Pul toplamaq - "dar gün"ə, yoxsa istirahətə?
Pul toplamağın səbəblərindən biri də "dar gün" üçündür. İnsanların əksəriyyəti "çətin zaman olar" deyə pul toplayıb kənara qoyur. "Dar günə" pul toplamaq mövzusunda sosioloq Lalə Mehralı Crossmedia.az-a açıqlama verib.
Sosioloq qeyd edir ki, pul toplamaq xalqın düşüncəsi ilə əlaqədardır:
"Hər bir xalq üçün bu spesifik bir vəziyyətdir. Kimi dar gün üçün, kimi daha yaxşı istirahət üçün, kimi dünyanı gəzmək üçün pul yığır. Hər insan topladığı pulu öz məqsədinə uyğun xərcləyir. Pul toplamaq xalqın düşüncəsi ilə əlaqədardır. Rifah halında yaşayan bir xalq üçün ehtiyat pul istirahət, əyləncə üçündür. Amma, çətin günlər keçirən, ac qalma təhlükəsi olan bir xalq "dar gün"ə həmişə pul yığır".
Sosioloq bildirir ki, iki nəsil arasındaki əsas fərq pulu müxtəlif məqsədlər üçün toplamaqdır:
"Bizim ölkəmizdə də dar günə pul toplayan insanlar var. Əsasən yaşı çox olan insanlar bu adla pul toplayır. Çünki insanlar qorxurlar. 90-cı illərdə baş verən çətinliklər, müharibə şəraitində olan zaman çörək, un çatışmazlığı, ərzaq qıtlığı, eləcədə son illərdə pandemiyada uzun müddət evdə qalmaq qorxuya səbəblərdir. Yenə belə hallar baş verər deyə, insanlar hər zaman "dar günə"ə pul yığırlar. Amma, gənc nəsil pulu çətinliyə görə yox, istirahət, əyləncə üçün yığır. İki nəsil arasındaki əsas fərq elə budur".
Sosioloq qeyd edir ki, insan hər zaman yaxşı məqsədlər üçün pul toplamalıdır:
"İnsanlar unudurlar ki, nə düşünürsənsə, kainata nə mesaj ötürürsənsə başına elə o gəlir. Bir iş görəndə yaxşı fikirlə etmək lazımdır. Pul yığan zaman da bu qaydaya riayət olunmalıdır. Şüuraltında nə düşünürüksə qarşımıza da o çıxır. Hər zaman yaxşı məqsədlər üçün pul yığmaq lazımdır".
Zeynəb Mustafazadə
07:14 18.12.2024
Oxunuş sayı: 6340