Geosiyasi vəziyyət dəyişir: ABŞ əsas diqqəti Çin ilə rəqabətə və Asiya-Sakit okean bölgəsinə yönəldir
Müasir qlobal təhlükəsizlik memarlığının sütunu hesab olunan NATO, daxili fikir ayrılıqları və maraqlar toqquşmasının ən mürəkkəb dövrünü yaşayır. Alyansın vahid Rusiya strategiyası, Macarıstanın Budapeşt-Moskva xəttində yürütdüyü fərqli xarici siyasət və strateji gecikdirmə gedişləri səbəbindən ciddi şəkildə sınağa çəkilir. Digər tərəfdən, hərbi xərclərin böyük hissəsini çiynində daşıyan ABŞ-ın daxili siyasi dəyişiklikləri və Avropaya qarşı "yük bölgüsü" təzyiqləri ittifaqdaxili etimadı zəiflədir. Vaşinqtonun diqqətini getdikcə Çin mərkəzli Asiya-Sakit okean regionuna yönəltməsi isə NATO-nun ənənəvi Avropa foksu ilə dərin strateji ziddiyyət yaradır. Üstəlik, Fələstin-İsrail münaqişəsi kimi qlobal böhranlara fərqli yanaşmalar, Tramp və Bayden doktrinaları arasındakı kəskin fərqlər üzv dövlətləri vahid cəbhədə birləşməkdən uzaqlaşdırır. Türkiyənin balanslaşdırılmış mövqeyi, fərqli coğrafiyalardakı maraq toqquşmaları və qlobal işğal ritorikası təşkilatın yekdil qərar qəbul etmə mexanizmini iflic vəziyyətinə gətirir. Nəticədə, daxili etibarsızlıq, geosiyasi prioritetlərin parçalanması və milli maraqların kollektiv təhlükəsizlikdən üstün tutulması müasir NATO-nu parçalanma riskləri ilə üz-üzə qoyur.
Məsələ ilə bağlı hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Crossmedia.az-a açıqlama verib. O, bu məsələdə Macarıstanla bağlı yaranmış problemlərin də rol oynadığını bildirib.

"Macarıstan hökuməti uzun müddətdir Rusiya ilə daha yumşaq münasibət saxlayan xətt yürüdür. Bu isə NATO daxilində, xüsusilə Ukrayna müharibəsindən sonra, ciddi fikir ayrılığı yaradır. Çünki NATO-nun ümumi strategiyası Rusiyaya qarşı çəkindirmə və kollektiv müdafiə üzərində qurulub. Macarıstan bəzi hallarda Ukraynaya hərbi və siyasi dəstək paketlərinə daha ehtiyatlı yanaşır və ya gecikdirir. Bu, NATO üzvləri arasında koordinasiyanı çətinləşdirir. NATO-da qərarlar konsensusla qəbul olunur. Macarıstan çox vaxt formal veto qoymasa da, siyasi siqnallarla qərar prosesini ləngidə bilən mövqe sərgiləyir. Bu, digər üzvlərdə narahatlıq yaradır. Bəzi NATO ölkələri Macarıstanın Rusiya ilə yaxın əlaqələrinə görə həssas hərbi və kəşfiyyat məlumatlarının paylaşılmasında daha ehtiyatlı davranır. Bu isə ittifaq daxilində etimad səviyyəsini zəiflədir. Macarıstan 2023–2024 dövründə İsveç və Finlandiyanın NATO üzvlüyü prosesini gec ratifikasiya edən ölkələrdən biri idi. Bu da NATO daxilində “siyasi alət kimi istifadə edilir” tənqidlərinə səbəb olmuşdu. Macarıstan NATO-dan çıxmaq və ya açıq bloklama siyasəti aparmır, amma onun xarici siyasət xətti alyans daxilində “birlikdə hərəkət” prinsipini bəzən zəiflədir və bu da gərginlik yaradır".
Ekspert daha sonra ABŞ-ın NATO ilə son zamanlarda yaşadığı gərginliyə də diqqət çəkib.
"NATO ölkələri ümumi qaydaya görə ümum daxili məhsulun təxminən 2%-ni müdafiəyə ayırmalıdır. ABŞ isə uzun illərdir ittifaqın əsas hərbi və maliyyə yükünü daşıyır. Bu səbəbdən: ABŞ Avropa ölkələrini “az xərcləməkdə” ittiham edir və əvəzində isə Avropa təhlükəsizliyin kollektiv məsuliyyət olduğunu bildirir. Digər problem yük bölgüsü məsələsiylə bağlıdır. ABŞ NATO daxilində hərbi bazaların böyük hissəsini təmin edir, kəşfiyyat və texnologiyada liderdir, operativ müdaxilələrin əsasını təşkil edir. Bu isə Vaşinqtonda belə bir narazılıq yaradır: “niyə biz daha çox ödəyirik?” Strateji mövqe fərqliliyində isə ABŞ əsas diqqəti indi Çin ilə rəqabətə və Asiya-Sakit okean bölgəsinə yönəldir. NATO isə daha çox Avropa təhlükəsizliyi və Rusiya məsələsinə fokuslanır. Bəzi ABŞ administrasiyaları (xüsusilə Tramp dövründə) NATO-nu “köhnəlmiş ittifaq” adlandırmış və üzvləri sərt tənqid etmişdi. Ukrayna müharibəsi kimi hadisələrdə ABŞ və Avropa ölkələri ümumən birlikdə hərəkət etsə də: yardımın həcmi və sürəti, mövzuya yanaşma baxımından fərqlilikləri ortaya çıxır. Yeni üzvlüklə bağlı isə ABŞ genişlənməni dəstəkləsə də, bəzi müttəfiqlər yeni üzvlərin əlavə təhlükəsizlik öhdəlikləri yaradacağını düşünür. Bu da daxili debat yaradır".
Cəlil Xəlilov onu da qeyd edib ki, bu "çatların" meydana gəlməsində siyasi fikir ayrılıqları da mühüm yer tutur.
"Fələstin mövzusunda fikir ayrılığı mövcuddur. Almaniya və Abş kimi qüvvələr İsrail, İngiltərə, Niderland, İspaniya və Fransa kimi qüvvələr Fələstinin müstəqilliyi mövqeyindədirlər. Müharibənin yaratdığı əlavə münaqişələr – Həmas, Hizbullah terror təşkilatları və İranla savaş o cümlədən regionda neft-qaz böhranının yaranma ehtimalı mövzunu NATO daxilində problemə çevirir. Tramp administrasiyasıyla Bayden arasındakı fərqlər də bu mövzunu dərinləşdirir. Eyni mövzu Rusiya – Ukraniya münaqişəsi, ABŞ-ın Venesuelaya müdaxiləsi və Qrenlandiyanı NATO üzvü olan Danimarkadan tələb etməsi fonunda da genişlənməkdədir. Bu mövzularda Qərbi Avropa dövlətləri həmrəylik göstərsə də, Tramp administrasiyasının işğal yönümlü baxışları, Türkiyənin tərəfsizliyi və Macarıstanın Rusiya yönümlü fəaliyyəti ortaq fikrə gəlinə bilməməsinə səbəb olur".
Turqut Ansari
16:24 02.06.2026
Oxunuş sayı: 152