Tramp Türkiyənin gücünü nəzərə alır, Yaxın Şərqdəki həlledici rolunu qəbul edir

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Suriyada baş verəcək hadisələrin açarının Türkiyədə olduğunu bəyan edib. Trampın sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə güclü və ağıllı lider kimi mühüm rol oynayır. Trampın bu açıqlaması, ABŞ-nin Yaxın Şərq siyasətində Türkiyənin roluna xüsusi diqqət yetirildiyini göstərir. Son illər Türkiyə, regionda həm siyasi, həm də hərbi aktivliyi ilə ön plana çıxaraq mühüm oyunçulardan birinə çevrilib. Xüsusilə Suriya münaqişəsi fonunda Türkiyənin sərgilədiyi siyasət ABŞ ilə münasibətlərdə həm əməkdaşlıq, həm də müəyyən fikir ayrılıqları yaradıb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Fərhad Məmmədov bildirib ki, son dövrlərdə Yaxın Şərqdə baş verən hadisələr ABŞ-nin maraqlarına tam uyğun gəlir:
"İranın yaratdığı proksi qüvvələrə ciddi zərbələr endirilib, bəziləri tamamilə aradan qaldırılıb. İsrail Qəzzədə Həmasın infrastrukturunu məhv edir, Livanda Hizbullahın fəaliyyəti zəiflədilib. Suriyada isə Bəşər Əsəd rejiminin çökməsi diqqət mərkəzindədir. Bu proseslərin bir qismi Türkiyənin aktiv siyasəti nəticəsində baş verib. Bu baxımdan Türkiyə Yaxın Şərqdə ABŞ üçün əhəmiyyətli tərəfdaşdır".
Ekspertin sözlərinə görə, ABŞ və Türkiyə arasında geosiyasi maraqlar baxımından həm əməkdaşlıq, həm də ziddiyyətli məqamlar mövcuddur:
"ABŞ Türkiyə ilə ortaq maraqlar əsasında əməkdaşlıq aparmağa çalışır, lakin kürd əsilli qruplaşmalarla bağlı məsələlər ciddi problemlərə səbəb olur. ABŞ bu qrupları dəstəklədiyi halda, Türkiyə onları təhlükə hesab edir və zərərsizləşdirmək üçün fəal əməliyyatlar keçirir. Türkiyə bu qruplaşmaların bölgədə güclənməsinin qarşısını almağa çalışır."
Fərhad Məmmədov qeyd edib ki, Tramp administrasiyasının dövründə ABŞ-nin əsas siyasəti kürd qruplaşmalarının gələcəkdə Suriyanın siyasi proseslərində iştirakının təmin edilməsinə yönəlmişdi:
"Hazırda Türkiyə ABŞ-dən fərqli mövqe nümayiş etdirir və öz milli maraqlarına uyğun hərəkət edir. Bu səbəbdən Tramp Türkiyənin gücünü nəzərə alaraq, onun Yaxın Şərqdəki həlledici rolunu qəbul edir".
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Türkiyənin Suriyadakı həlledici rolunu vurğulaması, Yaxın Şərqdə yeni geosiyasi reallıqlara işarədir. Türkiyə, aktiv siyasəti və güclü ordusu ilə bölgədə mühüm oyunçuya çevrilib və ABŞ üçün əhəmiyyətli tərəfdaş olaraq qalır. Bu səbəbdən, yaxın gələcəkdə ABŞ-Türkiyə əməkdaşlığının istiqaməti və Suriyadakı proseslər hər iki tərəfin maraqları baxımından diqqət mərkəzində olacaq.
Nihat Tahirov
11:59 17.12.2024
Oxunuş sayı: 8045