Putin hakimiyyətinin sonu! - Yerinə gələcək adamın adı açıqlandı - MÜSAHİBƏ
Son
zamanlar həm dünyada, həm regionda çox ciddi hadisələr baş verir. Dörd ildir
davam edən Rusiya- Ukrayna müharibəsində “finiş xəttinin” görünməməsi, ABŞ-
İran gərginliyi, həmçinin planetdə sürətlə qütbləşmənin baş verməsi bəzən belə
fikir yaradır ki, artıq ümüncü dünya müharibəsi başlayıb.
Əlbəttə,
Cənubi Qafqaz regionu da bu proseslərdən təsirlənir.
“Atlas”
Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu regionda və dünyada
verənlərlə bağlı Crossmedia.az-ən suallarını cavablandırıb.
-
Ermənistanda iyunun yeddisində keçiriləcək parlament
seçkiləri yaxınlaşdıqca İrəvan- Mosva münasibətlərində yeni dinamika müşahidə
olunur. Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfərindən sonra Ermənistandan
daxilində vəziyyətin gərginləşməsini, o cümlədən kilsənin diaspora müraciətini
və Paşinyanın kortejinin qəzaya uğramasını təsadüfi hesab etməyənlər də var.
Siz necə düşünürsünüz?
-
Aprelin
ikisində Rusiya Prezidenti Vladimir Putin Paşinyanla görüşdən xeyli narazı
qaldı. Putin kiminsə, xüsusilə medianın qarşısında ona cavab qaytarılmasına öyrəşməyib.
Amma Paşinyan faktiki olaraq Putinin bütün təkliflərinə etiraz etdi. Yəqin ki,
artıq Paşinyana təzyiqlərin artırılması barədə “düyməyə basılıb”. Bildiyiniz kimi,
iyunun yeddisində Ermənistanda parlament seçkiləri keçiriləcək. Düşünürəm ki,
Paşinyan qalib gələ biləcək. Hərçənd rəsmi Moskvanın ritorikasından belə məlum
olur ki, onların əsas namizədə iş adamı Samvel Karapetyandır. Çünki digərlərinin,
o cümlədən keçmiş prezident, Putinin yaxın dostu Robert Köçəryanın reytinqi elə
də çox deyil. Ermənistanda vəziyyət, doğrudan da, qarışır. Bunu Paşinyan da
anlayır ki və bilir ki, kilsənin, ordunun və ya radikalların əli ilə ona qarşı
addım atıla bilər. Ona görə də təhlükəsizlik tədbirlərini gücləndirib. Yəqin
ki, ABŞ-də onu qoruyur. Lakin seçkilərə qədər ölüm – itim olmasa, böyük
ehtimalla Paşinyan qalib gələcək.
-
Demək
istəyirsiniz ki, baş nazirə qarşı sui – qəsd ehtimalı da var?
-
İki
ehtimal var. Bunun biri hərbi çevriliş, digəri isə sui – qəsddir. Paşinyan bu
iki ssenaridən özünü sığortalaya bilsə, seçkilərdə qalib gələcək. Bizim üçün də
maraqlıdır ki, o, qələbə qazansın. Çünki Paşinyan bu il konstitusiya dəyişikliyinə
gedərək sülh sazişinə qol çəkə bilər. İkinci bir tərəfdən isə Tramp yolunun- Zəngəzur
dəhlizinin inşasına başlasın. Bundan sonra hakimiyyətə kim gəlirsə gəlsin, vəziyyət
dəyişməyəcək.
-
Bəs
müxalifət hakimiyyətə gəlsə revanşa cəhd ola bilər?
-
Hətta
radikal müxalifət üçün də, məncə, bu məsələ bitib. Məsələn, Karapetyan öz
çıxışlarında müxtəlif vədlər versə də, bu məsələyə toxunmur. Məlumdur ki,
Paşinyan “müxalifət hakimiyyətə gəlsə, yeni müharibə olacaq” tezisi ilə xalqı
müxalifətdən qoparmağa çalışır. Ona görə də radikallar xalqı sakitləşdirməyə
çalışırlar. Bu mənada Paşinyanın hakimiyyətdə qalmasında maraqlı olsaq da, fərqli
ssenaridən də çəkinmirik. Əksinə, bizə qarşı təxribat olsa, cavab verəcəyik.
-
Paşinyanın
Moskvaya ikinci səfəri gündəmə gəlib. Sizcə, ikinci görüşdə nələr müzakirə
oluna bilər?
- Yəqin ki, səfər 9 maya - Böyük Vətən Müharibəsi ilə bağlı ənənəvi parad vaxtına təsadüf edəcək. Paşinyan hər nə qədər Putinə cavab qaytarsa da, münasibətlərin pisləşməsini istəmir. Ona görə də paradda iştirak edəcək. Bu səfər çərçivəsində də müəyyən fikir mübadiləsi aparıla bilər. Dediyim kimi, Paşinyan “bütün körpüləri yandırmaq” istəmir. Putinlə ilk görüşündə də məqsəd cəmiyyətə “biz əlaqələri kəsmirik, qarşı tərəf bizə problem yaradır” mesajını vermək idi. Yəni baş nazir görüşlərdən imtina etməyəcək.
-
ABŞ-nin
Ukrayna məsələsində Rusiyanın maraqlarına uyğun davrandığını nəzərə alsaq, Moskva
da oxşar jesti Cənubi Qafqazda edə bilər?
-
Həm
dünyada, həm də regionda geosiyasi durum dəyişir. Rusiyanın bölgəyə təsir
imkanları əvvəlki qədər deyil. Azərbaycan artıq Rusiya iəl bağlı deyil. Hərçənd
biz münasibətlərin normal olmasını istəyirik. Ukrayna ilə müharibədə Rusiyanın
Cənubi Qafqazda imkanlarını zəiflədir. Prezident İlham Əliyevin bir neçə il əvvəl
Gürcüstana səfərində təklif etdiyi Cənubi Qafqaz evini uarada bilsək, Rusiyanın
təsir imkanlarını minimuma endirə bilərik. ABŞ-yə gəldikdə isə deməliyəm ki, Cənubi
Qafqazın hər üç dövləti- Azərbaycan, Gürcüstan və Ermənistanla normal münasibətlərə
baxmayaraq, bu o demək deyil ki, region ABŞ-nin “arxa bağçasıdır”. Bakı, Tbilisi
və İrəvan istəyir ki, böyük dövlətlərin regionla bağlı maraqları uzlaşsın, kəsişməsin.
Rusiyada müəyyən dairələr Tramp yoluna qarşı çıxsalar da, əslində bu layihə həm
Tehranın, həm də Moskvanın xeyrinədir. Çünki ticarət əlaqələri inkişaf edə,
iqtisadi divident yarana bilər.
-
Sülh
sazişi mətninin ABŞ-də paraflandığını nəzərə alsaq, mümkün saziş də orada
imzalana bilərmi?
-
Ağ
Ev rəhbəri Donald Tramp bunu istəyə və buna çalışa bilər. Əslində sülh
sazişinin harada imzalanması o qədər əhəmiyyətli deyil. Əsas odur ki, Ermənistan
konstitusiyasını dəyişsin. Bundan sonra sülh sazişini sərəhəddə də, Türkiyədə də,
Qazaxıstanda da, ABŞ-də də imzalamaq olar.
-
Bu
yaxınlarda Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov dedi ki, müharibə
yaxın zamanda bitə bilər. Sizcə, Ermənistanda keçiriləcək parlament seçkilərinə
qədər bu, mümkündür?
-
Düşünmürəm.
Tərəflər arasında hazırda əsas məsələ, müharibənin “düyün nöqtəsi” Donbasla bağlıdır.
Rusiya Donbası tamamilə işğal etmək istəyir. Lakin bu, mümkün deyil. Bacarsa idi,
dörd il ərzində edərdi. Ukraynanın müharibə gücü getdikcə artır. Hər iki tərəf
itkilər verir. Rusiya istəyinə çata bilmədiyinə görə, müharibəni dayandırmaz. Moskva
Donbasda imtina etmədiyi üçün Kiyev qarşı tərəfin şərtlərini qəbul etməz. Yəni
savaş hələ davam edəcək.
-
Sizcə,
müharibənin davam etməsi üçün ölkələrdən ən
azı birində hakimiyyət çevrilişi şərtdir? Yoxsa hazırkı liderlər- Putinlə
həmkarı Volodimir Zelenski razılığa gələ bilər?
-
Razılığa
gələ biləcəklərinə inanmıram. Ukraynada hakimiyyət dəyişikliyi olsa, belə, kimsə
- heç bir prezident ərazi itkisi il razılaşmaz. Amma Rusiyada hakimiyyət dəyişsə,
vəziyyət kökündən dəyişə bilər.
-
Sizcə,
yaxın gələcək üçün Rusiyada belə bir ssenari realdır?
-
Bu,
Putinin sağlamlığından asılıdır. Rusiyada ikinci fiqur baş nazir Mixail
Mişustindir. Məncə, o, müharibənin əleyhinədir. Çünki iqtisadçıdır və ölkəsinin
iqtisadi inkişafı barədə düşünür. Təsadüfi deyil ki, Mişustin heç vaxt müharibə
barədə danışmayıb. O hakimiyyətə gəlsə, bəlkə də, müharibə bitə bilər. Ukraynadan
fərqli olaraq Rusiyada hakimiyyət dəyişikliyi müharibənin bitməsinə gətirib
çıxara bilər.
-
Son
zamanlara qədər Rusiya – Ukrayna müharibəsi konteksində nüvə silahının tətbiqi
məsələsi gündəmə gəlmişdi. Artıq Şərqi Avropa ilə bağlı bu versiya unudulsa da,
bu dəfə ABŞ- İsrail tandemi ilə İran arasında savaş fonunda nüvə maharibəsindən
danışıldı. Bu ssenariyə nə qədər yaxınıq?
-
Fikrimcə,
Rusiyanın bu təbliğat daha çox çəkindirmək məqsədli idi. Başqa sözlə, Moskva
blef edirdi. Rusiya Qərbi qorxutmaq istəyirdi, amma bu, faydasız oldu. Ona görə
də bu mövzunu aradan qaldırdılar. Yaxın Şərqə gəldikdə isə İsrail bunu etiraf
etməsə də, nüvə silahı var. Amma bu, rəsmi Təl- Əvivə lazım deyil. Çünki İran zəiflədilib,
ali dini lider aradan götürülüb, ölkənin havadan müdafiə sistemi zərərsizləşdirilib.
Hərçənd İranda rejim arada qalxıb. Ona görə də on ildən sonra itirdiklərini bərpa
edə bilər. ABŞ və İsrailin ən böyük qorxusu odur ki, İran nüvə silahı əldə etsə,
bundan tətbiq edə, hətta proksilərinə ötürə bilər. Ona böyük təhlükə yarana bilər.
-
Siz
də bu fikirdəsiniz ki, rəsmi Tehran bu addıma gedə bilər?
-
Mümkündür.
Hər halda Körfəz ölkələrinə zərbə endirməsi, neft- qaz obyektlərini, turizm mərkəzlərini
vurması o deməkdir ki, İran bütün riskləri gözə alır.
-
Pakistan danışıqlarını necə qiymətləndirirsiniz?
-
Pakistan görüşü “nəbz yoxlaması” idi. Orada
nəticə əldə olunmaması gözlənilən idi. Çümki tərəflərin tələbləri bir – birindən
xeyli fərqlənirdi. Amma uranın zənginləşdirilməsi və Hörmüz boğazının açılması
ilə razılıq əldə oluna bilərdi. Xüsusilə nəzərə almaq lazımdır ki, Hörmüz boğazı ilə bağlı məsələ müharibədən əvvəl yox idi. İkinci
raund keçiriləcək. Burada İran Hörmüz boğazı ilə bağlı geri addım ata bilər. Çünki
özü də pis vəziyyətdə qalıb, neft sata bilmir.
Növbəti görüşdə nəticə əldə olunması mümkündür. Müharibə kimsəyə sərf etmir.
-
Türkiyə prosesə daxil ola bilər?
-
Türkiyə onsuz da prosesin içindədir və fəallığını
davam etdirir. Türkiyə müharibənin əleyhinədir. Mümkündür ki, İslamabadla yanaşı,
İstanbul və ya Ankarada da görüşlər keçirilsin.
-
Türkiyə xarici işlər naziri Hakan Fidanın İsralin
Türkiyəyə müharibə elan edə biləcəyinə dair açıqlaması ciddi müzakirələrə səbəb
oldu. Hətta bəzi ekspertlərin fikrincə, Fidan indiki həssas məqamda bu
açıqlamanı verməməli idi. Siz necə düşünürsünüz?
-
Düşünmürəm ki, İsrail ağlını bu qədər
itirsin. Türkiyə nə İran, nə Fələstindir. Türkiyənin hədəf seçilməsi bölgə üçün
böyük fəlakət ola bilər. Yeri gəlmişkən, iki dövlət arasında münasibətlərin bu
qədər gərginliyi Azərbaycana da sərf etmir. Çünki Türkiyə Azərbaycanın strateji
müttəfiqidir, İsraillə tərəfdaşlıq münasibətimiz var. Amma rəsmi Bakı anlayır
ki, gərginliyin obyektiv səbəbləri var. İsrail uzun illərdir ki, kürdlərə dəstək
verir. İsraildə hazıkrı siyasətlə bağlı ciddi düşünməlidirlər. Netanyahunun
yerinə solçu bir siyasətçi hakimiyyətə gəlsə, münasibətlər qismən düzələ bilər.
-
Elxan müəllim, bəziləri düşünür ki,
Netanyahunun hakimiyyəti müharibələrdən asılı vəziyyətə düşüb və qarşıdurmalar
dayansa, onun istefası tələb olunacaq. Siz necə düşünürsünüz?
-
İsraildə bunu tələb edənlər var. Amma nəzərə
almaq lazımdır ki, İsrail cəmiyyəti mühafizəkardır. İranla müharibədə olduğu
kimi, Livanla döyüşlərdə də hakimiyyət dəstəklənir. Lakin növbəti seçkilərdə
hakimiyyətə solçu siyasətçi gələ bilər. Düşünürəm ki, bütün problemlərin kökündə
Fələstin məsələsi dayanır. İsrail Fələstinin müstəqilliyini tanısa, bir çox problem
həll edər. Amma Təl- Əviv də düşünür ki, Fələstinin müstəqilliyi tanınsa,
İsrailin təhlükəsizliyi necə həllini tapacaq?
-
Son zamanlar ABŞ-nin NATO-dan çıxması
ciddi müzakirə olunur. Sizcə, Vaşinqton buna gedəcək?
-
İnanmıram. Ağ Ev rəhbəri Donald Tramp buna
təkbaşına qərar verə bilməz. Konqresdən icazə alınmalıdır. İkincisi, ABŞ
NATO-dan çıxsa, Avropadakı hərbi bazalarını itiri bilər. Bu, ABŞ-nin təhlükəsizliyi
üçün ciddi təhlükə yarada bilər. Əgər ABŞ bazalarını itirsə, həm mümkün əməliyyatlara
gücü çatmayacaq, həm də fövqəl statusunu itirəcək. Bu boşluğu da əsas rəqibi
Çin dolduracaq. Ona görə də Trampın bəyanatlarına rəğmən, ABŞ NATO-dan çıxmaz. Üstəlik,
Trampın üç il müddəti qalıb. Hakimiyyətə yenidən Demokratlar gələ bilər. Həmçinin
Tramp vitse- prezident Cey Di Vensi də “xərclədi”. Onu Pakistan danışıqlarına
göndərdə, amma uğursuz oldu. Macarıstandakı seçkilərlə məşğul olmasını istədi,
bu da istənilən effekti vermədi. Yəni Vens uğursuz nəticələrlə yadda qaldı.
-
Yeri gəlmişkən, Macarıstandakı seçkilərin
nəticəsini və rəsmi Budapeştin bundan sonrakı xarici siyasət kursunu necə qiymətləndirirsiniz?
-
Seçkilərin nəticəsi həm Rusiya, həm də ABŞ
üçün gözlənilməz oldu. Çünki hər ikisi keçmiş baş nazir Viktor Orbanı dəstəkləyirdi.
Trampın seçkilərin nəticəsini bilə- bilə ora
Vensi göndərməsi də əslində təəccüblüdür. Hər halda bu, onun mövqeyinə zərbə
oldu. Seçkilərdə qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar
Avropa İttifaqı ilə münasibəti yaxşılaşdıracağını deyir. Rusiya ilə əvvəlki
isti münasibəltər olmasa da, əlaqələr tamamilə dayandırılmayacaq. Çünki Rusiya
nefti Macarıstana lazımdır. Macarıstan, həmçinin Türk Dövlətləri Təşkilatının
müşahidəçi üzvüdür. Yəqin ki, yəni baş nazir də ölkəsinin türk dövlətləri ilə
bağlı xarici siyasətini davam etdirəcək. Bu, hər şeydən əvvəl Budapeştin özünə
lazımdır.
-
Sonda, ABŞ- Çin münasibətlərinin hazırkı səviyyəsini
necə qiymətləndirirsiniz? İranla gərginlik tam aradan qalxandan sonra yeni
müharibə başlaya bilər?
-
Ümumiyyətlə, bütün gərginliklərin kökündə
ABŞ- Çin rəqabəti dayanır. Bir neçə ildən sonra iqtisadi gücünə görə Çin ABŞ-ni
ötəcək. Çinin həm iqtisadi, həm də hərbi gücü artır. İran rejiminin ayaqda
qalmasında da Çinin mühüm rol oynadı. Əgər İran rejimi çöksə idi, bu,
Venesueladan sonra Pekinin növbəti məğlubiyyəti olacaqdı. Trampın martın
sonunda Çinə səfəri gözlənilirdi. Düşünürdü ki, İran müharibəsində qalib olacaq
və əli güclü formada Çinə gedəcək. Amma bu, olmadı. Mayın ortalarında Trampın
Çinə getməsi proqnozlaşdırılır. Lakin bu da şübhəlidir. Ümumiyyətlə, hazırkı vəziyyət
Soyuq müharibədən əvvəl ABŞ ilə SSRİ arasındakı durumu xatırladır. Dünya
faktiki olaraq iki yerə bölünmüşdü. İndi də mənzərə təxminən eynidir. İndi
Çinin tərəfdaşları daha çoxdur. Məsələn, “Bir kəmər, bir yol” layihəsi vasitəsilə
Pekin xeyli tərəfdaş qazanıb. Düşünürəm ki, ABŞ- Çin rəqabəti xeyli davam edəcək.
Kimin qalib gələcəyini demək çətindir, amma Çin hərbi toqquşmada maraqlı deyil.
Çünki Rusiyadan fərqli olaraq
iqtisadiyyatını düşünür. Əgər Rusiya da iqtisadiyyatını düşünsə idi müharibəyə
başlamazdı.
19:34 16.04.2026
Oxunuş sayı: 66