Ermənistandan şok qərar: İxracatçılara tam gömrük kompensasiyası verilir
Ermənistan hökuməti Avropa İttifaqı, Böyük Britaniya və Kanada bazarlarına məhsul ixrac edən istehsalçılara gömrük rüsumlarının tam kompensasiyasını ödəyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, qərar cümə axşamı Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul olunub.
İqtisadiyyat nazirinin müavini Arman Xocoyan bildirib ki, bu kompensasiya proqramı fevral ayından etibarən tətbiq olunur, lakin indiyədək yalnız emal sənayesi məhsullarına şamil edilirdi. Yeni qərarla isə təzə meyvə və tərəvəz ixracı da dəstək proqramına daxil edilib.
Eyni zamanda qeyd olunub ki, bu tədbir bu gün qəbul edilən digər qərarı əvəz etmir. Həmin qərara əsasən, istixana pomidoru, bibər, çiyələk və güllərin ixracı ilə məşğul olan sahibkarlara alternativ bazarlara çıxış üçün əlavə dəstək göstəriləcək.
Məlumatda bildirilir ki, bu addımlar Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər fonunda Ermənistan ixracatçılarının yeni bazarlara yönləndirilməsi məqsədi daşıyır.
17:24 04.06.2026
Oxunuş sayı: 56