MEK tanınmış alim Şahbaz Muradovun biblioqrafik göstəricisini hazırlayıb
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmlər doktoru, professor Şahbaz Muradovun 85 illik yubileyi münasibətilə biblioqrafik göstəricisi nəşr olunub. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında "Elm" nəşriyyatında işıq üzü görən biblioqrafik göstərici görkəmli alimin həyat və fəaliyyətinin bütün sahələrini əks etdirir.
MEK-dən Crossmedia.az-a bildirilib ki, kitabda zəngin elmi yaradıcılıq yolu keçmiş Şahbaz Muradovun əsərləri, elmi və publisistik məqalələri, redaktə etdiyi, rəy verdiyi əsərlər, iştirak etdiyi beynəlxalq, regional və respublika səviyyəli konfranslar, həmçinin rəhbərlik etdiyi dissertantlar və s. haqqında məlumatlar yer alır. Azərbaycan iqtisad elmi məktəbinin inkişafında və formalaşmasında müstəsna xidmətləri olan Şahbaz Muradovun 70-dən çox elmi əsəri Rusiya, Orta Asiya, Avropa və Amerikanın reytinqli elmi jurnallarında dərc olunub.
AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən “Görkəmli elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Təranə Rüstəmovadır.
Biblioqrafiya iqtisadiyyatçılar, bu sahədə təhsil alan tələbələr və gənc elmi tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.
17:56 04.06.2026
Oxunuş sayı: 58