Ermənistan-Azərbaycan yaxınlaşması Gürcüstanı zəiflədəcək - Gürcü politoloq
Cənubi Qafqazda geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə Ermənistanın xarici siyasətdə atdığı addımlar diqqətlə izlənilir.
Xüsusilə parlament seçkiləri ərəfəsində Baş nazir Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı həm ölkə daxilində, həm də regionda maraq doğuran hadisələrdən biri kimi qiymətləndirilir. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş siyasəti son illər regional gündəmin əsas mövzularından birinə çevrilib. Mövcud şəraitdə İrəvan-Ankara təmaslarının hansı mesajları verdiyi, seçkiqabağı dövrdə bunun Paşinyanın siyasi mövqeyinə necə təsir göstərə biləcəyi və regionda formalaşan yeni reallıqlara nə dərəcədə təsir edəcəyi sual doğurur.
Mövzunu Crossmedia.az-a şərh edən gürcüstanlı siyasi şərhçi, professor Gia Nodia bildirib ki, Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqlar formalaşır. Region ölkələri arasında münasibətlərin normallaşması uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yarada bilər:

"Bu proseslər fonunda ölkələrin qarşıdurma deyil, dialoq və qarşılıqlı maraqlara əsaslanan siyasət yürütməsi vacibdir. Hesab edirəm ki, yaxın illərdə regionun gələcəyi məhz əməkdaşlıq imkanlarından nə dərəcədə istifadə olunacağından asılı olacaq. Ərdoğanla aparılan danışıqlar və söhbət isə parlament seçkilərinə bir neçə gün qalmış baş verdiyi üçün məhz seçkilər kontekstində qiymətləndirilməlidir .ÇünkiPaşinyan özünü Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının təminatçısı kimi təqdim etmək istəyir. Bu isə Ermənistanı regiondakı faktiki təcrid vəziyyətindən çıxarır və göstərir ki, onun siyasəti sayəsində Ermənistan bütün yaxın qonşuları ilə yaxşı münasibətlər qura bilər. Bu, əlbəttə ki, Ermənistan üçün müsbət haldır. Çünki hər hansı bir ölkənin bütün qonşuları ilə normal və yaxşı münasibətlərə malik olması onun uğurlu inkişafı üçün vacib şərtlərdən biridir".
G.Nodia Gürcüstanın məsələyə reaksiyası barədə fikirlərini bildirib
"Əslində ciddi bir reaksiya yoxdur. Məncə, Gürcüstanın hazırda aydın və ardıcıl regional siyasəti mövcud deyil. Hesab edirəm ki, ölkənin faktiki rəhbəri olan Bidzina Ivanişvili Cənubi Qafqazda baş verən proseslərdən tam razı deyil. Çünki Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşması Gürcüstanın Cənubi Qafqaz üzərindən keçən nəqliyyat-kommunikasiya marşrutlarındakı inhisarçı mövqeyinin zəifləməsi deməkdir. Bu rol hazırkı Gürcüstan hökuməti üçün olduqca əhəmiyyətlidir. Ona görə də regionda gedən bu proseslər və xüsusilə Ermənistanın qonşuları ilə münasibətləri normallaşdırması Gürcüstan rəhbərliyində xüsusi sevinc doğurmur. Bununla belə, heç kim Ermənistanın qonşuları ilə münasibətlərini normallaşdırmasına açıq şəkildə qarşı çıxmaq və ya bunu tənqid etmək imkanına malik deyil".
Fatimə Məmmədova
17:00 04.06.2026
Oxunuş sayı: 68