Sosial şəbəkələr sevgi münasibətlərinə necə təsir edir?
Müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib və bu dəyişiklik ailə münasibətlərinə də təsirsiz ötüşmür. İnsanlar artıq ünsiyyətin böyük hissəsini virtual mühitdə qurur, gündəlik həyatlarını sosial mediada paylaşırlar. Bu isə ailədaxili münasibətlərin əvvəlki dövrlərlə müqayisədə fərqli formalaşmasına səbəb olur.
Bir tərəfdən sosial şəbəkələr uzaqda yaşayan ailə üzvlərinin əlaqəsini asanlaşdırır, insanlar arasında ünsiyyəti sürətləndirir. Digər tərəfdən isə sosial mediaya həddindən artıq bağlılıq ailədaxili diqqət və canlı ünsiyyətin azalmasına gətirib çıxarır. Virtual aləmdə yaradılan “ideal həyat” görüntüləri də münasibətlərdə müqayisə, narazılıq və psixoloji gərginlik yarada bilir.
Bütün bunlar göstərir ki, sosial şəbəkələr yalnız ünsiyyət vasitəsi deyil, həm də müasir ailə modelini dəyişdirən əsas amillərdən birinə çevrilib.
Crossmedia.az olaraq mövzu ile bağlı ekspertlərin rəyini öyrəndik.

İngla Kids and Preschool-un direktor müavini, psixoloq Aysu Həsənova bildirib ki, sosial şəbəkələr insanların sevgi anlayışını tamamilə dəyişdirməyib, amma sevgini yaşama formasını ciddi şəkildə dəyişib: "Əvvəllər münasibətlər daha çox iki insan arasında yaşanırdısa, indi çox zaman izləyicilər qarşısında yaşanır. Sevgi hiss olmaqdan bir qədər çıxıb, göstərilən bir şeyə çevrilməyə başlayıb. Əvvəlki dövrdə münasibətlər daha sakit, daha gizli və daha səbirli idi. İnsanlar bir-birini uzun müddət tanıyır, münasibətlər real ünsiyyət üzərində qurulurdu. İndi isə münasibətlərin sürəti artıb. İnsanlar bir-birini tam tanımadan bağlanır, çox tez idealizə edir, sonra isə eyni sürətlə soyuyurlar. Bunun əsas səbəblərindən biri isə sosial medianın münasibətlərin reallığını deyil, seçilmiş və filtrdən keçmiş hissəsini göstərməsidir".
Mütəxəssis vurğulayıb ki, bu gün bir çox insan sevgini artıq hiss etməklə deyil, onun necə göründüyü ilə ölçməyə başlayıb: "Münasibətin sağlam olub-olmamasından çox, "story"də necə göründüyü ön plana keçir. Bəzən insanlar partnyorunun onlara necə davrandığından çox, onları sosial mediada necə paylaşdığına fokuslanırlar. Çünki rəqəmsal təsdiq artıq bir növ emosional dəyər göstəricisinə çevrilib. Sosial media insanlarda davamlı müqayisə hissi yaradır. İnsan öz münasibətini başqa cütlüklərin paylaşdığı ideal görüntülərlə müqayisə edir. Halbuki insanlar sosial mediada münasibətin mübahisəsini, soyuqluğunu və yorğunluğunu yox, ən estetik hissəsini paylaşırlar. Beyin isə bunu "hamı xoşbəxtdir, problem yaşayan yalnız mənəm" kimi qəbul edir. Bu da münasibətlərdə narazılığı artırır".Ekspertin fikrincə, münasibətləri nümayiş etdirmək ehtiyacının arxasında hər zaman özünü göstərmək istəyi dayanmır: "Bəzən bu, təsdiqlənmək ehtiyacıdır. İnsan paylaşdığı münasibət vasitəsilə özünü daha dəyərli hiss etməyə çalışır. Xüsusilə daxilində sevilməmək qorxusu olan insanlar münasibətlərini daha çox nümayiş etdirməyə meylli olurlar. Çünki onlar münasibəti sadəcə yaşamaq yox, həm də başqalarına sübut etmək ehtiyacı hiss edirlər. Bəzi insanlar üçün münasibəti paylaşmaq təhlükəsizlik hissi yaradır. "'Hamı bilirsə, deməli münasibət ciddidir" düşüncəsi formalaşır. Amma maraqlıdır ki, çox zaman ən çox nümayiş etdirilən münasibətlər daxilən ən çox təsdiqə ehtiyac duyan münasibətlər olur. Çünki həqiqətən güvəndə hiss edilən bağ hər zaman nümayiş ehtiyacı duymur".
Psixoloqun sözlərinə görə, digər tərəfdən sosial media insanlarda seçim bolluğu hissi yaradıb: "İnsanlar artıq münasibətdə problem yaşadıqları zaman onu həll etməyə çalışmaq əvəzinə "daha yaxşısı var" düşüncəsinə daha tez yönəlirlər. Bu isə münasibətlərdə dözümlülüyü və emosional bağlılığı zəiflədə bilir. Çünki davamlı alternativ görən beyin bir insana dərin bağ qurmaqda çətinlik çəkir. Ən böyük dəyişikliklərdən biri də insanların artıq sevgini hiss etməkdən çox, analiz etməyə başlamasıdır. "Niyə baxdı?", "Niyə like etdi?", "Niyə paylaşmadı?", "Niyə onlayn idi?" kimi detallara həddindən artıq fokuslanmaq münasibətlərdə narahatlıq və güvənsizlik yaradır. Yəni sosial media bəzən münasibətin özündən çox, münasibətlə bağlı düşüncələri idarə etməyə başlayır. Burada əsas məsələ sosial medianın özü deyil. Problem insanların emosional boşluqları sosial media vasitəsilə doldurmağa çalışmasıdır. İnsan daxilində özünü yetərli hiss etmədikdə, bunu çox zaman görünmək, paylaşılmaq və təsdiq almaqla kompensasiya etməyə çalışır. Sevgi əslində nümayişdən çox hissdir. Çünki ən sağlam münasibətlər çox vaxt kameraya yox, bir-birinin ruhuna yaxın olur".

Sosioloq Rəvan Əliyev də hesab edir ki, əvvəllər ailədaxili ünsiyyət daha çox canlı təmas və birbaşa emosional əlaqə üzərində qurulurdusa, bu gün virtual mühit münasibətlərin formalaşmasına ciddi təsir edir: "Bu dəyişiklik bir tərəfdən ünsiyyəti asanlaşdırsa da, digər tərəfdən güvən, qısqanclıq və emosional uzaqlaşma kimi problemlərin artmasına səbəb olur. İnsanların sosial mediada başqalarının həyatını davamlı izləməsi ailə daxilində gözləntiləri və dəyərlər sistemini dəyişdirir. Nəticədə müasir ailə modeli daha rəqəmsal, daha açıq, eyni zamanda daha həssas bir formaya çevrilir. Xüsusilə güvən məsələsində əvvəlki dövrlərlə müqayisədə yeni problemlər yaranıb. Daimi onlayn ünsiyyət, şəxsi məkanın azalması, virtual tanışlıqlar və sosial mediada aktivlik bəzi hallarda qısqanclıq, nəzarət və emosional uzaqlaşma kimi problemləri artırır. Digər tərəfdən isə sosial şəbəkələr uzaqda yaşayan ailə üzvləri arasında əlaqəni qorumaq, məlumat paylaşmaq və emosional yaxınlığı saxlamaq baxımından da müsbət rol oynayır".
Nigar Xəlilli
18:17 26.05.2026
Oxunuş sayı: 56