Hörmüz boğazı mərhələli şəkildə açılacaq - Razılaşmanın DETALLARI
İran ilə ABŞ arasında əldə olunduğu bildirilən yeni razılaşma çərçivəsində Hörmüz boğazının gəmilərin keçidi üçün mərhələli şəkildə açılması nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri iranlı rəsmilərə istinadən yazıb.
Nəşrin iddiasına əsasən, razılaşmanın ilk mərhələsində ABŞ İranın təxminən 12 milyard dollar həcmində dondurulmuş aktivlərini sərbəst buraxacaq. Bununla yanaşı, Hörmüz boğazında minalardan təmizləmə işlərinə başlanılacaq və Vaşinqtonun tətbiq etdiyi blokada tədbirlərinin ləğvi istiqamətində addımlar atılacaq.
Məlumatda qeyd olunur ki, tərəflər müharibənin tam dayandırılması ilə bağlı yekun razılaşma əldə edilənədək 60 günlük uzadılmış atəşkəsi nəzərdə tutan “çərçivə sazişi” üzərində işləyirlər.
ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, həmin müddətdə Hörmüz boğazı tam şəkildə minalardan təmizlənərək yenidən beynəlxalq gəmiçilik üçün istifadəyə veriləcək.
Eyni zamanda vurğulanıb ki, İranla razılaşma hələ rəsmi şəkildə imzalanmayıb və onun hüquqi baxımdan nə dərəcədə məcburi qüvvəyə malik olacağı hələ dəqiqləşməyib.
Vəziyyətlə tanış olan diplomatın bildirdiyinə görə, hazırda Vaşinqton Tehranın yekun cavabını gözləyir. İddia olunur ki, razılaşma əldə edilərsə, İran dərhal Hörmüz boğazını açacaq və 30 gün ərzində gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün tədbirlər görəcək.
Təklif paketinə həmçinin İran, ABŞ və onların müttəfiqlərinin – o cümlədən Livan istiqamətində – bütün cəbhələrdə hərbi əməliyyatları dayandırması da daxildir.
Bundan başqa, sənəddə İranın nüvə silahı hazırlamamaq öhdəliyi götürməsi və zənginləşdirilmiş uranın məhv edilməsinə razılıq verməsi məsələlərinin də yer aldığı bildirilir.
09:34 26.05.2026
Oxunuş sayı: 54