Qurban bayramına həsr edilən tədbir keçirilib
Mayın 27-28-i Ölkəmizdə Qurban bayramı günü kimi qeyd olunur. İdarə və müəssisələrdə, həmçinin, Ordu birləşmələrində bu əziz bayram münasibətilə silsilə tədbirlər keçirilir.
Crossmedia.az xəbər verir ki, bayram tədbirlərindən biri mayın 27- də Bakıda yerləşən "Holliwud" şadlıq sarayında keçirildi. Tədbiri Azərbaycan Respublikası "Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin sədri Aynur İsayeva açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Aynur xanım tədbir iştirakçılarını salamladı. O, qeyd etdi ki, "bayram tədbirinin sonunda I və II Vətən savaşlarında iştirak etmiş döyüşçülərə, həmçinin, şəhid ailələrinə bayram sovqatı təqdim ediləcək. Bu sovqatlar "Şərur MTK" -nın Rəhbəri İsfəndiyar Axundovun adından təqdim olunacaq. İsfəndiyar müəllim sahibkardır, xeyirxah insandır. Bizim böyüyümüz, ağsaqqalımızdır".
"Şərur MTK" nın Rəhbəri İsfəndiyar Axundov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş hər bir insana hörmət və ehtiramını bildirdi. "Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin həmtəsisçiləri - Çingiz Bayramov və Aynur İsayeva Təşəkkürnaməni və qiymətli hədiyyəni hörmətli İsfəndiyar Axundova təqdim etdilər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları-Ceyhun Məmmədov, Rövşən Muradov, "Ahıl və Tənhalara Dəstək" ictimai birliyinin sədri, qabaqcıl təhsil işçisi, "Tərəqqi" medalının mükafatçısı Aynur Zülfüqarova, "Azərbaycan Vətən Müharibəsi Veteranları" ictimai birliyinin sədri Füzuli Rzaquliyev və başqaları çıxış edərək tədbir iştirakçılarına Qurban bayramı münasibətilə öz təbriklərini çatdırdılar. İncəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər.
Tədbirin sonunda müharibənin od-alovundan keçmiş 200 nəfər döyüşçüyə və bir qrup şəhid ailəsinə "Şərur MTK" tərəfindən hazırlanan bayram sovqatları təqdim olundu.
12:00 27.05.2026
Oxunuş sayı: 97