Azərbaycanın Malayziyadakı səfirliyi paytaxt Kuala-Lumpurda Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş rəsmi qəbul keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Malayziyanın dövlət qurumlarının rəsmiləri, parlament üzvləri, diplomatik nümayəndəliklərin, nüfuzlu ali təhsil ocaqlarının rəhbərləri, Azərbaycan icmasının fəalları, azərbaycanlı tələbələr, media təmsilçiləri, eləcə də Malayziya ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Malayziyanın kommunikasiyalar naziri Ahmad Fahmi Mohamed Fadzil və səfir İrfan Davudov çıxış edərək ölkələrimiz arasında mövcud olan tarixi dostluq əlaqələrindən danışıblar.
Səfir İ.Davudov Azərbaycanın qədim dövlətçilik ənənəsindən və şərəfli müstəqillik tarixindən bəhs edərək, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olaraq qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb. O, cəmi 23 ay mövcud olmuş Cümhuriyyətin xalqımızın müstəqillik əzmini dünyaya nümayiş etdirdiyini diqqətə çatdıraraq, həmin dövrdə dövlət quruculuğunda əldə olunan önəmli nailiyyətləri qeyd edib. Səfir bildirib ki, növbəti illərdə tarixin ağır sınaqlarına baxmayaraq, Azərbaycan xalqı milli özünəməxsusluğunu, milli mənsubiyyətini böyük mübarizələr hesabına qoruyub, 1991-ci ildə öz dövlətçilik irsini yenidən canlandıraraq, Azərbaycan Demokratik Respublikasının varisi kimi müstəqilliyini bərpa edib.
Müstəqilliyin bərpasından sonra keçən dövr ərzində Ulu Öndər Heydər Əliyevin və onun siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun lider dövlətinə, dünya miqyasında sabitliyi, əmin-amanlığı, əməkdaşlığı dəstəkləyən fəal xarici siyasət yürütməsi ilə fərqlənən etibarlı tərəfdaşa çevrildiyi xüsusi qeyd edilib.
Səfir, həmçinin Azərbaycanın son illərdə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, bu günlərdə ölkəmizdə baş tutan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) uğurla təşkil olunduğunu vurğulayıb.
İki ölkə arasındakı münasibətlərinin daha da inkişafı üçün həyata keçirilən tədbirlər barədə danışan diplomat iqtisadi, enerji, turizm, investisiya, humanitar, təhsil kimi sahələrdə mövcud olan potensialın reallaşdırılmasının bütün bu sahələdəki münasibətlərin də siyasi münasibətlərin yüksək səviyyəsinə uyğun səviyyəyə qaldılılmasına imkan yaradacağına inandığını bildirib.
Tədbir ölkəmizin tarixinə və uğurlarına həsr edilmiş filmin nümayişi və ziyafətlə davam edib.