Vətəndaş cəmiyyəti sülh prosesini necə dəyişir?
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində qeyd edib ki, bu gün, biz sülhün bəhrəsinin şahidiyik:
"Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir".
Bu fikirlər regionda sülh prosesinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətlərinin formalaşması, tranzit imkanlarının yaradılması və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin genişlənməsi artıq etimad mühitinin tədricən möhkəmləndiyini göstərir.
Bu kontekstdə sülhün yalnız dövlətlərarası siyasi razılaşmalarla deyil, həm də qeyri-hökumət təşkilatlarının, xüsusilə vətəndaş cəmiyyətinin aktiv iştirakı ilə davamlı xarakter alması məsələsi xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli Crossmedia.az-a açıqlama verib:

"Hazırda hər iki ölkənin vətəndaş cəmiyyətinin sülh prosesi çərçivəsində intensiv fəaliyyətini görürük. Dünya təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti nümayəndələrinin birbaşa ünsiyyət və birgə layihələr vasitəsilə xalqlar arasında mövcud olan stereotipləri dağıtmağa, münaqişədən zərər çəkmiş icmaların nümayəndələrini bir araya gətirməyə, təhsil və mədəniyyət mübadilələri təşkil etməyə qadirdir.
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri “Sülh körpüsü” təşəbbüsü yaradıblar və bu çərçivədə sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərinə inamı artırmaq səyləri göstərirlər.
Bu istiqamətdə atıla biləcək əlavə addımlar kimi birgə strateji sənədlərin, hesabatların hazırlanması, manipulyativ və nifrət dolu ritorikaya qarşı birgə addımlar planlaşdırılması və həyata keçirilməsi, ayrı-ayrı sahələrdə əməkdaşlığın qurulması üçün ilkin hazırlıq təşəbüslərini nəzərdə tutmaq olar. Ən vacib məsələ isə sülh prosesinin davamlı dəstəklənməsidir".
Ayhan
10:30 21.04.2026
Oxunuş sayı: 158