Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq hüquqi müstəvidə sənədlər hazırlanmalıdır - Ekspert
Qərbi Azərbaycana qayıdış məsələsi son illərdə Azərbaycanın siyasi və ictimai gündəmində xüsusi yer tutan mövzulardan biridir. Vaxtilə indiki Ermənistan ərazisində yaşamış yüz minlərlə azərbaycanlının müxtəlif dövrlərdə doğma yurdlarından deportasiya edilməsi bu gün təkcə tarixi ədalət deyil, həm də fundamental insan hüquqları kontekstində müzakirə olunur. Rəsmi Bakı Qərbi Azərbaycandan çıxarılmış soydaşlarımızın təhlükəsiz, ləyaqətli və dinc şəkildə öz ata-baba torpaqlarına qayıtmaq hüququnun beynəlxalq normalar çərçivəsində təmin edilməsinin vacibliyini vurğulayır.
Mövzu ətrafında aparılan müzakirələr göstərir ki, Qərbi Azərbaycana qayıdış təkcə keçmişin deyil, həm də regionun gələcəyinin məsələsidir. Ekspertlərin fikrincə, bu prosesin reallaşması Cənubi Qafqazda uzunmüddətli sülhün, etimadın və birgəyaşayış mühitinin formalaşmasına töhfə verə bilər. Bununla yanaşı, deportasiya faktlarının araşdırılması, tarixi irsin qorunması və qayıdış hüququnun beynəlxalq müstəvidə tanıdılması istiqamətində görülən işlər mövzunu aktuallığını qoruyan mühüm məsələlərdən birinə çevirib.

Məsələ ilə bağlı hərbi-siyasi ekspert Telman Qasımov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Qərbi azərbaycanlıların məsələsi hələ bu cəmiyyət formalaşmazdan xeyli əvvəl, uzun illər, 30 ildən artıq müddətdə mənim fəaliyyət istiqamətlərimdən biri olmuşdur. Qarabağ və Qərbi Azərbaycana qayıdış istiqamətində də mənim müəyyən fəaliyyətim olmuşdur və bu sahəni yaxşı bilirəm. Ən əsas görüləcək işlərdən biri hüquqi aspektdə, xüsusilə beynəlxalq hüquqi müstəvidə sənədlərin hazırlanmasıdır. Eyni zamanda Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı müvafiq beynəlxalq qurumlara və təşkilatlara sənədlərin təqdim olunması vacib istiqamətlərdən biridir.Digər tərəfdən, fəaliyyətin davamlılığı da mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi, sənədli filmlərin hazırlanması, kitabların yazılması, tarixi materialların toplanması və canlı şahidlərin ifadələrinin sənədləşdirilməsi zəruridir. Çünki gələcək üçün bu materialların qorunub saxlanılması xüsusi önəm daşıyır. Artıq həmin hadisələrdən 38 ilə yaxın vaxt keçib. Orta nəslin nümayəndələri tədricən dünyasını dəyişir, canlı tarix daşıyıcıları azalır. Yeni nəsil isə həmin bölgələri görməyib və orada baş verən hadisələr haqqında birbaşa təsəvvürə malik deyil".
O bildirib ki, canlı şahidlərin xatirələri əsasında sənədli filmlərin hazırlanması, onların arxivləşdirilməsi və gələcək nəsillər üçün qorunub saxlanılması vacibdir: "Ermənilərin bu sahədə apardığı fəaliyyət nümunə kimi göstərilir; onlar müxtəlif ölkələrdə ailələrlə əlaqə quraraq öz narrativlərini əks etdirən filmlər hazırlayır və arxivləşdirirlər. Bu səbəbdən, belə tədbirlərin davamlı və sistemli şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Hazırda sülh müqaviləsinin imzalanması ərəfəsində gediş-gəlişin yaranması, heyətlərin qarşılıqlı səfərləri müşahidə olunur. Lakin eyni zamanda Ermənistan daxilində, xüsusilə radikal müxalifət tərəfindən müəyyən narahatlıqlar ifadə edilir. Onlar Qərbi Azərbaycanlıların, təxminən 500 minə yaxın insanın öz doğma yurdlarına qayıdışı məsələsindən narahatlıq keçirirlər və bunu siyasi müstəvidə müzakirə edirlər. Bununla belə, ümumi istiqamət dövlət rəhbərliyi tərəfindən müəyyən edilmiş yol xəritəsinə əsaslanır və fəaliyyətlər də həmin çərçivədə davam etdirilməlidir. Başqa alternativ yol yoxdur. Bu proseslərin nəticəsi isə görüləcək işlərin səviyyəsindən asılıdır. İlk növbədə beynəlxalq sənədlərin hazırlanması, arxiv materiallarının beynəlxalq standartlara uyğun formalaşdırılması, həmçinin kənd-kənd, rayon-rayon müraciətlərin və sənədlərin toplanması vacibdir. Məqsəd ondan ibarətdir ki, insanlar öz doğma torpaqlarına qayıtmaq istəyini hüquqi və sənədli əsaslarla ifadə edə bilsinlər. Çünki onların mülkləri, evləri və torpaqları həmin ərazilərdə qalıb. Nəticə etibarilə, bu işlərin uğuru bizim bu istiqamətdə hansı səviyyədə və nə qədər sistemli fəaliyyət göstərə bilməyimizdən birbaşa asılıdır".
Elmir Heydərli
15:52 04.06.2026
Oxunuş sayı: 76