“Bir dəfə içdim, yaxşı təsir etdi” dediyimiz enerji içkiləri əslində nədir?
Enerji içkiləri artıq sadəcə yorğunluğu aradan qaldıran vasitə deyil, bir çox insan üçün gündəlik ehtiyaca çevrilib. “Bir dəfə içdim, yaxşı təsir etdi” deyə başlayan bu vərdiş zamanla təkrarlanır və nəzarətdən çıxır. İçdikcə daha çox istək yaranır, insan özü də fərq etmədən bu içkilərə bağlılıq inkişaf etdirir. Nəticədə isə enerji içkiləri qısa müddətli təsirdən çıxaraq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir.

Qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlama verib.
O, vurğulayıb ki, enerji içkilərinin tərkibindəki bəzi maddələr müntəzəm istifadə zamanı psixoloji və fizioloji asılılıq yarada bilər: " Bu təsir əsasən sinir sistemi üzərindən baş verir. Kofein – əsas rol oynayan maddə. Enerji içkilərinin ən aktiv komponenti kofeindir. Beyində yorğunluq siqnalı verən adenozin reseptorlarını bloklayır. Nəticədə insan özünü daha oyaq və enerjili hiss edir. Asılılıq necə yaranır? Orqanizm zamanla kofeinə öyrəşir (tolerantlıq yaranır). Eyni effekti almaq üçün daha çox içmək istəyirsən. İçmədikdə baş ağrısı, halsızlıq, əsəbilik kimi simptomlar olur. Şəkər – gizli asılılıq mexanizmi. Bir çox enerji içkisi yüksək miqdarda şəkər ehtiva edir. Qanda şəkəri sürətlə artırır, qısa müddətli enerji verir. Sonra sürətli düşüş olur, yenidən istək yaranır. Bu “pik və düşüş” dövrü təkrar içmə davranışını gücləndirir. Digər stimullaşdırıcı maddələr. Taurin – sinir sisteminə təsir edir, kofeinin effektini gücləndirə bilər. Guarana – əlavə kofein mənbəyidir. Ginseng – yorğunluğu azaltmağa kömək edir".
F.Səfərovun sözlərinə görə, bunlar birlikdə istifadə olunanda təsir daha güclü və uzunmüddətli olur: "Enerji içkiləri vərdiş və ehtiyac hissi yaradır, xüsusilə də gündəlik istifadə edildikdə. Ona görə də bu içkilərdən uzaq durmaqla sağlamlığımızın qayğısına qala bilərik".
Fatimə
18:43 04.05.2026
Oxunuş sayı: 55