Tatoyan: İrəvanın nə Aİ, nə də Rusiya ilə bağlı aydın strategiyası yoxdur
Ermənistanın keçmiş ombudsmanı və “Birlik qanadları” partiyasının lideri Arman Tatoyan İrəvanın xarici siyasət kursunu tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tatoyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan hakimiyyəti artıq 8 ildir Avropa İttifaqına (Aİ) inteqrasiya adı altında formal qanunlar qəbul edir, lakin bu prosesin arxasında real və ardıcıl strategiya görünmür.
Onun sözlərinə görə, hazırkı siyasət həm Rusiya ilə münasibətlərə təsir edir, həm də ölkə daxilində siyasi intriqa mühitinin saxlanmasına xidmət edir.
Keçmiş ombudsman Aİ ilə viza rejiminin liberallaşdırılması üçün səsləndirilən “iki illik” gözləntilərə də skeptik yanaşıb. O qeyd edib ki, bu cür vaxt çərçivələrinin hansı əsasla irəli sürüldüyü aydın deyil və rəqəmlərin tez-tez dəyişməsi etimad yaratmır.
Tatoyan həmçinin sual edib ki, əgər bu məsələ prioritet idisə, niyə Aİ ilə keçirilən son sammitdə açıq şəkildə gündəmə gətirilməyib.
Onun açıqlamaları Ermənistanın xarici siyasət istiqaməti ətrafında davam edən müzakirələri yenidən gündəmə gətirib.
15:06 25.05.2026
Oxunuş sayı: 50