Dayanıqlı şəhərsalma modelinin formalaşdırılması
Azərbaycanın şəhərsalma tarixi qədim urbanizasiya ənənələri, strateji coğrafi mövqeyi və müasir dövlətçilik siyasəti ilə sıx əlaqədə inkişaf etmişdir. Son illərdə ölkədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” modellərinin tətbiqi, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri Azərbaycanın şəhərsalma sahəsində beynəlxalq diqqət mərkəzinə çevrilməsinə səbəb olmuşdur.
Azərbaycan ərazisində şəhər mədəniyyətinin formalaşması qədim dövrlərə gedib çıxır. Qəbələ, Bərdə, Naxçıvan və Şamaxı kimi qədim şəhərlər uzun illər boyu ticarət, sənətkarlıq və mədəniyyət mərkəzləri kimi tanınıb. Böyük İpək Yolunun üzərində yerləşən bu yaşayış məntəqələri Şərq urbanizasiya ənənələrinin inkişafında mühüm rol oynayıb.
Orta əsrlərdə şəhərlər əsasən müdafiə və ictimai yaşayış prinsipləri əsasında qurulurdu. Qala divarları, karvansaralar, məscidlər, bazarlar və məhəllə sistemi həmin dövr şəhərsalmasının əsas elementləri hesab edilirdi. Bu baxımdan İçərişəhər Azərbaycanın ən qədim və mühüm urbanistik nümunələrindən biridir. Tarixi küçələri, müdafiə tikililəri və memarlıq abidələri şəhərsalma tarixinin canlı irsi kimi bu gün də qorunub saxlanılır.
XIX əsrin sonlarında neft sənayesinin sürətli inkişafı Bakı şəhərinin simasını tamamilə dəyişdirdi. Şəhər qısa müddətdə dünyanın ən iri sənaye və iqtisadi mərkəzlərindən birinə çevrildi. Bu dövrdə Avropa memarlıq üslubu ilə Şərq memarlığının sintezi meydana gəldi və həmin tikililər bu gün də Bakının memarlıq görünüşünün əsas hissəsini təşkil edir.
Sovet hakimiyyəti illərində Azərbaycanda şəhərsalma planlı iqtisadiyyat prinsiplərinə uyğun şəkildə həyata keçirilirdi. Həmin dövrün şəhərsalma və sənaye inkişafı baxımından ən intensiv inkişaf mərhələsi, Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Məhz bu dövrdə, yeni mikrorayonlar, geniş prospektlər, parklar və yaşayış kompleksləri salınırdı. Metro və nəqliyyat infrastrukturu genişləndirildi. Eyni zamanda Sumqayıt və Mingəçevir kimi sənaye şəhərlərinin inkişafına xüsusi diqqət yetirilirdi. İri zavodlar, fabriklər və sosial obyektlər tikildi.
Müstəqillik dövründə isə Azərbaycan şəhərsalma sahəsində yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyev rəhbərliyi dövründə infrastrukturun yenilənməsi və müasir standartlara uyğunlaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bakıda yeni metro stansiyaları, beynəlxalq hava limanı, müasir avtomobil yolları, körpülər, park və bulvar kompleksləri, həmçinin yeni yaşayış və biznes mərkəzləri inşa edildi.
Müasir dövrdə Azərbaycanın şəhərsalma siyasətində işğaldan azad edilmiş ərazilərin bərpası xüsusi yer tutur. Şuşa, Ağdam, Füzuli və digər bölgələrdə həyata keçirilən layihələr “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulur. Bu layihələrdə rəqəmsal idarəetmə, alternativ enerji mənbələri, ekoloji təhlükəsizlik və müasir urbanizasiya standartları əsas prioritetlər kimi müəyyənləşdirilib. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması da bu siyasətin mühüm istiqamətlərindən biridir.
2026-cı il mayın 18-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq urbanizasiya siyasətində əlamətdar hadisə kimi dəyərləndirilir. Belə nüfuzlu forumun Bakıda təşkili ölkənin şəhərsalma və dayanıqlı inkişaf sahəsində qazandığı nüfuzun göstəricisi hesab olunur.
Prezident İlham Əliyev forum zamanı etdiyi çıxışda Azərbaycanın dayanıqlı şəhərsalma modelindən, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərindən, “yaşıl enerji” siyasətindən və smart-city layihələrindən bəhs edib. Dövlət başçısı urbanizasiya ilə milli-mədəni irsin qorunması arasında tarazlığın vacibliyini xüsusi vurğulayıb. Eyni zamanda Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq olduğu və şəhərlərin insan yönümlü inkişafının prioritet məsələ sayıldığı diqqətə çatdırılıb.
Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edib. Tədbir ölkənin investisiya və infrastruktur imkanlarını nümayiş etdirməklə yanaşı, Qarabağın yenidən qurulması prosesini beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mühüm platformaya çevrilib. Bununla yanaşı, Azərbaycanın urbanizasiya və iqlim gündəliyində fəal iştirak edən dövlət kimi rolu daha da güclənib.
Nəticə etibarilə, Azərbaycanın şəhərsalma tarixi qədim şəhərsalma ənənələrindən başlayaraq müasir “ağıllı şəhər” konsepsiyalarına qədər uzanan zəngin inkişaf yolunu əks etdirir. Hazırda ölkədə həyata keçirilən layihələr yalnız infrastrukturun yenilənməsinə deyil, həm də dayanıqlı inkişafın təmin edilməsinə, ekoloji təhlükəsizliyin qorunmasına və milli-mədəni irsin yaşadılmasına xidmət edir.
İlham Quliyev
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini.

12:10 20.05.2026
Oxunuş sayı: 58