Başlıbel faciəsindən 33 il ötür
1993-cü ilin yazında, Kəlbəcər rayonu ərazisində baş verən və tarixə Başlıbel qətliamı kimi düşən faciədən bu gün 33 il ötür. Bu hadisə Qarabağ müharibəsinin ən ağır və insan talelərinə ən çox təsir edən hadisələrdən biri kimi yadda qalıb.
Aprelin əvvəlində bölgənin işğalı ilə Başlıbel kəndi tamamilə təhlükə altında qaldı. Təxminən 2 min nəfərlik əhalisi olan kənddə hər kəs ərazini tərk edə bilmədi.
Müxtəlif səbəblərdən geridə qalan 70-dən çox sakin mühasirə vəziyyətində qaldı. Onların bir qismi kənddən çıxmağa cəhd etsə də, bu cəhd uğursuz oldu – yolda hücumlara məruz qalanlar arasında həyatını itirənlər və girov götürülənlər oldu.
Kənddə qalanların böyük hissəsi çıxış yolunu dağlıq ərazilərdə yerləşən təbii kahalara sığınmaqda gördü. Bu sığınacaqlar yaşayış evlərindən kilometrlərlə uzaqda idi və insanlar burada tam təcrid olunmuş vəziyyətdə yaşamağa başladılar. Ərzaq, tibbi yardım və elementar yaşayış şəraiti demək olar ki, yox idi. İnsanlar soyuq, aclıq və daimi təhlükə altında günlərlə, həftələrlə yaşamaq məcburiyyətində qaldılar.
Təxminən iki həftə gizlənə bilən sakinlərin sığınacaqları sonradan aşkar edildi. Gecə saatlarında həyata keçirilən silahlı hücum faciənin ən ağır mərhələsi oldu. Dinc insanların gizləndiyi kahalara edilən hücum zamanı çoxsaylı insan qətlə yetirildi, bir qismi girov götürüldü, bəziləri isə itkin düşdü. Bu hücum, mühasirədə olan insanların artıq təhlükəsiz yerinin qalmadığını göstərirdi.
Sağ qalanlar yer dəyişərək digər sığınacaqlara çəkildi və mühasirə şəraitində yaşamağa davam etdi. Bu dövr təxminən 113 gün davam etdi. İnsanlar yalnız gecələr hərəkət edir, gündüzlər isə gizlənərək sağ qalmağa çalışırdılar. Su tapmaq, qida əldə etmək, xəstələrə kömək etmək son dərəcə çətin idi. Buna baxmayaraq, bir qrup insan bütün çətinliklərə dözərək mühasirəni yarıb çıxmağa nail oldu.
Şahidlərin danışdıqları:
Hadisənin şahidləri həmin günləri qorxu, qeyri-müəyyənlik və ümidsizliklə xatırlayır. Onların sözlərinə görə, kənddə evlər yandırılır, əmlak talan edilir, mülki şəxslərə qarşı zorakılıqlar törədilirdi. Qaçmağa çalışan insanlar yollarda hücumlara məruz qalır, bəzən isə gecə qaranlığında çayları keçərək xilas olmağa çalışırdılar. Xüsusilə qadınlar, uşaqlar və yaşlılar üçün bu proses daha ağır keçirdi.
Başlıbel faciəsinin şahidlərindən olan İsmət Əzizov 113 günlük mühasirə həyatı barədə xatirələrini bölüşüb:
"Aprelin 4-də saat 15-16 radələrində ermənilərin kəşfiyyat qrupu “UAZ” markalı maşınla Başlıbel kəndini yoxlayıb geri qayıtdılar. Ertəsi gün ermənilər daha böyük qüvvə ilə Başlıbelə soxulmuşdular.
Turbinlə baxıb ermənilərin kəndə gələn maşınların bir-bir nəzərdən keçirirdik - 1 ədəd ZİL-131, 1 ədəd QAZ-66, 1 ədəd UAZ vardı. Kənddən tüstü qalxanda əmin olduq ki, evləri yandırırlar. Bir az yuxarı qalxanda gördük ki, kəndi tüstü bürüdü. Qərara gəldik ki, gedib camaatla məsləhətləşək, ermənilər kənddən çıxandan sonra axşam qaranlıq vaxtı hamımız “Portda” kahalarına yığışaq.
Əslində hələ aprelin 3-də kənddə olarkən “Portda” kahalarına sığınmaq barədə qərar verilmişdi. Ağsaqqallar uzaq olduğuna görə “Nəbinin kahası”na getmək təşəbbüsümüzü bəyənməmişdilər, demişdilər ki, “Portda”ya getmək lazımdır.
Aprelin 5-də silahlı erməni quldurları 3 maşınla kəndə daxil olarkən əvvəlcə Kamal Əzimovun evini qarət edib yandırdılar, bir qədər sonra Muxtarov Qocanın evinə od vurdular. Bundan sonra onlar evlərə girərək xalçaları yığışdırmağa başladılar".
Başlıbel faciəsi sonrakı illərdə müxtəlif beynəlxalq hesabatlarda da qeyd olunub. Bu hadisə müharibə zamanı mülki əhaliyə qarşı törədilən zorakılıqlar kontekstində qiymətləndirilir.
Eyni zamanda, hadisə ilə bağlı xatirələr, sənədli materiallar və araşdırmalar hazırlanaraq ictimaiyyətə təqdim olunub.
Bu gün, 33 il sonra belə, Başlıbel faciəsi yalnız statistik rəqəmlərlə deyil, insan taleləri, yarımçıq qalan həyat hekayələri ilə xatırlanır.
Bu hadisə bir daha göstərir ki, müharibənin ən ağır yükünü silahsız insanlar daşıyır. Başlıbel qətliamı Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında dərin iz buraxıb və hər il bu kimi faciələrin unudulmaması, gələcək nəsillərə çatdırılması üçün xatırlanır.
Fatimə
16:55 18.04.2026
Oxunuş sayı: 57