Bakı Dövlət Universitetinin (BDU) “Zəfər tarixi” lektoriyasında Jurnalistika fakültəsinin I kurs ingilis bölməsinin tələbəsi, gənc müəllif Turqut Ansarinin "Qalibiyyət dastanı" kitabının təqdimat mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbiri fakültənin dekan müavini Samir Xalidoğlu açaraq kitabın ideya yükü və gənc müəllifin yaradıcılıq təşəbbüsü barədə məlumat verib. Bildirib ki, Qarabağ mövzusu Azərbaycan cəmiyyətinin yaddaşında xüsusi yer tutur və belə əsərlərin gənclər tərəfindən yazılması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Mərasimdə çıxış edənlər- kafedra müdirləri professor Cahangir Məmmədli, dosent Xatirə Hüseynova və digər müəllimlər kitabın məzmunundan danışıblar və qeyd ediblər ki, gənc yaşda belə bir mövzuya müraciət etmək böyük məsuliyyət və vətən sevgisinin göstəricisidir.
Müəllif Turqut Ansari də çıxış edərək kitabın yazılma prosesi barədə məlumat verib.
O bildirib ki, əsəri ərsəyə gətirməkdə əsas məqsədi Qarabağın tarixini və Azərbaycanın qazandığı böyük zəfəri gənc nəslə çatdırmaq olub. Həmçinin kitab üzərində işləyərkən müxtəlif tarixi mənbələrdən, araşdırmalardan və müharibə iştirakçılarının xatirələrindən istifadə edib.
Tədbirin sonunda qonaqlar müəllifə uğurlar arzulayıb, kitabın gələcəkdə daha geniş auditoriyaya çatacağına ümid etdiklərini bildiriblər.
Sonda müəllif imzalı kitablarını tədbir iştirakçılarına təqdim edib.
Qeyd edək ki, kitabın ön sözünün müəllifi Jurnalistika fakültəsinin dekanı professor Vüqar Zifəroğludur.