Azərbaycan yaşıl enerji sahəsində regionun mərkəzinə çevrilir – Rizvan Nəbiyev
Yaşıl enerji istifadəsi sahəsində Azərbaycanın qazandığı təcrübəni iki əsas istiqamətdə vurğulamaq olar.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
O, əlavə edib ki, birinci istiqamət işğaldan azad olunmuş ərazilərin - Qarabağ və Şərqi Zəngəzurun, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsidir:
“İlkin texniki hesablamalar göstərir ki, həmin ərazilərdə Azərbaycanın bərpa olunan enerji potensialı təxminən 35 giqavat təşkil edir. Xəzər dənizində isə bu rəqəm 157 giqavatdan artıqdır. Azərbaycan planlaşdırır ki, 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə 8 giqavat həcmində yaşıl enerji istehsal etsin.
Bu, ölkənin daxili tələbatını ödəməkdən qat-qat artıq enerji deməkdir və artıq onun ixracı məsələsi gündəmdədir. Burada əsas bazar kimi Avropa İttifaqı nəzərdə tutulur. Bu istiqamətdə artıq mühüm müqavilə-hüquqi baza formalaşdırılır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında müvafiq anlaşma memorandumu imzalanıb. Yaxın zamanda isə Bolqarıstan da bu təşəbbüsə qoşulmaqla bağlı siyasi və iqtisadi marağını ifadə edib. Beləliklə, layihənin coğrafiyası getdikcə genişlənir.
İkinci istiqamət isə Xəzərin şərqindən - Qazaxıstan və Özbəkistandan istehsal olunacaq yaşıl enerjinin Azərbaycan ərazisindən tranzit keçməklə Avropaya ixracıdır. Azərbaycan bir tərəfdən işğaldan azad edilmiş ərazilərin yaşıl enerji potensialından istifadə edir və həmin bölgələri yaşıl enerji zonasına çevirir, digər tərəfdən isə tranzit ölkə kimi yaratdığı infrastruktur imkanlarını tərəfdaş dövlətlərin istifadəsinə təqdim edir.
Bununla yanaşı, urbanizasiya istiqamətində də mühüm addımlar atılır. Azərbaycanda sıfırdan qurulan kənd və şəhərlərdə yaşıl enerji mənbələrindən istifadə, eləcə də “sıfır emissiya” prinsipləri əsas prioritetlərdən biridir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri - yəni smart city və smart village konsepsiyaları — hazırda beynəlxalq səviyyədə böyük maraqla izlənilir.
Azərbaycan modelinin əsas xüsusiyyəti ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilər sıfırdan qurulur. Burada məqsəd sadəcə dağıdılmış infrastrukturu bərpa etmək deyil, eyni zamanda müasir çağırışlara və beynəlxalq standartlara uyğun yeni yaşayış məkanları yaratmaqdır. Formalaşan bu Azərbaycan təcrübəsini Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkə beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırdır.
Bu baxımdan, tədbirdə 182 ölkənin iştirak etməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi hesab oluna bilər. Azərbaycanın formalaşdırdığı gündəlik və WUF13-ə verdiyi töhfənin uzun illər həm media, həm də müxtəlif beynəlxalq tərəfdaşların diqqət mərkəzində qalacağı gözlənilir.
Ayhan
13:15 20.05.2026
Oxunuş sayı: 66