Laçında Aqrar Biznes Festivalı keçirilib
Bu gün Laçın rayonunda növbəti Aqrar Biznes Festivalı keçirilib.
Crossmedia.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbir Prezidentinin Laçındakı Xüsusi Nümayəndəliyi ilə birgə təşkil edilib.
Festivalda 20-dən artıq dövlət və özəl müəssisə öz xidmət və məhsulları ilə təmsil olunub. Fermerlərə təqdim olunan subsidiya, kredit və aqrar sığorta mexanizmləri barədə ətraflı məlumat verilib, özəl sektor nümayəndələri tərəfindən yerli kənd təsərrüfatı məhsulları, toxum və ting materialları, yeni gübrə və pestisidlər, iqlimə davamlı sortlar və digər qabaqcıl məhsullar nümayiş edilib.
Festivalda aqrar xidmətlər, təchizat və təminat sahəsində fəaliyyət göstərən qurumlar iştirak edərək öz xidmət və imkanlarını nümayiş ediblər.
Rayonun aqrar potensialı nəzərə alınaraq festivalda heyvandarlıq sahəsinin inkişafı xüsusi diqqət mərkəzində olub. Bu istiqamətdə Heyvandarlıq və Baytarlıq elmi-tədqiqat institutları, eləcə də heyvandarlıq və balıqçılıq sahəsində fəaliyyət göstərən müəssisələr, həmçinin yem və baytarlıq preparatları istehsalçıları fəal iştirak edib, sahənin inkişafına yönəlik müasir yanaşmalar təqdim olunub.
Həmçinin, peşə təhsili sahəsində fəaliyyət göstərən müəssisələr də festivalda təmsil olunub, aqrar sahə üzrə ixtisasların tədrisi, kadr hazırlığı və praktik bacarıqların inkişafı istiqamətində həyata keçirilən proqramlar barədə məlumat təqdim ediblər.
Festivalda işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən yerli şirkətlər də iştirak edib, regionlarda həyata keçirilən aqrar fəaliyyətlər, istehsal imkanları və yeni təşəbbüslər barədə məlumat veriblər.
17:58 17.04.2026
Oxunuş sayı: 41