Ovuclara şokolad deyil, nailiyyət qoyulmalıdır
Son günlərdə sosial şəbəkələrdə geniş yayılmış "müəllimə şokolad" trendi müxtəlif reaksiyalarla qarşılanır. Bəziləri bu trendi əyləncəli və zərərsiz bir təşəbbüs kimi görür, digərləri isə onun etik normaları pozduğunu düşünür. Məsələ hətta bəzi müəllimlərin töhmət alması ilə nəticələnib.
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Almaz Həsrət Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, son zamanlar sosial şəbəkələrdə trend adı ilə yayımlanan bəzi müəllimlərin şagirdlər tərəfindən sürpriz olaraq əllərinə şokolad qoyulmasını əks etdirən videoları görürük:
"Şəxsən mən, Azərbaycan müəllimi olaraq, bu görüntüləri qəbul etmirəm. Müəllimlər cəmiyyətimizin ən nüfuzlu şəxslərindən hesab olunur. Müstəqil Azərbaycanın müəllimlər ordusu xalqımızın gələcəyi üçün hər şeyini səfərbər etməyə hazırdır. Biz bilirik ki, müəllimlərimiz ən çətin və eyni zamanda ən şərəfli peşələrdən birinin sahibləridir. Müəllim əməyi heç bir peşə ilə müqayisə edilə bilməz, çünki müəllim əsl vətənpərvər, xalqının fədakar və yorulmaz fədaisidir.
Müəllim cəmiyyətin ən nüfuzlu şəxsi olduğunu öz əməli, bacarığı və fəaliyyəti ilə göstərməlidir. Lakin bəzi videolarda görürük ki, dərs vaxtı şagirdlər və ya tələbələr müəllimə yaxınlaşaraq "əlinizi açın" deyir, müəllimin ovucuna şokolad və digər şirniyyatlar qoyurlar. Şəxsən mən bunu qəbul etmirəm.
Mən trendin əsl mahiyyətini illər sonra həmin məktəbin, universitetin məzunları öz müəllimlərini xatırlayaraq, bu cür surpriz etməsində görürəm. Ancaq hələ bir necə ildə həmin tələbələrə dərs deyəcək müəllimdirsə, bu cür diqqətin göstərilməsi heç bir sərhəddə sığışmır.
Bu cür davranışlar müəllim nüfuzunu aşağı salır və onu adi diqqətə sevinən bir şəxs kimi göstərir. Halbuki müəllim böyük mənəviyyat sahibi olan şəxsiyyət olmalıdır. Əsl trend o zaman yaranar ki, məzunlarımız, II Qarabağ müharibəsində iştirak edən qəhrəman qazilərimiz, vereranlarımız öz müəllimlərinə məktəblərə gəlib və ya bir gün təyin edib görüşərdilər. Bu, həqiqi bir nümunə olardı. Yaxud da ki, hər il orta məktəb olaraq səfərbərliyə çağırılan neçə igid oğullarının sayıyla trendə düşə bilərik. Tək ali təhsil alıb onu davam etdirmək önəmli deyil ki. Vətənə, millətə, torpağa, layiq olan əsl vətəndaş yetişdirilməsi üçün canını fəda etməyə hazır olan igid oğulların sayıyla, trendə düşmək olar".
Müəllimin sözlərinə görə, trend yaratmaq istəyiriksə, belə dəyərli vətəndaşların yetişdirilməsini əsas götürməliyik:
"Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, müəllim adını qorumaq və onun nüfuzunu yüksək saxlamaq hər birimizin borcudur. Müəllim, bir şokolada sevinən adi insan kimi deyil, gənclərə düzgün həyat yolu göstərən, gələcəyimizi formalaşdıran böyük şəxsiyyət olmalıdır. Əgər biz əsl, ləyaqətli, vicdanlı, dürüst insanlar yetişdirə biliriksə, bax, onda biz trendə düşə bilərik
Həmçinin sosial şəbəkələrdə müəllim nüfuzuna xələl gətirən "şokoladla " bağlı trend görüntülərinin yayılmasında iştirak edən müəllimlərin töhmət almasını dəstəkləyirəm. Ovuclara şokolad deyil, şagird və tələbələrin nailiyyətlərini, uğurlarını təsdiq edən əsl medal, diplom və sənədlər qoyulmalıdır. Nəticədə həmin müəllimin də nüfuzu və dəyəri artar".
Elnurə Kərimova
14:22 16.12.2024
Oxunuş sayı: 15922