Kazanda Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda fəaliyyət göstərən Xalqlar Dostluğu Evində Azərbaycan Mədəniyyəti Gününə həsr olunan ənənəvi konsert proqramı keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirin açılışında “Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəhram Mustafayev və Tatarıstan Xalqları Assambleyası Şurasının İcraiyyə Komitəsinin rəhbəri Renat Valiullin çıxış edərək Azərbaycan və tatar xalqları arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıblar.
Konsert çərçivəsində ictimai fəallar, müəllimlər və mədəniyyət sahəsinin nümayəndələri mükafatlandırılıblar. Təşkilatın üzvü Günel Nəbiyevaya Tatarıstan Respublikası Dövlət Şurasının Təşəkkür məktubu təqdim olunub.
Tədbirin bədii hissəsində peşəkar ifaçılar, həftəsonu məktəbinin şagirdləri və təşkilatın fəalları çıxış ediblər. Tatarıstanın xalq artisti Marat Qalimov, əməkdar artist Linara Battalova və digərlərinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Müxtəlif xalqların mədəniyyətlərini və ənənələrini bir araya gətirən tədbir dostluq, qarşılıqlı hörmət və həmrəylik ruhunda başa çatıb.
15:43 04.06.2026
Oxunuş sayı: 47