Marukyan: Paşinyanın üçüncü müddətə seçilməsi Ermənistanda avtoritarizmi gücləndirəcək
Ermənistanda “Maariflənmiş Ermənistan” Partiyasının lideri Edmon Marukyan Baş nazir Nikol Paşinyanın üçüncü müddətə hakimiyyətdə qalmasının ölkədə avtoritar idarəçiliyin möhkəmlənməsinə səbəb olacağını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Marukyan hökumət binası qarşısında keçirilən təşviqat tədbiri zamanı çıxış edərək qeyd edib ki, hazırda Ermənistanda mövcud olan yarımavtoritar idarəetmə modeli gələcəkdə tam avtoritar rejimə çevrilə bilər.
Siyasətçinin sözlərinə görə, ölkə konstitusiyasına əsasən baş nazir eyni zamanda polis sisteminin rəhbəri hesab olunur və buna görə də ölkədə baş verən zorakılıq hallarına görə siyasi məsuliyyət daşıyır.
Marukyan hüquq-mühafizə orqanlarını seçici yanaşmada ittiham edib. O bildirib ki, hakimiyyət nümayəndələri ilə bağlı insidentlərə operativ reaksiya verildiyi halda, müxalifət fəallarına qarşı baş verən hadisələrin araşdırılması aylarla davam edir, bəzi hallarda isə nəticəsiz başa çatır.
O, bu yanaşmanı kəskin şəkildə pislədiklərini vurğulayaraq, məsul şəxsləri zorakılıq hallarının qarşısını almağa çağırıb.
15:12 04.06.2026
Oxunuş sayı: 47