Yollarda radar bolluğu - təhlükəsizlik, yoxsa sürücüyə psixoloji təzyiq?
Son illər avtomobil yollarında radarların sayının artması sürücülər arasında geniş müzakirə mövzusuna çevrilib.
Xüsusilə, cərimələrin tez-tez tətbiqi və nəzarət mexanizmlərinin intensivləşməsi bəzi sürücülərdə psixoloji gərginlik və narahatlıq yaratdığı iddialarını gündəmə gətirir.
Bir tərəfdən yol hərəkəti təhlükəsizliyinin təmin olunması prioritet məsələ kimi vurğulanır, digər tərəfdən isə radarların sayının çoxluğu və tətbiq üsullarının balanslı olub-olmaması suallar doğurur.
Mövcud vəziyyət radar nəzarətinin effektivliyi ilə sürücü komfortu arasında optimal tarazlığın necə qurulmalı olduğu məsələsini aktuallaşdırır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Crossmedia.az-a açıqlama verib:

"Radarların sürücülərə psixoloji təzyiq yaratması ilə bağlı iddialar müəyyən mənada başa düşüləndir. Çünki sürücü özünü daim nəzarət altında hiss etdikdə stress səviyyəsi arta bilər, xüsusilə də, radarların sıx yerləşdiyi ərazilərdə və cərimələrin tez-tez tətbiq olunduğu hallarda bu hiss daha qabarıq olur. Lakin məsələyə yalnız psixoloji narahatlıq prizmasından yanaşmaq düzgün deyil. Çünki radarların əsas məqsədi sürücünü “cərimələmək” yox, sürəti tənzimləmək və yol təhlükəsizliyini artırmaqdır. Statistik olaraq radar nəzarətinin olduğu ərazilərdə qəzaların və ağır nəticələrin azaldığı müşahidə olunur.
Problem daha çox radarların sayından çox onların yerləşdirilmə prinsipi və sürücülərlə kommunikasiya məsələsindədir. Əgər radarlar məntiqsiz, sürət limiti tez-tez dəyişən və ya aydın işarələnmə olmayan yerlərdə quraşdırılırsa, bu zaman sürücüdə ədalətsizlik hissi yaranır və psixoloji gərginlik artır.
Eyni zamanda cərimə siyasətinin balansı da vacibdir. Çox yüksək və ya tez-tez tətbiq olunan cərimələr davranış dəyişikliyindən çox narazılıq yarada bilər. Optimal yanaşma ondan ibarət olmalıdır ki, radarlar qəza riski yüksək olan ərazilərdə – məktəb zonaları, sıx yaşayış məntəqələri, təhlükəli döngələr və magistral keçidlərdə əsaslandırılmış şəkildə yerləşdirilsin, sürət limitləri aydın və sabit olsun, qabaqcadan xəbərdaredici nişanlar düzgün qurulsun və ictimaiyyətə bu nəzarətin məqsədi açıq şəkildə izah edilsin. Paralel olaraq maarifləndirmə kampaniyaları gücləndirilməli, sürücülərə cərimə ilə deyil təhlükəsizliklə bağlı mesaj verilməlidir.
Əlavə olaraq, texnologiyadan istifadə edərək “ağıllı nəzarət” modeli tətbiq oluna bilər. Yəni real vaxt trafik sıxlığına və risk səviyyəsinə görə dəyişən sürət limiti və nəzarət sistemi qurularsa həm effektivlik artar, həm də sürücülər bunu daha ədalətli qəbul edər.
Nəticədə radarların çoxluğu deyil, onların düzgün idarə olunması və şəffaf tətbiqi həm təhlükəsizliyi təmin edər, həm də psixoloji narahatlığı minimuma endirər".
Ayhan
13:30 21.04.2026
Oxunuş sayı: 58