Bakı WUF13-ə ev sahibliyi edir
2026-cı il mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Dünyanın 182 ölkəsindən 45 mindən çox iştirakçını bir araya gətirən bu nüfuzlu tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək ölkəmizin şəhərsalma sahəsindəki nailiyyətləri, tarixi-memarlıq irsin qorunması və Qarabağın bərpası istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən dövlət başçısı ilk növbədə Forumun bütün iştirakçılarını salamlayaraq Bakıya xoş gəldiklərini bildirib. Qeyd edilib ki, bu il ilyarım əvvəl ölkəmizdə keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və qeydiyyatdan keçmiş iştirakçıların sayına görə rekord göstəriciyə nail olunub.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın qədimdən Şərq ilə Qərbin qovuşduğu məkan olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu coğrafi mövqe ölkənin memarlığında da öz əksini tapıb. Bakıda İçərişəhərin qədim divarları ilə müasir memarlıq nümunələrinin vəhdət təşkil etdiyini deyən dövlət başçısı şəhərsalmanın təkcə paytaxtda deyil, bütün Azərbaycanda əsas prioritet olduğunu bildirib. Bu ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də bu sahəyə verilən önəmin bariz nümunəsidir.
Prezident Azərbaycanın zəngin tarixi irsindən danışaraq bir sıra qədim şəhərlərimizi və abidələrimizi xüsusi qeyd edib. Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən birinin olduğunu, Naxçıvanda dahi memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş Möminə xatun türbəsinin XII əsrə aid olduğunu bildirib. Gəncənin dahi Azərbaycan şairi Nizaminin vətəni olduğunu, Şəkidəki Kiş kəndindəki kilsənin isə bəlkə də dünyanın ən qədim kilsələrindən biri olduğunu vurğulayıb. Dövlət başçısı Lahıc kəndində on beş əsr bundan əvvəl çəkilmiş kanalizasiya və su xəttinin bu gün də işlədiyini xüsusi qeyd edərək əcdadlarımızın istedadına heyranlığını ifadə edib.
Çıxışının əsas hissələrindən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasına həsr olunmuşdu. Prezident İlham Əliyev bu ərazilərin 30 il ərzində erməni işğalı altında olduğunu və tamamilə dağıdıldığını bildirib. O, beynəlxalq müşahidəçilərin Ağdamı “Qafqazın Xirosiması” adlandırdığını xatırladaraq, fərqi vurğulayıb: “Lakin Xirosima bir gündə atom bombası ilə dağıdılmışdısa, Ağdam 30 illik işğal ərzində sistemli şəkildə məhv edildi.” Dövlət başçısı qeyd edib ki, bu gün Böyük Qayıdış Proqramı çərçivəsində həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Beş il ərzində 70 kilometr tunel çəkilib, 500 körpüdən 435-i inşa olunub, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Hal-hazırda 85 mindən çox azərbaycanlı keçmiş işğal altındakı ərazilərə qayıdıb. Prezident vurğulayıb ki, yalnız dağıtmaq üçün gələnlərdən fərqli olaraq, torpağın əsl sahibləri onu bərpa edir, qurur və yaşadır.
Prezident İlham Əliyev çıxışında Bakının ekoloji transformasiyasından da bəhs edib. O qeyd edib ki, dünyada ilk dəfə 1846-cı ildə neft hasil edən şəhər olan Bakı uzun müddət ətraf mühitin qorunması sahəsində ciddi problemlərlə üzləşmişdi. Vaxtilə çirklənməsinə görə “Qara şəhər” adlanan ərazilərin bu gün “Ağ şəhər”ə çevrildiyini bildirən dövlət başçısı son 20 ildə Bakıda 100-dən çox park və ictimai məkanın yaradıldığını, ictimai nəqliyyatın müasirləşdirildiyini, elektrik enerjisi ilə işləyən avtobusların istifadəyə verildiyini vurğulayıb.
Sonda Prezident İlham Əliyev bu cür beynəlxalq forumların təcrübə mübadiləsi, uğurların öyrənilməsi və səhvlərin təhlili üçün əvəzsiz fürsət olduğunu bildirib. O, bütün qonaqlara xoş səfər arzulayaraq, WUF13-ün uğurlu keçəcəyinə əminliyini ifadə edib.
Tədbirdə həmçinin BMT-nin Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti Annalena Berbok, UN-Habitat Assambleyasının prezidenti Nqa Kor Minq və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax çıxış ediblər.
Güləhməd İmanov
Filologiya üzrə elmlər doktoru, BDU-nun baş müəllimi

12:01 20.05.2026
Oxunuş sayı: 64