Sosium

Restoranların yüksək musiqi səsi qanun pozuntusudur

Restoranlar və digər ictimai obyektlərdə musiqi səsinin həddindən artıq yüksək olması, xüsusən ətrafdakı yaşayış ərazilərində yaşayan insanlar üçün narahatlıq yaradır. Bu vəziyyət, sakinlərin gündəlik həyatlarını və rahatlığını ciddi şəkildə poza bilir. Bəs musiqi səviyyəsinin tənzimlənməsi ilə bağlı yerli qanunvericilikdə hansı tələblər mövcuddur? 

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a açıqlamasında bildirib ki, ətraf mühitin səs-küylə çirkləndirilməsi ekoloji inzibati xətadır:

"Bu sahəni tənzimləyən, ətraf mühitə və insan sağlamlığına təsir göstərən vibrasiya və səs-küy çirklənməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tərtib olunmuş normalar var. Həmin normalar Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il tarixli fərmanı ilə təsdiqlənmişdir.

Həmin normalarda daimi səs-küy, texniki səs-küy, eləcə də iaşə obyektlərində yaranan səs-küyün desibellərlə ölçülən normaları mövcuddur. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarələri tərəfindən müəyyən yoxlamalar aparılır və müasir texniki avadanlıqlarla səs-küy səviyyəsi ölçülür. Əgər ölçülən səs-küy normada göstərilən desibeldən yüksək olarsa, bununla bağlı inzibati qaydada pozuntu rəsmiləşdirilir.

Qeyd edim ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insan sağlamlığına təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə: Fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 1500 manatdan 3500 manata qədər, hüquqi şəxslər isə 8000 manatdan 10,000 manata qədər məbləğdə cərimə edilirlər".

Elnurə Kərimova

06:10 18.12.2024

Oxunuş sayı: 4831

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR