Ermənistanda bir dövr qapanır: Azərbaycan bütün ssenarilərə hazır olmalıdır
İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə ölkədaxili siyasi mübarizənin deyil, həm də Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinin müəyyənləşməsi baxımından mühüm hadisə hesab olunur. Baş nazir Nikol Paşinyan rəhbərlik etdiyi hakim "Mülki Müqavilə" partiya ilə növbəti dəfə hakimiyyəti qorumağa çalışarkən, seçkilər Ermənistanın Rusiya ilə ənənəvi münasibətləri və Qərbə inteqrasiya kursu arasında seçim kimi də qiymətləndirilir. Son aylarda həm daxili siyasi gərginliyin, həm də xarici təsirlərlə bağlı müzakirələrin artması səsverməyə olan marağı daha da yüksəldib.
Ekspertlərin fikrincə, bu seçkilərin nəticələri Ermənistanın Azərbaycanla sülh prosesinə, regionda nəqliyyat-kommunikasiya layihələrinə və İrəvanın xarici siyasət prioritetlərinə birbaşa təsir göstərə bilər. Hakimiyyət sülh gündəmini və iqtisadi inkişaf vədlərini önə çıxarsa da, müxalifət təhlükəsizlik məsələləri və ölkənin geosiyasi istiqaməti üzərindən seçici dəstəyi qazanmağa çalışır. Məhz buna görə də iyunun 7-də keçiriləcək səsvermə Ermənistanın yaxın illərdə hansı siyasi və strateji xətti seçəcəyinə dair mühüm referendum kimi dəyərləndirilir.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Crossmedia.az-la öz fikirlərini bölüşüb:
— Ermənistanda seçkilərə az müddət qalıb. Bu qısa müddətdə hər hansı kütləvi etirazlar, iğtişaşlar və ya siyasi təxribatların baş verməsi ehtimalını necə qiymətləndirirsiniz?
— Hazırda belə bir ssenarinin baş verməsi çox inandırıcı görünmür. Əgər bu istiqamətdə ciddi planlar olsaydı, indiyədək müəyyən əlamətləri müşahidə etmək mümkün olardı. Bununla belə, seçki kampaniyasının kifayət qədər gərgin keçəcəyi hiss olunur. Mövcud vəziyyətdə Baş nazir Nikol Paşinyanın qalib gəlmək ehtimalı daha yüksək görünür. Ermənistan cəmiyyətində müəyyən parçalanma olsa da, xüsusilə gənc nəsil arasında Qərbə inteqrasiya və Avropa yönümlü siyasətə dəstək hiss olunur. Digər tərəfdən, Rusiyaya yaxın siyasi qüvvələrin də müəyyən elektoratı mövcuddur. Son dövrlərdə Moskva ilə İrəvan arasında müşahidə olunan yumşalma cəhdləri, o cümlədən Kreml rəhbəri Vladimir Putinin Ermənistan baş naziri Vladimir Paşinyanı ad günü münasibətilə təbrik etməsi də münasibətlərin tam qırılmasının qarşısını almağa hesablanmış addım kimi qiymətləndirilə bilər.
— Seçkilərdə hakimiyyətin mövqeyini qoruması və ya müxalifətin güclənməsi halında İrəvanın Bakı ilə münasibətlərində hansı dəyişikliklər gözlənilə bilər?
— Paşinyan hakimiyyətinin davam etməsi halında Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesinin və sülh gündəliyinin müəyyən çətinliklərlə də olsa davam etdirilməsi ehtimalı daha yüksəkdir. Lakin müxalif qüvvələrin hakimiyyətə gəlməsi vəziyyəti köklü şəkildə dəyişə bilər. Bu halda Azərbaycanla sülh sazişinin imzalanması prosesi dayanacaq, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması ilə bağlı məsələlər yenidən müzakirə predmetinə çevriləcək. Eyni zamanda regionda gərginliyin artması ehtimalı da yüksələcək.
— Ermənistan cəmiyyətində Azərbaycanla normallaşma və sülh gündəminə münasibət hansı səviyyədədir və bu amil seçkilərin nəticələrinə təsir göstərə bilərmi?
— Ermənistan cəmiyyəti bu məsələdə tam vahid mövqedən çıxış etmir. Bir qrup Azərbaycanla münasibətlərin normallaşmasını və regionda uzunmüddətli sabitliyin təmin olunmasını vacib hesab edir. Xüsusilə gənclər arasında Avropa inteqrasiyası və regional əməkdaşlıq ideyalarına maraq daha çox hiss olunur. Digər qrup isə daha sərt və ənənəvi mövqedən çıxış edir. Bu baxımdan sülh prosesi və Azərbaycanla münasibətlər seçki kampaniyasının əsas müzakirə mövzularından biri olacaq və nəticələrə müəyyən təsir göstərə bilər.
— Seçkilərdən sonra Ermənistanın regional siyasətində, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində yeni mərhələnin başlanması ehtimalını necə qiymətləndirirsiniz?
— Bu, ilk növbədə seçkilərin nəticəsindən asılı olacaq. Əgər hazırkı hakimiyyət mövqeyini qoruyarsa, Azərbaycan və Türkiyə ilə normallaşma prosesinin davam etməsi ehtimalı yüksəkdir. Lakin müxalif qüvvələrin hakimiyyətə gəlməsi Cənubi Qafqazdakı geosiyasi mənzərəni ciddi şəkildə dəyişə bilər. Bu halda Ermənistanın Rusiyaya daha yaxın siyasət yürütməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri aktivləşdirməsi və regiondakı proseslərə fərqli yanaşma sərgiləməsi mümkündür. Belə bir ssenari Azərbaycan-Ermənistan sülh danışıqlarının gələcəyini sual altına qoya və regionda yeni gərginlik riskləri yarada bilər. Buna görə də həm regional aktorlar, həm də Azərbaycan bütün mümkün ssenarilərə hazır olmalıdır.
Elmir Heydərli
17:45 04.06.2026
Oxunuş sayı: 64