ABŞ-İran qarşıdurması təkcə iki ölkə ilə məhdudlaşmır- Müsahibə
ABŞ və İran arasında aylardır davam edən gərgin qarşıdurmanın diplomatik həllinə dair yeni siqnallar verilir. Vaşinqton və Tehran arasında aparılan danışıqların nəticəsi olaraq anlaşma memorandumunun yaxın günlərdə yekunlaşa biləcəyi barədə açıqlamalar regionda diqqətlə izlənilir. Xüsusilə ABŞ Prezidenti Donald Trampın sənədin gələn həftənin əvvəlində təsdiqlənə biləcəyini bildirməsi tərəflərin uzun sürən münaqişənin siyasi həlli istiqamətində müəyyən irəliləyiş əldə etdiyinə işarə kimi qiymətləndirilir.
Bununla belə, tərəflər arasında hələ də həllini tapmayan mühüm məsələlər mövcuddur. Hörmüz boğazına nəzarət, İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi, sanksiyaların ləğvi və dondurulmuş aktivlərin sərbəst buraxılması danışıqların əsas müzakirə predmetləri olaraq qalır. Qlobal enerji bazarlarına ciddi təsir göstərən bu qarşıdurmanın diplomatik yolla həll olunub-olunmayacağı isə təkcə regionun deyil, beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə Bakı Dövlət Universitetinin professoru, politoloq Əlmusa İbrahimov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

— ABŞ və İran arasında mümkün anlaşma memorandumunun imzalanması Yaxın Şərqdə təhlükəsizlik balansına və regional qüvvələr nisbətinə necə təsir göstərə bilər?
— Əlbəttə ki, ABŞ ilə İran arasında nəzərdə tutulan anlaşma memorandumunun imzalanması ciddi geosiyasi hadisə hesab oluna bilər. Çünki bu, uzun müddətdir davam edən qarşıdurmanın hərbi müstəvidən siyasi-diplomatik müstəviyə keçməsi deməkdir. Belə bir sənədin imzalanması ilk növbədə tərəflər arasında birbaşa qarşıdurma risklərini azalda, eyni zamanda Yaxın Şərqdə ümumi təhlükəsizlik mühitinin sabitləşməsinə töhfə verə bilər.
Burada vacib məqam ondan ibarətdir ki, ABŞ-İran qarşıdurması təkcə iki ölkə ilə məhdudlaşmır. Regionun əksər dövlətləri bu və ya digər formada həmin qarşıdurmanın təsiri altındadır. Buna görə də memorandumun imzalanması region ölkələrinin də gərginlikdən uzaqlaşmasına və diplomatik proseslərə daha çox üstünlük verməsinə şərait yarada bilər.
Lakin qeyd etmək lazımdır ki, memorandumun imzalanması müharibənin və ya bütün problemlərin birdəfəlik həlli demək deyil. Bu, sadəcə olaraq tərəflərin danışıqlar masasına əyləşməsi və mövcud problemləri hərbi üsullarla deyil, siyasi vasitələrlə həll etməyə çalışması üçün başlanğıc mərhələsidir. Regional qüvvələr balansına təsirin real nəticələri isə yalnız müəyyən müddət keçdikdən və konkret razılaşmalar əldə olunduqdan sonra görünə bilər.
— Hörmüz boğazına nəzarət məsələsi niyə tərəflər arasında ən çətin müzakirə mövzularından biri hesab olunur. Bu problemin həlli qlobal enerji bazarlarına hansı təsirləri göstərə bilər?
— Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin əsas arteriyalarından biridir. Dünyada ixrac olunan neftin və mayeləşdirilmiş təbii qazın mühüm hissəsi məhz bu marşrut vasitəsilə daşınır. Bu səbəbdən boğaz üzərində nəzarət məsələsi ABŞ və İran arasında ən həssas müzakirə mövzularından biri olaraq qalır.
İran uzun illərdir ki, mümkün hərbi eskalasiya zamanı Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə edə biləcəyini bəyan edir. Son dövrlərdə isə boğazdan keçən gəmilərdən ödəniş alınması və ya keçidlərin məhdudlaşdırılması kimi variantlar da gündəmə gəlib. ABŞ isə bu marşrutun beynəlxalq ticarət üçün açıq qalmasında maraqlıdır.
Əgər tərəflər bu məsələdə razılıq əldə edə bilsələr, bu, qlobal enerji bazarlarında sabitliyin bərpasına, neft qiymətlərinin kəskin dalğalanmalarının qarşısının alınmasına və beynəlxalq daşımalarda risklərin azalmasına səbəb ola bilər. Əks halda isə Hörmüz boğazı gələcəkdə də geosiyasi təzyiq aləti olaraq qalacaq.
— İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması və sanksiyaların aradan qaldırılması arasında hansı siyasi və strateji əlaqə mövcuddur?
— ABŞ üçün əsas məsələlərdən biri İranın nüvə proqramının məhdudlaşdırılmasıdır. Xüsusilə İranın əlində olduğu bildirilən yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları Vaşinqton tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir.
ABŞ hesab edir ki, bu ehtiyatlar gələcəkdə nüvə silahı istehsalına yaxınlaşmaq üçün texniki baza yarada bilər. Buna görə də Vaşinqton həmin uranın ölkədən çıxarılmasını və ya zənginləşdirmə səviyyəsinin aşağı salınmasını əsas şərtlərdən biri kimi irəli sürür.
Digər tərəfdən, Tehran sanksiyaların ləğvini iqtisadi dirçəliş üçün vacib hesab edir. Buna görə də uran məsələsi, nüvə proqramı, Hörmüz boğazı və regional təhlükəsizlik məsələləri bir-biri ilə əlaqəli şəkildə müzakirə olunur. Hesab edirəm ki, bu problemlərdən yalnız birinin həlli sanksiyaların tam aradan qaldırılması üçün kifayət etməyəcək. Tərəflər daha çox kompleks razılaşma modelinə üstünlük verəcəklər.
— Əgər memorandum gələn həftə yekunlaşarsa, bu, ABŞ-İran münasibətlərində uzunmüddətli normallaşmanın başlanğıcı olacaq, yoxsa yalnız müvəqqəti siyasi razılaşma kimi qalacaq?
— Düşünürəm ki, memorandumun imzalanması avtomatik olaraq münasibətlərin normallaşması anlamına gəlmir. ABŞ və İran arasında onilliklər ərzində formalaşmış ciddi etimad problemi mövcuddur və bu problemi bir sənədlə aradan qaldırmaq mümkün deyil.
Memorandum daha çox gələcək danışıqlar üçün hüquqi və siyasi baza rolunu oynaya bilər. Əgər sonrakı mərhələdə nüvə proqramı, regional təhlükəsizlik, sanksiyalar və digər mübahisəli məsələlər üzrə real nəticələr əldə olunarsa, o zaman münasibətlərin mərhələli şəkildə normallaşmasından danışmaq mümkün olacaq.
Bu səbəbdən memorandumun özü yox, onun ardınca gələcək danışıqların nəticələri əsas göstərici hesab olunmalıdır. Hazırkı mərhələdə bunu daha çox münaqişənin idarə olunmasına yönəlmiş siyasi mexanizm kimi qiymətləndirmək olar.
— İran şərt qoymuşdu ki, razılaşma üçün əvvəlcə Livanda atəşkəs olmalıdır. Bu nə qədər realdır?
— İranın Livandakı vəziyyəti danışıqlar gündəliyinə daxil etmək cəhdi tamamilə gözlənilən addımdır. Tehran hesab edir ki, regional təhlükəsizlik yalnız İranın nüvə proqramı və ya ABŞ-la münasibətləri çərçivəsində deyil, həm də Livan, Yəmən, İraq və digər istiqamətlər üzrə qiymətləndirilməlidir.
Son dövrlərdə Livanla bağlı diplomatik fəallığın artması, ABŞ administrasiyasının İsrailə təmkin çağırışları etməsi və bölgədə hərbi əməliyyatların məhdudlaşdırılması istiqamətində təşəbbüslərin ortaya çıxması göstərir ki, bu məsələ müəyyən dərəcədə danışıqların bir hissəsinə çevrilib.
Bununla belə, Livanda tam və uzunmüddətli atəşkəsin əldə olunması yalnız İranın istəyi ilə mümkün deyil. Burada İsrail, Livan, Hizbullah və digər regional aktorların mövqeləri də mühüm rol oynayır. Buna görə də Livan məsələsinin razılaşmanın ilkin şərti kimi tam şəkildə həll olunması çətin görünür. Lakin tərəflərin ümumi danışıqlar paketinin bir hissəsi kimi bu istiqamətdə müəyyən kompromislərə getməsi mümkündür.
Elmir Heydərli
16:22 03.06.2026
Oxunuş sayı: 53