Böyük Qayıdış Proqramı gələcək üçün yenidənqurma strategiyasıdır - RƏY
Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində deyib ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda, bu mühüm işə töhfə verməkdən məmnunuq.
"Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır.
2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra, Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur.
Bu gün, biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir.
Eyni zamanda, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışlar", - deyə müraciətdə qeyd edilib.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı dövlət başçısının səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışıb.
Onun sözlərinə görə, Vətən müharibəsi başa çatdıqdan sonra ermənilər və onların havadarları belə iddialar səsləndirirdilər ki, Azərbaycanın işğaldan azad etdiyi əraziləri bərpa etməyə gücü çatmayacaq:
" Dağıntıların miqyası, doğrudan da, böyük idi. Otuz illik işğal dövründə erməni vandalları şəhər və kəndlərimizi viran qoymuş, sərvətlərimizi talamışdılar. Lakin Azərbaycan dövləti müharibədən dərhal sonra bu ərazilərin bərpasına başlaması bədxahları növbəti dəfə məyus etdi. Yeni strateji mərhələdə “Böyük Qayıdış” ölkəmizin beş əsas milli prioritetindən biri kimi müəyyənləşdirilib. Bəzən ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən qüvvələr “Böyük Qayıdış” proqramının gecikdiyini iddia edərək qarayaxma kampaniyası aparırlar. Kənardan baxanda bu proses sadə görünə bilər, amma reallıqda çox mürəkkəb və zaman aparan bir işdir. Çünki torpaqları minalarla çirkləndirmək qısa müddətdə mümkündür. Hətta bir ay ərzində yüz minlərlə mina basdırmaq olar. Amma həmin minaların təmizlənməsi illər, hətta onilliklər tələb edir. reallığa baxdıqda görürük ki, dövlət bu istiqamətdə əlindən gələni edir və qısa müddət ərzində böyük işlər görülmüşdür. Xüsusilə Qarabağda həyata keçirilən infrastruktur layihələri – yolların, körpülərin, tunellərin tikintisi buna bariz nümunədir. Müasir tarixdə qısa müddət ərzində bu qədər genişmiqyaslı işlərin görüldüyü başqa bir nümunə tapmaq çətindir. Ümumilikdə, obyektiv yanaşdıqda, son altı il ərzində dövlətimiz çox böyük işlər görmüşdür. Ən önəmli məqamlardan biri də odur ki, bu işlər əsasən daxili imkanlar hesabına həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan bərpa-quruculuq işləri Azərbaycanın artan iqtisadi gücünü, dövlətin müasir inkişaf modelini əks etdirir. Əminliklə söyləyə bilərik ki, Böyük Qayıdış Proqramı gələcək üçün yenidənqurma strategiyasıdır".
Deputat qeyd edib ki, Qafqazın aparıcı və əsas dövləti olan Azərbaycanın son 30 ildə apardığı balanslı və müstəqil siyasət həm suverenliyinin bərpasına, həm də beynəlxalq nüfuzunun artırılmasına yönəlmişdi: "Vaxtilə başımızın üzərində qara bulud kimi dolaşan beynəlxalq güclər bu gün Azərbaycanla münasibətlərini yenidən qurmağa və əməkdaşlığa can atırlar. Bu dönüşün əsas səbəblərindən biri, əlbəttə ki, Azərbaycanın suverenliyini bərpa etməsidir. Müasir beynəlxalq münasibətlər sistemində artan rəqabət, geosiyasi gərginliklər və yeni güc mərkəzlərinin formalaşması şəraitində Azərbaycan çevik, praqmatik və çoxvektorlu siyasət yürüdərək öz mövqeyini möhkəmləndirir. Azərbaycanın balanslı siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif siyasi və iqtisadi güc mərkəzləri ilə paralel və qarşılıqlı faydalı münasibətlər qurmasıdır. Ölkə həm Avropa İttifaqı ilə strateji tərəfdaşlığı inkişaf etdirir, həm də region dövlətləri, o cümlədən qonşu ölkələr və Asiya istiqamətində əməkdaşlığını genişləndirir. Bu yanaşma Azərbaycanın hər hansı bir siyasi blokdan asılılığının qarşısını alır və müstəqil qərarvermə imkanlarını qoruyub saxlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. Bu siyasət qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Azərbaycan eyni zamanda regional sabitliyin təmin olunmasına töhfə verən təşəbbüslərlə çıxış edir və münaqişələrin həllində konstruktiv mövqe nümayiş etdirir".
Fatimə
19:14 21.04.2026
Oxunuş sayı: 63