tarif fərqləri mövcud olduğundan, bu sistem vətəndaşın sərbəst seçim etməsinə şərait yaradacaq. Bu baxımdan layihə vacib hesab olunur və ümumilikdə vətəndaşlarımızın bank xidmətlərinə əlçatanlığının artırılmasına xidmət edəcək”.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir də məsələ ilə bağlı fikirlərini bildirib: “Layihənin əsas mahiyyəti vətəndaşların pensiya, əməkhaqqı və sosial müavinətlərini istədikləri bank vasitəsilə almaq imkanının yaradılmasından ibarətdir. Hazırda bir çox hallarda bu ödənişlər vətəndaşlara əvvəlcədən müəyyən edilmiş banklar vasitəsilə təqdim olunur. Yeni sistem isə həmin məhdudiyyətin aradan qaldırılmasına xidmət edir. Bu təşəbbüs dövlət ödənişlərinin alınması sahəsində vətəndaşların seçim imkanlarını genişləndirən, eyni zamanda bank sektorunda rəqabəti gücləndirən mühüm islahat kimi qiymətləndirilə bilər”.
Ekspert qeyd edib ki, yeni sistem vətəndaşlar üçün bir sıra üstünlüklər yaradacaq: “Belə ki, hər bir şəxs ona daha yaxın filial şəbəkəsinə malik, daha keyfiyyətli rəqəmsal xidmətlər təqdim edən və ya daha sərfəli şərtlərlə fəaliyyət göstərən bankı seçə biləcək. Bu isə banklar arasında rəqabət mühitinin daha da güclənməsinə səbəb olacaq".
Professorun sözlərinə görə, maliyyə qurumları müştəriləri cəlb etmək və saxlamaq üçün mobil bankçılıq xidmətlərini, onlayn əməliyyat imkanlarını və müştəri xidmətlərini daha da təkmilləşdirməyə çalışacaqlar. Pensiyaçılar və sosial ödəniş alan şəxslər banklar üçün mühüm müştəri qrupunu təşkil etdiyindən, onların cəlb edilməsi məqsədilə kart xidmətlərinin yaxşılaşdırılması, keşbek və bonus proqramlarının tətbiqi, komissiyaların azaldılması, xüsusi paketlərin hazırlanması istiqamətində addımlar atıla bilər”.
R.Sabirin sözlərinə görə, Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə dövlət qurumları vəsaitləri birbaşa vətəndaşın seçdiyi banka köçürə biləcəklər: “Bunun nəticəsində ödənişlərin daha sürətli həyata keçirilməsi mümkün olacaq, texniki gecikmələr azalacaq və müxtəlif banklar arasında əməliyyatların aparılması daha da sadələşəcək. Bununla yanaşı, ekspert qeyd edib ki, yeni sistemin müəyyən riskləri də mövcuddur. Əgər bank seçimi və ya bankın dəyişdirilməsi prosesi mürəkkəb təşkil olunarsa, xüsusilə yaşlı insanlar üçün əlavə çətinliklər yarana bilər. Buna görə də seçim mexanizminin sadə, şəffaf və mümkün qədər elektron formada həyata keçirilməsi vacibdir”.
Professor hesab edir ki, layihənin uğuru banklararası inteqrasiyanın səviyyəsindən, texniki infrastrukturun hazırlığından və vətəndaşlar üçün yaradılacaq xidmət mexanizmlərinin səmərəliliyindən asılı olacaq: “Layihənin uğurlu icrası həm vətəndaş məmnunluğunun artmasına, həm də maliyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verə bilər”.
Ayhan
17:20 09.06.2026
Oxunuş sayı: 67