Zəngəzur dəhlizi uğrunda geosiyasi mübarizə - Azərbaycanın strateji hədəfi qarşısında hansı maneələr var?
Prezident İlham Əliyevin “Bakl Enerji Həftəsi”də səsləndirdiyi “Zəngəzur dəhlizi mütləq inşa ediləcək” ifadəsi Azərbaycanın bu layihəyə verdiyi strateji əhəmiyyəti bir daha nümayiş etdirir.
Regionun nəqliyyat və logistika xəritəsini dəyişdirə biləcək bu layihə təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz, Türk dünyası və Avrasiya məkanında yeni iqtisadi və siyasi imkanlar vəd edir.
Bununla belə, dəhlizin reallaşdırılması ətrafında müzakirələr davam edir. Bir tərəfdən layihəyə maraq göstərən dövlətlər və beynəlxalq tərəfdaşlar mövcuddursa, digər tərəfdən müxtəlif geosiyasi amillər prosesə təsir göstərməkdədir.
Bəs bu gün Zəngəzur dəhlizinin açılması qarşısında hansı maneələr qalır və bu layihənin regionun gələcək siyasi düzənində rolu nə qədər böyük olacaq?
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqmama verib:

“Zəngəzur dəhlizi ilə bağlı Prezidentin bəyanatı bir daha göstərir ki, Azərbaycan bu dəhlizə özünün strateji hədəflərindən biri kimi baxır. Prezidentin qətiyyətlə səsləndirdiyi fikirlər həm də onu ifadə edir ki, Azərbaycan bu dəhlizin açılmasına nail olmaq üçün bütün dövlət resurslarından sonadək istifadə edəcək.
Zəngəzur dəhlizi Azərbaycanın Vətən müharibəsi nəticəsində yaratdığı yeni reallıqlar çərçivəsində xüsusi yer tutur. Lakin hələlik bu, tam reallaşmış layihə deyil.
Bununla belə, Vətən müharibəsindən sonra ortaya çıxmış ən mühüm və perspektivli layihələrdən biridir. Təəssüf ki, dəhlizin açılması üçün bütün rıçaqlar tam şəkildə Azərbaycanın əlində deyil. Zəngəzur dəhlizinin mümkün layihə kimi gündəmə gəlməsi və formalaşdırılması Azərbaycanın mühüm nailiyyətidir.
Ancaq onun reallaşdırılması üçün zəruri olan bütün imkanlar ölkəmizin nəzarətində deyil. Məhz buna görə də bu layihə müxtəlif istiqamətlərdən həm dəstək, həm də maneələrlə qarşılaşır”.
Politoloq qeyd edib ki, Türkiyə, Azərbaycan və müəyyən mənada Ermənistanın özü də dəhlizin açılmasında maraqlıdır:
“Lakin hazırkı şəraitdə bu layihənin reallaşmasını istəməyən qüvvələr də mövcuddur. Həmin qüvvələr müxtəlif istiqamətlərdən çıxış edir və onların mövqeyi Zəngəzur dəhlizinin açılması prosesində əlavə çətinliklər yaradır.
Xüsusilə qeyd etmək lazımdır ki, Trampın təşəbbüsü kimi təqdim olunan layihə ətrafında müzakirələrdən sonra Rusiyanın və İranın, zahirdə daha yumşaq görünən, lakin pərdəarxasında ciddi maneələr yaratmağa çalışdığı müşahidə olunur. Bu gün artıq açıq şəkildə görünür ki, nə Rusiya, nə də İran Zəngəzur dəhlizinin Tramp layihəsi əsasında açılmasına tam razı deyil. Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi bəyanat da bunu müəyyən mənada təsdiqləyir.
O bildirib ki, Rusiyanın bu bölgədə maraqları daimidir və Moskva regionu tərk etmək niyyətində deyil. Bu bəyanatdan sonra səslənən digər fikirlər də göstərir ki, Rusiya ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda uzunmüddətli və ciddi maraqlarının formalaşdığını anlayır və bunu açıq şəkildə ifadə edir.
Bu isə o deməkdir ki, xüsusilə Rusiya və İran Zəngəzur dəhlizinin Trampın irəli sürdüyü model əsasında açılmasına qarşı sonadək müqavimət göstərəcəklər. Lakin Azərbaycan da əldə etdiyi bu tarixi imkanın boşa çıxmasına şərait yarada bilməz. Azərbaycanın səyləri davam edəcək.
Ancaq nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinin açılması prosesi böyük çətinliklərdən keçə bilər. Buna baxmayaraq, Azərbaycana qarşı nə qədər maneələr yaradılarsa yaradılsın, ölkəmiz bu layihəni sona çatdırmaq iqtidarındadır”.
Ayhan
13:45 01.06.2026
Oxunuş sayı: 54