Professor Tofiq Rüstəmovun xatirəsi yad olunub
Bakı Dövlət Universitetinin Tələbə Tədris Mərkəzində görkəmli jurnalist, alim və professor Tofiq Rüstəmovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə jurnalistika fakültəsinin müəllim heyəti, tələbələr, professorun keçmiş tələbələri, həmkarları, media nümayəndələri və ailə üzvləri iştirak ediblər.
Yubiley tədbirində Tofiq Rüstəmovun həyat və yaradıcılıq yolundan bəhs edən videoçarx nümayiş olunub. Videoçarxda onun milli jurnalistikanın inkişafına verdiyi töhfələr, televiziya və radio jurnalistikasının formalaşmasındakı rolu, pedaqoji fəaliyyəti və Azərbaycan dilinin qorunması istiqamətində gördüyü işlərdən danışılıb.
Çıxış edənlər professorun peşəkar jurnalist və alim olmaqla yanaşı, yüksək mənəvi keyfiyyətlərə malik ziyalı olduğunu vurğulayıblar. Onun tələbələri və həmkarları xatirələrini bölüşərək, gənclərə münasibətindən və ana dilinə göstərdiyi həssas münasibətdən bəhs ediblər.
Tədbirdə Azərbaycan dilinin qorunması, mətbuat dilinin saflığı və milli jurnalistika ənənələrinin yaşadılmasının vacibliyi də xüsusi qeyd olunub.
Sonda professorun övladları Abbas Rüstəmov və Sevinc Məmmədova çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür ediblər. Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.
20:25 15.05.2026
Oxunuş sayı: 43