27 aprel faciə, yoxsa xalqımız üçün tarix dərsi?
Azərbaycan tarixinin XX əsr səhifələri ziddiyyətli, eyni zamanda taleyüklü hadisələrlə zəngindir.
1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika kimi milli dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu.
Lakin bu müstəqillik uzun sürmədi və 1920-ci ilin aprel hadisələri ilə dövlətin süqutu baş verdi.
Bu hadisə tarixdə müxtəlif yanaşmalarla izah olunsa da, Azərbaycan milli yaddaşında 27 aprel Cümhuriyyətin süqutu, 28 aprel isə sovet hakimiyyətinin qurulması ilə yadda qalmışdır.
Sonrakı onilliklər ərzində bu dövr müxtəlif ideoloji çərçivələrdə təqdim edilərək fərqli interpretasiyalara məruz qaldı.
Tarixi proseslərin mahiyyətini anlamaq üçün həmin dövrün siyasi reallıqlarını, regiondakı güc balansını və baş verən dəyişikliklərin milli dövlətçilik ideyasına təsirini dərindən təhlil etmək vacibdir.
Məhz bu baxımdan 27-28 aprel hadisələri Azərbaycan tarixində həm mübahisəli, həm də mühüm dönüş nöqtələrindən biri kimi qalmaqdadır.
Mövzu ilə bağlı Crossmedia.az araşdırma aparıb:
Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, professor Anar İsgəndərov:

“27 və ya 28 aprel Azərbaycan xalqının tarixində qanlı bir səhifədir. Çox təəssüflər olsun ki, 70 illik sovet dönəmində Azərbaycan xalqı üçün bu qanlı səhifə ən əziz bir tarix kimi təbliğ olundu. 28 aprel nə oldu?
23 ay yaşayan müstəqil Azərbaycan dövlətini — müsəlman Şərqində ilk parlamentli respublikanı — tarixdən sildi. Xalqın yaratdıqları üzərinə xətt çəkildi, həm də qara xətt. 23 ay yaşayan dövlət bir ilkə imza atdı Azərbaycan tarixində. İlk dəfə olaraq coğrafi məfhum olan “Azərbaycan” ifadəsini siyasi məfhum halına gətirdi və dövləti Azərbaycan adlandırdı.
Azərbaycan dili haqqında qərar qəbul etdi, Azərbaycan ordusu haqqında qərar qəbul etdi. Azərbaycan parlamentini təsis etdi, qonşu dövlətlərlə münasibətləri tənzimləmək üçün danışıqlar apardı və bir çoxuna nail oldu.
Azərbaycan tarixində, müsəlman Şərq tarixində, bəlkə də dünya tarixində ilklərdən biri olan seçkilərdə qadın və kişi bərabərliyini elan etdi. Bütün çətinliklərə baxmayaraq, 1920-ci ilin 11 yanvarında Paris Sülh Konfransının Ali Şurası Azərbaycanı de-fakto tanıdı və Azərbaycan beynəlxalq münasibətlər sisteminə daxil olan bir dövlət oldu”.
A.İsgəndərov əlavə edib ki, bu uğurları və ilkləri kifayət qədər artırmaq olar:
“Amma çox təəssüflər olsun ki, 1920-ci ilin aprelində, vaxtilə Çar Rusiyası adı altında dünyanın böyük bir hissəsini özünə birləşdirən Rusiya, indi Sovet Rusiyası adı altında yenidən bu xalqları, bu ölkələri və bu torpaqları işğal etdi.
İşğala məruz qalan və müstəqilliyinə son qoyulan dövlətlərdən biri də Azərbaycan oldu. Azərbaycan 15 müttəfiq respublikadan biri kimi, sovet imperiyasının tərkibində 70 il yaşadı, çalışdı, nefti aparıldı, qazı aparıldı.
1937-ci ilin repressiyaları ilə bütün ziyalı təbəqəsi məhv edildi. Ərazisinin böyük bir hissəsi bu və ya digər dövlətlərə, o cümlədən Ermənistana verildi.
Ona görə də, 28 aprel şimaldan gələn sərt soyuq kimi, şaxta, dərd, qəm və qan gətirdi. Təsəvvür edin ki, 70 il ərzində bu dövlət və bu xalq haqqında kifayət qədər əsərlər yazıldı və yazılan əsərlər dövlət mükafatlarına layiq görüldü.
Müəlliflər orden və medalların sahibi oldular, mükafatlar qazandılar. Amma 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdiyi ildə ilk sual bu oldu: “Necə yəni dövlət müstəqilliyi? Bəs bu 70 il ərzində bu xalq müstəqil deyildi? Bu dövlət müstəqil deyildi?”.
Əlbəttə, yox. O imperiyanın bir əyaləti kimi, bir ərazisi kimi və sovet dövlətinin tərkibində olan bir müttəfiq respublika kimi fəaliyyət göstərirdi.
Ona görə də, 70 il mövcud olan imperiyaya baxanda Azərbaycan xalqının və Azərbaycan dövlətinin nələr çəkdiyinin şahidi olursan: dindarlar güllələnir, dini dəyərlər aradan qaldırılır, bayramlar qadağan olunur, torpaqlar əlindən alınır, təhsil demək olar ki, rus dilində aparılırdı.
Rus dilini bilməyən insan irəli gedə bilməzdi, halbuki dövlət Azərbaycan dövləti idi. Azərbaycan dilini dövlət dili kimi istifadə etmək belə qadağan edilirdi. 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyi keçiriləndə, Azərbaycanın dövlət başçısı Heydər Əliyev çıxışına “yoldaşlar” sözü ilə başlayanda hamı donur.
Çünki ölkənin birinci şəxsi mütləq çıxışını rus dilində başlamalı idi. Amma o, Azərbaycan dilində başladı. Yəni görün dövlət və xalq arasında münasibət necə idi. Həmişə bu xalq və bu dövlət sovet sisteminə nələr verirdisə, bunun müqabilində bir “sağ ol” belə deyilmirdi.
Bu mənada 28 aprel haqqında elə bir düşüncə yoxdur ki, müsbət cəhəti olsun. Bu gün Azərbaycanın uğurları - 44 günlük müharibə ilə itirilmiş torpaqların geri qaytarılması - göstərir ki, biz bir mənalı olaraq 1918-1920-ci illərdə mövcud olan dövlətin varisləriyik.
Biz onun varisiyik, 70 illik sovet dövrünün yox. Bu gün Azərbaycanın qazandığı uğurlar Azərbaycan xalqının nəyə qadir olduğunu göstərir. Bu gün Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan dünya tarixinə Azərbaycan xalqı ilə bağlı elə bir tarix yazdı ki, bu tarix əbədidir, əzəlidir. Bu, qaliblərin tarixidir, bu, şəxsiyyətlərin tarixidir, bu, Azərbaycanın tarixidir”.
Türkoloq alim Faiq Ələkbərli:

“Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bizim üçün bir qara bayramdır. Yəni 27 aprel əslində bir qara bayramdır. Sadəcə bizə 27 aprel qara bayramını unutdurmaq üçün 28 aprel - yəni Azərbaycan SSR-in qurulması günü — icad edildi.
Halbuki, bizim dövlətimiz məhz Azərbaycan Xalq Cümhuriyyəti idi. Sovet Rusiyası keçmiş Çar Rusiyası imperiyasının ərazisini bərpa etmək niyyəti güdürdü.
Bu məqsədlə də həmin ərazidə mövcud olan dövlətlərin, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu təmin etdi.
27 apreldən 28-nə keçən gecə Sovet Rusiyasının XI ordusu işğal siyasətini həyata keçirdi. Təbii ki, biz 70 il ərzində bu işğalla barışmadıq və daim öz müstəqilliyimiz uğrunda mübarizə apardıq. Bunun ən bariz nümunəsi 1920-ci ilin 26-27 may günlərində başlayan böyük üsyan idi. Bu üsyan demək olar ki, sovet imperiyasına, daha doğrusu sovet Rusiyasına qarşı ciddi bir etiraz dalğası idi və milli dövləti bərpa etmək məqsədi daşıyırdı”.
F.Ələkbərli qeyd edib ki, hər halda, biz bu yolda çox sayda ziyalımızı itirdik, şəhid verdik:
“Onlar repressiya qurbanı oldular və ya sürgündə yaşamağa məcbur edildilər. Başda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və ilk Cümhurbaşkanı Məhəmməd Əmin Rəsulzadə olmaqla, insanlar bütün vasitələrdən istifadə edərək bir dəfə ucaldılan bayrağın yenidən enməməsi üçün əllərindən gələni etdilər.
Özlərini, ailələrini bu yolda qurban verdilər və 28 mayı yenidən bərpa etdilər. Yəni 28 aprelin saxta, 28 mayın isə gerçək olması 70 ildən sonra bir daha öz təsdiqini tapdı. Mübarizəmiz boşa getmədi. Milli mübarizəmiz, milli mücadiləmiz hədər olmadı. Tökmə qanlar hədər getmədi.
Azərbaycan Cümhuriyyəti yenidən dünyada öz müstəqil üçrəngli bayrağını dalğalandıra bildi. Hər halda indiki nəsil 27 aprel və 28 aprel süni şəkildə yaradılmış Azərbaycan Sovet Sosialist Respublikasının necə qurulmasını da bilməlidir. Tarixi gerçəklikləri bilmək vacibdir.
Əlbəttə, Azərbaycan Sovet Sosialist Respublikası sözdə müstəqil görünsə də, əslində Sovet Rusiyasından başqa bir şey deyildi. Bunu vaxtilə Nəriman Nərimanov özü də etiraf etmək məcburiyyətində qalmışdı və nəticədə yenidən 28 may fəlsəfəsi qalib gəldi. Yenidən üçrəngli bayrağın ideyası qalib gəldi, 28 may istiqlal günü qalib gəldi.
Biz 28 may istiqlal gününü təkcə Azərbaycan daxilində deyil, 10 milyon yox, 60 milyon azərbaycanlı arasında da bu istiqlal fəlsəfəsini çatdırırıq və onu daha da yaşatmağa çalışırıq”.
Ayhan
17:30 28.04.2026
Oxunuş sayı: 48