Zaxarova: İki stulda oturmaq mümkün deyil
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanla bağlı sərt açıqlamalar verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zaxarova Ermənistanın Rusiya ilə mövcud mübahisəli məsələləri seçkilərdən sonra həll edəcəyi ilə bağlı vədlərinə münasibət bildirib.
O, Moskva–İrəvan münasibətlərinin Ermənistandakı seçkilərdən asılı olmadığını qeyd edərək, “Seçkilərə qədər və ya seçkilər zamanı bunu etmək nəyi dəyişirdi? Bu, gülüncdür”, – deyə bildirib.
Zaxarova Rusiyanın Ermənistanın Avropa İttifaqına və NATO-ya yaxınlaşma prosesini “sürətlənmiş şəkildə güclənən istiqamət” kimi qeydə aldığını vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı ilə bağlı sənədlərində İrəvanın Avrointeqrasiya kursu açıq şəkildə dəstəklənir və bu, Moskva üçün suallar yaradır.
Rusiya rəsmisi, həmçinin Ermənistanın Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində öhdəliklərini yerinə yetirməsi ilə bağlı qeyri-müəyyənlik olduğunu bildirib.
Zaxarova əlavə edib ki, Ermənistan rəhbərliyinin eyni anda iki istiqamətdə siyasət aparmaq cəhdi qəbul edilmir və bu yol heç kimi qane etmir.
O, həmçinin qeyd edib ki, Rusiya Avropa İttifaqına inteqrasiya prosesini maliyyələşdirmək niyyətində deyil və tərəflərin öz seçimlərini açıq şəkildə müəyyən etməli olduqlarını bildirib.
17:32 04.06.2026
Oxunuş sayı: 46