Fərhad Quliyev: Dövlət başçısının süni intellekt və rəqəmsallaşma ilə bağlı qarşıya qoyduğu strateji vəzifələrin həyata keçirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir
2021–2022-ci illərdə Qarabağda cəmi bir neçə ekspedisiya fəaliyyət göstərdiyi halda, hazırda Ağdam, Xocalı, Xocavənd, Əskəran və Zəngilan daxil olmaqla müxtəlif bölgələrdə arxeoloji tədqiqatların miqyası əhəmiyyətli dərəcədə genişlənib. Bununla belə, ərazilərdə geniş yayılmış mina təhlükəsi tədqiqatların aparılmasına maneə yaradan əsas amil olaraq qalır.
Bu fikirləri AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev AMEA Arxeologiya və Antropologiya İnstitutunda 2026-cı il arxeoloji və antropoloji çöl tədqiqat mövsümünün açılış mərasimində çıxışı zamanı səsləndirib.
O, bildirib ki, arxeoloji və antropoloji çöl tədqiqat mövsümünün açılış mərasimi ilə bağlı tədbirlərin keçirilməsi bundan sonra da davam etdiriləcək. Çöl tədqiqatlarının həm başlanğıcında, həm də yekununda əldə olunan nəticələr ictimaiyyətə təqdim olunacaq. Artıq bir sıra ekspedisiyalar, o cümlədən Naxçıvanda Xaraba Gilan və Şahtaxtı ərazilərində fəaliyyətə başlayıb, digər ekspedisiyalar isə mərhələli şəkildə işə cəlb olunur.
Direktor bu istiqamətdə həyata keçirilən layihələrin elmi aktuallığı və tarixi əhəmiyyətini önə çəkərək bildirib ki, institutun tədqiqat proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Zəngilanda, eləcə də Ağstafa və Qəbələdə arxeoloji araşdırmalara başlanılır. Bu tədqiqatlar Azərbaycanın tarix öncəsi və ilk dövlətçilik dövrü, antik və erkən orta əsrlər, Albaniya və Atropatena mədəniyyəti, orta əsr müsəlman şəhərlərinin arxeologiyası, həmçinin antropoloji araşdırmalar kimi mühüm istiqamətləri əhatə edəcək.
Araşdırmaların tam açıq və şəffaf xarakter daşıdığını vurğulayan Fərhad Quliyev onların Azərbaycanın tarixi və maddi-mədəni irsinin öyrənilməsinə xidmət etdiyini bildirib. Direktor media nümayəndələri və vətəndaş cəmiyyəti institutlarını tədqiqat nəticələrini geniş şəkildə işıqlandırmağa, gənclərin arxeologiya və antropologiya sahələrinə marağının artırılmasına dəstək verməyə çağırıb.
İnstitutun fəaliyyətinin Azərbaycan dövlətinin elmi və mədəni irsin qorunması sahəsində həyata keçirdiyi siyasətə uyğun şəkildə qurulduğunu bildirən Fərhad Quliyev əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərin tarixi-mədəni irsinin öyrənilməsi də qarşıda duran mühüm vəzifələrdən biridir.
O, hazırda Şuşa və Xankəndidə ilkin kəşfiyyat işlərinin həyata keçirildiyini, tarixi abidələrin müəyyənləşdirildiyini və gələcək qazıntıların təşkili üçün elmi proqramların hazırlandığını diqqətə çatdırıb. Həmçinin institutun işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən digər dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini deyib. Bildirib ki, əsas məqsəd prioritet istiqamətlərdə tədqiqatlar aparmaq və əldə olunan nəticələr əsasında cəmiyyətə etibarlı, obyektiv məlumat təqdim etməkdir.
Fərhad Quliyev çıxışında Azərbaycan tarixşünaslığı qarşısında duran vəzifələrin həyata keçirilməsində AMEA-nın elmi müəssisə və təşkilatlarının birgə fəaliyyətinin rolunu da qeyd edib. Vurğulayıb ki, Azərbaycanın qədim dövr tarixinin araşdırılması Arxeologiya və Antropologiya İnstitutunun əsas fəaliyyət istiqamətlərindən biridir və bu sahədə Tarix və Etnologiya İnstitutu ilə əməkdaşlıq uğurla davam etdirilir: “Son illərdə hər iki institutun əməkdaşları ekspedisiyalarda birgə iştirak edir, ümumi elmi məqsədlərin reallaşdırılması istiqamətində koordinasiyalı fəaliyyət göstərirlər. İnstitutun strateji hədəflərindən biri də elmi fəaliyyətin rəqəmsal mühitə inteqrasiyasını sürətləndirmək və müasir texnologiyaların tətbiqini genişləndirməkdir”.
Dövlət başçısının süni intellekt və rəqəmsallaşma ilə bağlı qarşıya qoyduğu strateji vəzifələrdən danışan Fərhad Quliyev AMEA-da bu istiqamətdə geniş müzakirələrin aparıldığını, yeni müvafiq struktur bölmələrin yaradıldığını deyib. Bildirib ki, gələcəkdə arxeoloji tədqiqatlarda rəqəmsal metodların geniş tətbiqi əsasında yeni yanaşmaların formalaşdırılması, daha yüksək elmi nəticələrin əldə edilməsi üçün müasir texnologiyalardan geniş istifadə imkanlarının yaradılması nəzərdə tutulur.
“Müasir avadanlıqlardan istifadə bacarıqlarına malik mütəxəssislərin çatışmazlığı əsas problemlərdən biridir”, – deyən direktor bu səbəbdən institutda innovativ, rəqəmsal bilik və bacarıqlara malik gənc kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini, onların rəqəmsal texnologiyalarla işləmək bacarıqlarının artırılması istiqamətində tədbirlərin həyata keçirildiyini söyləyib.
O, çıxışı zamanı institut əməkdaşlarının beynəlxalq elmi nəşrlərdə fəallığından da bəhs edib. Qeyd edib ki, Scopus, Web of Science kimi nüfuzlu beynəlxalq elmi bazalarda, o cümlədən yüksək istinad indeksli nəşrlərdə ən çox məqalə dərc etdirən institutlardan biri məhz Arxeologiya və Antropologiya İnstitutudur. Belə ki, ötən il institut əməkdaşlarının 35 məqaləsi müxtəlif beynəlxalq elmi bazalarda indeksləşdirilib. Bu isə aparılan tədqiqatların dünya elmi ictimaiyyətinə təqdim olunması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm göstəricidir.
Fərhad Quliyev institutun maddi-texniki bazasının gücləndirilməsi və elmi fondun təkmilləşdirilməsinin vacibliyinə də toxunub. Bildirib ki, əsas prioritetlərdən biri institut nəzdində fiziki antropoloji laboratoriyanın yaradılmasıdır ki, bununla bağlı Türkiyənin Hacettepe və Ankara universitetləri ilə əməkdaşlıq çərçivəsində müəyyən tədbirlər görülür, kadr və təcrübə mübadiləsi aparılır.
Laboratoriyanın yaradılmasının gələcəkdə Azərbaycanın Paleontropoloji Fondunun formalaşdırılması üçün mühüm baza olacağını söyləyən alim Azərbaycanın bu istiqamətdə yüksək potensiala malik olduğunu vurğulayıb.
Direktor nitqinin sonunda Arxeologiya və Antropologiya İnstitutunun qarşılaşdığı problemlərdən danışıb, onların həlli ilə bağlı zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Fərhad Quliyev bu sahəni ölkənin tarixi və mədəni irsinin öyrənilməsi baxımından strateji istiqamət adlandıraraq, çöl tədqiqatlarının xüsusi peşəkarlıq və fədakarlıq tələb etdiyini vurğulayıb.
Arxeologiya və Antropologiya İnstitutunun direktoru
Fərhad Quliyev
16:10 04.06.2026
Oxunuş sayı: 48