Müasir texnologiyaların və innovativ metodların tətbiqi çox önəmlidir

Azərbaycanda kənd təsərrüfatı sektoru, ölkə iqtisadiyyatının mühüm sahələrindən biri olmaqla yanaşı, həm də məşğulluq, ərzaq təhlükəsizliyi və regional inkişaf baxımından əhəmiyyətli rol oynayır. Son illərdə kənd təsərrüfatı sektorunun inkişafı məqsədilə həyata keçirilən dövlət islahatları və yeni təşəbbüslər, bu sahənin rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlmişdir. Lakin hələ də bəzi problemlər mövcuddur ki, bunlar yerli istehsalın artırılması və ixrac potensialının tam şəkildə reallaşdırılması üçün əsas maneələrə çevrilir. Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi və istehsalın səmərəliliyinin artırılması ilə bağlı müxtəlif strategiyaların tətbiqi bu sahənin inkişafına müsbət təsir göstərə bilər.
İqtisadçı Emin Qəribli Crossmedia.az-a verdiyi açıqlamada kənd təsərrüfatı sektorunun Azərbaycanın iqtisadiyyatında vacib yer tutduğunu və bu sahənin inkişafının ölkə iqtisadiyyatının gücləndirilməsində əsas rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, kənd təsərrüfatının rəqabətqabiliyyətliliyinin artırılması, yerli istehsalın və ixracın artırılması ilə birbaşa əlaqəlidir. İqtisadçı qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı potensialı hələ tam istifadə olunmur və bu sahənin müasirləşdirilməsi həyati əhəmiyyət daşıyır.
Ekspertin fikrincə, ixrac məhsullarının keyfiyyətinin artırılması üçün bir neçə strategiyanın tətbiqi vacibdir. İlk növbədə, kənd təsərrüfatı məhsullarının keyfiyyətini artırmaq üçün müasir texnologiyaların tətbiqi, yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələrin inkişafı və aqrotexniki biliklərin gücləndirilməsi önəmlidir. Bununla yanaşı, məhsulun düzgün saxlanması və daşınması proseslərinin inkişaf etdirilməsi də ixracın artırılmasında mühüm rol oynayır. Bu, yalnız yerli bazarda, həm də xarici bazarlarda Azərbaycan məhsullarının tanınmasını təmin edəcək.
Emin Qəriblinin istehsalın səmərəliliyinin artırılması üçün müasir texnologiyaların və innovativ metodların tətbiqinin çox önəmli olduğunu da vurğulayıb. O, iri təsərrüfatların yaradılmasını və daha səmərəli kənd təsərrüfatı texnikalarının istifadəsini təklif edir. İqtisadçı bildirib ki, kiçik təsərrüfatların yerinə iri və müasir texnologiyalara sahib təsərrüfatların inkişaf etdirilməsi vacibdir. Bu, istehsalın səmərəliliyini artıracaq və məhsul istehsalını daha effektiv hala gətirəcək.
Gültac Mehdizadə
06:07 17.12.2024
Oxunuş sayı: 8488