Sosium

Təhsil menecerləri forumu: Təhsil sisteminin inkişafına yeni baxış

Bu günlərdə keçirilən Təhsil Menecerləri Forumu təhsil sahəsində innovativ yanaşmaların tətbiqi və keyfiyyətin artırılması məqsədilə mühüm platformaya çevrilib. Tədbirdə təhsil idarəçiliyi, dövlət-özəl tərəfdaşlıq, təcrübə mübadiləsi və keyfiyyət təminatı kimi məsələlər müzakirə olunub.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Crossmedia.az-a açıqlamasında forumun əhəmiyyətini belə qiymətləndirib:

"Təhsil menecerləri forumu kimi tədbirlər çox faydalıdır, xüsusən də təhsil sahəsində çalışan həmkarlar üçün. Belə platformalar direktorlar, mütəxəssislər və gənc menecerlər üçün birgə müzakirələr, təcrübə mübadiləsi və innovativ idarəçilik metodları haqqında məlumat əldə etmək imkanı yaradır. Tədbirlərdə heyətin hazırlanması, keyfiyyət təminatı və təhsil idarəçiliyində baş verən yeniliklər kimi mövzular geniş əhatə olunur. Mən düşünürəm ki, belə tədbirlər təhsil sisteminin inkişafına mühüm töhfə verir."

Tural Əhmədov forum çərçivəsində dövlət-özəl tərəfdaşlığın əhəmiyyətinə də xüsusi diqqət çəkib:
"Cari tədbirin əhəmiyyətli tərəflərindən biri də dövlət-özəl tərəfdaşlıq prizmasından təhsil sahəsində əməkdaşlıqların müzakirəsidir. Məsələn, Hədəf Şirkətlər Qrupunun təhsil sahəsindəki təcrübəsi və bu təcrübənin tədbirdə iştirak edən rektorlar və digər təhsilçilərlə paylaşılması olduqca dəyərlidir. Bu cür müzakirələr təhsil sahəsindəki çağırışların birgə qəbul edilməsi və onların həlli üçün alternativlərin müəyyən olunması baxımından önəmlidir."

Forumda təhsildə keyfiyyət təminatı məsələləri də geniş müzakirə olunub. Tural Əhmədov vurğulayıb ki, ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası xüsusi əhəmiyyət kəsb edir:
"Bu sahədə ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası proseslərinə diqqət yetirmək vacibdir. Məsələn, cari ildə ilk dəfə olaraq ibtidai sinif müəllimliyi proqramları üzrə akkreditasiya prosesinə start verilib. Bu proses 14 ali təhsil müəssisəsini əhatə edib. İlk nəticələr göstərir ki, bu proqramların əksəriyyətində müəyyən çatışmazlıqlar mövcuddur və proqramlar yenidən dəyərləndirilməlidir."

Tədbir çərçivəsində müəllimlərin işə qəbul prosesindən, uğurlu menecerlərin təcrübələrinin yayılmasından və qarşıda duran problemlərin həlli yollarından da bəhs olunub. Tural Əhmədov bu kimi forumların vacibliyini bir daha vurğulayaraq əlavə edib:
"Bu cür görüşlər həm çağırışlar, həm də imkanlar təqdim edir və təhsil sisteminin inkişafı baxımından mühüm rol oynayır. Təcrübə mübadiləsi və əməkdaşlıq mühiti yaratmaq üçün belə tədbirlər çox önəmlidir."

Forumun nəticələri təhsil sistemində keyfiyyətin artırılması istiqamətində genişmiqyaslı dəyişikliklərin əsasını təşkil edəcək.

Nihat Tahirov

12:11 14.12.2024

Oxunuş sayı: 6897

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR