Əbədiyyət axtarışında donmuş zaman – Qarayevin izi ilə
Bakının mərkəzində yerləşən və illərin ruhunu qoruyub saxlayan mənzillərdən biri bu gün Azərbaycan musiqi tarixinin ən qiymətli yaddaş məkanı kimi yaşamaqdadır. Bu evin qapısından içəri daxil olarkən adi muzey atmosferindən daha fərqli bir hiss yaşanır. Burada hər detal – divardakı fotoşəkillər, köhnə not vərəqləri, saralmış proqramlar, royal, yazı masası, hətta rəng seçimi belə bir insanın daxili dünyasının zənginliyindən danışır. Söhbət görkəmli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti Qara Qarayev və onun ev-muzeyindən gedir.
Bu divarlar bir əsrin musiqi yaddaşını qoruyur. Qapısından içəri daxil olduğumuz andan etibarən zaman anlayışı dəyişir və biz özümüzü muzeydə deyil, Qara Qarayevin yaşadığı dövrün içində hiss edirik.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyi sənətkarın doğulduğu mənzildə, bəstəkarın 100 illik yubileyi ərəfəsində, 1 oktyabr 2018-ci ildə Beynəlxalq Musiqi Günündə qapılarını tamaşaçıların üzünə açaraq Bakının mədəni xəritəsinə silinməz izini qoyub.
Muzey həm məzmunu, həm də təqdimat üslubu ilə diqqət çəkir. Muzeyin dizaynı Avstriyanın məşhur “Partner Kultur” şirkəti tərəfindən hazırlanıb. Dünyanın müxtəlif ölkələrində muzey və qalereyaların dizaynı ilə tanınan şirkət burada klassik muzey anlayışını müasir multimedia texnologiyaları ilə birləşdirib. İnteraktiv təqdimatlar, audio-vizual vasitələr, rəng keçidləri və xüsusi işıqlandırma ekspozisiyanı canlı yaddaşa çevirir.
Muzeyin ekspozisiyası 3 otaqdan ibarətdir. Burada 300-ə qədər material nümayiş olunur. Bu materialların bir hissəsi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin arxivlərində mühafizə olunan və Qarayevə aid minlərlə materialların içindən seçilmiş, bir hissəsi isə bəstəkarın oğlu, Xalq artisti Fərəc Qarayev və qızı Züleyxa Bağırova-Qarayeva tərəfindən muzeyə təqdim olunmuşdur.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Azərbaycan Mədəniyyət Nazirliyinin xətti ilə Moskva və Sankt-Peterburq şəhərlərinə ezamiyyətə getmiş, bu şəhərlərin teatrlarından, Rusiya Ədəbiyyat və İncəsənət arxivindən Qara Qarayevin dram tamaşalarına yazdığı musiqilərin əlyazmalarının, afişa və proqramların surətlərinin, sənədlərin, səs yazılarının və bir çox materialların əldə olunmasına nail olmuşdur.
Muzeyin ən maraqlı xüsusiyyətlərindən biri rəng bölgüsüdür. Burada bəstəkarın yaradıcılıq istiqamətləri ayrıca rənglərlə təqdim olunur. Opera və baletlər qırmızı, kino musiqisi mavi, simfonik yaradıcılıq bej, dram tamaşaları isə boz rənglə simvollaşdırılıb.
Muzeyin ən böyük otağı şərti olaraq "Bəstəkarın zəfəri" adlanır. Bu otaq bəstəkarın 40 illik yaradıcılıq fəaliyyətini tam mənası ilə rənglərin dili ilə kodlaşdırıb.
Qırmızı hissədə Qara Qarayevin opera və balet yaradıcılığı təqdim olunur. Burada onun ilk operası olan “Ayna” haqqında materiallar nümayiş etdirilir. 1940-cı ildə Cövdət Hacıyevlə birgə tələbəlik illərində yazılmış bu opera Qarabağın Söyüdlü kəndində baş verən hadisələrdən bəhs edir. Baş qəhrəmanlar xalçaçı qız Ayna və traktorçu Ayazdır. Maraqlıdır ki, opera heç vaxt səhnələşdirilməyib. Buna baxmayaraq, partituralar, librettolar və proqram materialları muzeydə qorunur.
Daha sonra “Vətən” operası haqqında məlumatlar yer alır. Böyük Vətən müharibəsi mövzusunda yazılmış əsər sovet xalqının faşizmə qarşı mübarizəsini əks etdirirdi. Qara Qarayev operanın premyerasına görə dərsləri buraxdığı üçün bir müddət Moskva Konservatoriyasından xaric edilir, lakin tezliklə bərpa olunaraq 1946-cı ildə bu əsərə görə Stalin mükafatı alır. Qarayevin o dövrə aid fotoşəkilləri, rolların ifaçıları böyük Bülbül və Sona Mustafayevanın fotoları steddə nümayiş olunur.
Burada həmçinin bəstəkarın 1972-ci ildə dodekafoniyanın modern texnikası ilə yazdığı və librettosunu şəxsən özünün tərtib etdiyi “Zəriflik” monooperası haqqında eksponatlar da yer alır.
Ekspozisiyanın mərkəzi isə “Yeddi gözəl” baletinə həsr olunub. Nizami Gəncəvinin “Xəmsə”si əsasında yaradılan balet Qara Qarayevin sənət zirvəsi, Azərbaycan musiqisinin beynəlxalq triumfu hesab olunur. Burada baletin dekorasiya eskizləri, geyim nümunələri, müxtəlif ölkələrdə keçirilmiş tamaşaların afişaları, Leyla Vəkilova və Maqsud Məmmədovun səhnə fotoları nümayiş olunur. Xüsusilə 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyü zamanı baletin qazandığı uğur haqqında “Kirpi” jurnalında dərc olunmuş dostluq şarjı və orada Qarayevin “Dekadaya ildırımlı yollarla gedirsiniz?” sualına yumorla “Xeyr, mən ora öz gözəllərimlə gedirəm” cavabını verdiyi materiallar xüsusi maraq doğurur.
“İldırımlı yollarla” baleti isə tam fərqli atmosfer yaradır. Əsər Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında, Cənubi Afrika motivləri üzərində qurulmuş, irqi ayrı-seçkiliyə qarşı mübarizəni və azad sevgini simfonik balet dili ilə tərənnüm etmişdir. Burada əsərin Sergey Prokofyevin xatirəsinə ithaf edildiyi və 1967-ci ildə Lenin mükafatına layiq görüldüyü vurğulanır. Baletin qəhrəmanları Sari və Lenninin faciəli sevgisi ekspozisiyada dramatik səhnə fotoları ilə təqdim olunur.
Eləcə də bəstəkarın 1974-cü ildə klassisizm, romantizm və caz ritmlərini birləşdirərək yazdığı “Çılğın qaskoniyalı” müziklinə dair proqramlar və nəvəsi Zülfüqara hədiyyə etdiyi qramval bura xüsusi bir rəng qatır. Muzeydə şərti olaraq pərdə arxasında yerləşdirilən gözdən uzaq gizli guşədə isə ziyarətçilərə yalnız dirijorların görə bildiyi ecazkar aləm, yəni Qara Qarayevin öz əli ilə yazdığı orijinal partituraların əlyazmaları təqdim olunur.
Ekspozisiyanın boz hissəsində Qarayevin dram tamaşalarına yazdığı musiqilər haqqında geniş məlumat verilir. Maraqlıdır ki, bəstəkarın bu istiqamətdəki fəaliyyəti uzun illər lazımi qədər araşdırılmayıb. O, Bakı, Moskva və Leninqradın teatrları üçün ümumilikdə 20-dən çox tamaşaya partitura yazıb. Ekspozisiyada Mir Cəlal Paşayevin “Mirzə Xəyal”, Şekspirin “Otello”, “Qış nağılı”, “Hamlet”, Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşalarının afişaları sərgilənir.
Leninqradda böyük rejissor Q.Tovstonogovla əməkdaşlıq edərək Puşkin teatrında səhnələşdirilən “Nikbin faciə” və “Qaçış” tamaşalarının uğuru, Nikolay Çerkasovun fotoları bəstəkarın dramatik teatr hissiyyatının bariz nümunəsidir.
Bu bölmənin ən maraqlı eksponatı isə “Eskiz” əsəridir. 1969-cu ildə “Afrodita adası” tamaşasından itmiş hesab olunan yeganə caz pyesi, 1996-cı ildə bir vətəndaş tərəfindən muzeyə təqdim edilən adsız əlyazma not klaviri vasitəsilə bərpa olunub və Fərəc Qarayevin tövsiyəsi ilə yenidən musiqi dünyasına qazandırılıb.
Kino musiqisi bölməsi də ekspozisiyanın ən maraqlı hissələrindəndir. “Uzaq sahillərdə”, “Don Kixot”, “Vyetnam”, “Dənizi fəth edənlər”, “Bir məhəlləli iki oğlan”, “Xəzər neftçiləri haqqında dastan” kimi filmlərə yazılmış musiqilər haqqında materiallar burada yer alır.
Qarayevin dahi sənədli film rejissoru Roman Karmenlə birgə işlədiyi “Xəzər neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər” filmləri bu bölmənin vizual əsasını təşkil edir. Estakadalarda işləyən qəhrəman neftçilərin kadrları, Mixail Kaveroçkinin fotosu tarixin canlı salnaməsidir.
Kino bölməsinin ən qiymətli sənədlərindən biri rejissor Q.Kozintsevin 1972-ci ildə bəstəkara yazdığı məktubdur. “Don Kixot” filminin musiqisindən bəhs edən rejissor “Sizin musiqidə romanın əsas mahiyyəti heyranedici güc və duyğuların dəqiqliyi ilə verilmişdir, bundan artığını düşünüb tapmaq da mümkün deyil”,- deyə yazır.
Stenddə həmçinin N.Çerkasovun bəstəkara xatirə yazısı ilə bağışladığı “Dördüncü Don Kixot” kitabı, habelə Nazim Hikmətin ssenarisi əsasında çəkilən “Bir məhəlləli iki oğlan” filminin Qarayevin öz qeydləri olan orijinal ssenari üz qabığı qorunur.
Bej rəngli hissədə isə bəstəkarın simfonik və kamera yaradıcılığı təqdim olunur. Azərbaycan simfonizminin banilərindən olan Qarayevin üç simfoniyası, iyirmiyə yaxın simfonik əsəri, fortepiano üçün “24 Prelüd” silsiləsi, “Alban rapsodiyası”, “Don Kixot” simfonik qravürləri, “Üçüncü simfoniya” və “Leyli və Məcnun” simfonik poeması bəstəkarın yaradıcılıq təkamülünü tam nümayiş etdirir.
Stenddə bəstəkarın bütün əsərlərinin ilk və dahi təfsirçisi Maestro Niyazinin fotosu xüsusi ehtiramla yerləşdirilib. Həmçinin 1967-ci ildə bəstəkarın 50 illiyinə həsr olunmuş, L.Koqan və Y.Svetlanovun idarəsi ilə Moskvada ifa edilən, simfonizminin ən yüksək zirvəsi sayılan “Skripka və simfonik orkestr üçün konsert”ə dair materiallar da buradadır. Ziyarətçilər buradakı xüsusi qulaqcıqlar vasitəsilə bu musiqilərin sehrinə dərhal qərq ola bilərlər.
Ekspozisiyada xüsusilə qırmızı rəng diqqət çəkir. Muzey əməkdaşlarının verdiyi məlumata görə, Qara Qarayev gündəlik həyatında da qırmızı rəngi sevirmiş. Bakıda yazı masasının, Moskvada isə royalının yanındakı kreslonun qırmızı olması dizaynerləri bu konsepsiyaya gətirib çıxarıb. Nəticədə qırmızı burada sadəcə dekor elementi deyil, bəstəkarın xarakterinin bir hissəsinə çevrilir.
Ekspozisiyanın ikinci zalı bizi bəstəkarın uşaqlıq, təhsil və pedaqoji fəaliyyətinin başlanğıc illərinə aparır. Fevralın 5-i 1918-ci ildə Bakıda, ziyalı mühitində doğulan Qaranın atası Azərbaycanın tanınmış pediatrı, professor Əbülfəz Qarayev, anası isə hərtərəfli təhsil almış, poeziya və musiqi vurğunu Sona xanım Axundova-Qarayeva olub. Divarlardan bizə baxan köhnə fotolar, babası İsgəndər bəy Axundov, nənəsi Züleyxa xanım, Əbülfəz bəyin iş yerindəki anları və balaca Qara ilə qardaşı Mürsəlin uşaqlıq şəkilləri oxucuda vizual zaman səyahəti yaradır. Qara Qarayev bu nəsildə özünü peşəkar musiqiyə həsr edən ilk şəxs idi, lakin onun mənəvi kökləri Şərq və Qərb mədəniyyətinin sintezi ilə qidalanmışdı.
Ata tərəfi Fatmayi kəndindən, ana babası İsgəndər bəy isə Şamaxının tanınmış soylarındandır. Bəstəkar öz xatirələrində Nizami Gəncəvini orijinalda oxuyan, muğam bilicisi Fərəc babasını və Avropaya, Cənubi Amerikaya səfərlərindən qayıdıb ona operalardan parçalar zümzümə edən Ömər dayısını böyük minnətdarlıqla anırdı. Sona xanım balaca Qaranın musiqi səslərinə, xüsusən küçədən keçən türk polkunun hərbi orkestrinə verdiyi reaksiyanı görərək onun ilk müəllimi olur və 1926-cı ildə onu uşaq musiqi məktəbinə yazdırır. Orada gənc istedad virtuoz pianoçu V.Kozlovun sinfində ilk peşəkar vərdişlərə yiyələnir. Səkkiz-doqquz yaşlı Qaranın saatlarla pianonun arxasında oturub qardaşı Mürsəli “oxuduğum kitabların təəssüratını musiqiyə köçürürəm” deyə inandırmağa çalışması onun daxili yaradıcılıq aləminin hələ o vaxtdan nə qədər zəngin olduğunu göstərir.
Muzey sənədlərlə sübut edir ki, Qarayevin formalaşmasında dövrün ən böyük dühaları iştirak edib. Bakı Musiqi Texnikumunda G.Şaroyevin fortepiano sinfində oxuduqdan sonra Azərbaycan Dövlət Konservatoriyasında L.Rudolfun kompozisiya sinfinə daxil olur. Ən əsası isə o, burada dahi Üzeyir Hacıbəylidən xalq musiqisinin əsaslarını öyrənir. Üzeyir bəyin Şərq və Qərb musiqi mədəniyyətlərinin qarşılıqlı sintezi haqqındakı tövsiyələri Qarayev yaradıcılığının ana xəttinə çevrilir. 1937-ci ildə Bülbülün rəhbərlik etdiyi Elmi Tədqiqat Musiqi Kabinəsinin xətti ilə folklor ekspedisiyasına rəhbərlik edən Qara Cabbar Qaryağdıoğlunun ifasında Qurban Pirimovun müşayiəti ilə xalq mahnılarını nota köçürür. Sonrakı illərdə Moskva Dövlət Konservatoriyasında S.Vasilenko, A.Aleksandrov və xüsusilə böyük rus bəstəkarı Dmitri Şostakoviçin sinfində oxumaq Qarayevə müasir dünyanın bütün təzadlarını dərk etməyə və öz bənzərsiz üslubunu tapmağa imkan verir.
Qara Qarayev bəstəkar olmaqla yanaşı, həm də möhtəşəm məktəb qoyan pedaqoq idi. Konservatoriyanın rektoru və professoru olduğu illərdə o, Rauf Hacıyev, Arif Məlikov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Fərəc Qarayev, Polad Bülbüloğlu, Firəngiz Əlizadə və hətta məşhur rus bəstəkarı Vladimir Şainski kimi onlarla parlaq sənətkar yetişdirib. Ekspozisiyada sənətkarın rəssam Tahir Salahovla fotoları və Salahovun 1960-cı ildə işlədiyi, hazırda Tretyakov qalereyasında qorunan məşhur “Qara Qarayev” portretinin reproduksiyası bəstəkarın intellektual simasını tam dolğunluğu ilə əks etdirir.
Muzeydə bəstəkarın şəxsi əşyaları da xüsusi yer tutur. Yazı masası, üzərindəki yazı makinası, komod, anası Sona xanımın hədiyyəsi olan Çaykovskinin büstü, şahmat lövhəsi, qramvalı, eynəyi, qələmləri, səyahətlərdə daimi yoldaşı olan fotoaparatları, kitabları, hətta balet təsvirli kibrit qutuları Qara Qarayevin gündəlik həyat ritmini, onun daxili intizamını və zadəgan ruhunu göz önünə gətirir. Ən qiymətli eksponatlardan biri isə qızı Züleyxa xanım tərəfindən muzeyə təqdim edilən royal hesab olunur. Bu royal Qara Qarayevin yaradıcılıq prosesinin canlı şahidi kimi təqdim edilir.
Bu otaqda multimedia vasitəsi ilə rejissor O. Mirqasımovun 1968-ci ildə çəkdiyi sənədli filmdən bəstəkarın öz canlı səsini eşitmək də mümkündür.
Ekspozisiyanın son zalı isə Qarayevlər nəslinə həsr olunub. Burada bəstəkarın həyat yoldaşı Tatyana Neçayeva, qardaşı Mürsəl Qarayev, oğlu Xalq artisti Fərəc Qarayev, qızı Züleyxa Qarayeva-Bağırova və nəvələri haqqında materiallar nümayiş olunur.
Onun bəstəkar oğlu, Xalq artisti Fərəc Qarayev Moskva Dövlət Konservatoriyasının professorudur və “Qobustan kölgələri”, “Kaleydoskop” kimi tanınmış baletlərin, “Journey to Love” monooperasının, “Xütbə, muğam və surə” simfonik əsərlərin müəllifidir. Pianoçu qızı Züleyxa Bağırova-Qarayeva isə İstanbul Dövlət Texniki Universitetinin Türk Klassik Musiqisi Dövlət Konservatoriyası nəzdində mədəniyyət mərkəzinin fortepiano şöbəsinin müdiri kimi fəaliyyət göstərir.
Nəvəsi Əjdər Qarayev babası Əbülfəz bəyin yolunu davam etdirərək həkim-pediatr olub, digər nəvəsi Zülfüqar Bağırov isə saksafon və klarnet ifaçısı kimi ABŞ-də caz musiqisini yaşadır. Stenddə ailədaxili məktublar, xüsusilə Züleyxa xanımın atasına yazdığı duyğulu məktub, Qara və Fərəc Qarayevlərin 1970-ci ildə “Qoyya” filminin musiqisi üzərində birgə işləyərkən çəkilmiş fotoları sənət ardıcıllığının ən gözəl sübutudur. Ailə fotoları, məktublar, şəxsi arxiv sənədləri bu böyük nəslin intellektual və mədəni mühitini nümayiş etdirir.
Ekspozisiyada Qara Qarayevin həyat və yaradıcılığına dair xronologiya da yerləşdirilib. Burada müxtəlif görkəmli şəxslərin bəstəkar haqqında fikirləri də təqdim olunur. Bu fikirləri oxuduqca anlayırsan ki, Qara Qarayev yalnız Azərbaycan musiqisinin deyil, bütöv XX əsr musiqi düşüncəsinin ən böyük simalarından biri idi.
Qara Qarayevin ev-muzeyi yalnız eksponatların toplandığı məkan deyil. Bu muzey Azərbaycan musiqi tarixinin canlı ensiklopediyasıdır. Burada yalnız bir bəstəkarın həyatı yox, bütöv bir dövrün düşüncəsi, estetikası və mədəni yaddaşı yaşayır.
P.S. Layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Qara Qarayev ev-muzeyinin rəhbərliyinə təşəkkür edirik!
09:38 09.06.2026
Oxunuş sayı: 77