İşğaldan azad olunan ərazilərdə alternativ yol çəkilir - Detallar məlum oldu
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələrinin mühüm hissəsini təşkil edən nəqliyyat infrastrukturu daha bir yeniliklə diqqət mərkəzinə gəlib. Füzuli və Şuşa istiqamətində nəqliyyat əlaqələrinin daha sürətli, təhlükəsiz və rahat şəkildə təmin olunması məqsədilə inşa edilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu artıq ödənişli əsaslarla fəaliyyət göstərəcək.
Tarif (qiymət) Şurasının növbəti iclasında sözügedən magistraldan istifadəyə görə tətbiq olunacaq tariflər təsdiqlənib. Yeni qərar həm minik və yük avtomobilləri, həm də avtobus və digər nəqliyyat vasitələri üçün ödəniş məbləğlərini müəyyənləşdirir. Rəsmi məlumata görə, alternativ marşrutla müqayisədə daha qısa məsafə və yüksək sürət imkanları təqdim edən yol istifadəçilərə vaxt və yanacaq sərfiyyatına qənaət etmək imkanı yaradacaq.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Alternativ avtomobil yolları ilə yanaşı, ödənişli magistralların tətbiqi dünyanın bir çox ölkəsində uğurla istifadə olunan nəqliyyat modellərindən biridir. Bu sistem sürücülərə seçim imkanı yaradır: vətəndaş istər ödənişsiz alternativ marşrutdan, istərsə də daha sürətli, təhlükəsiz və komfortlu hərəkət imkanı təqdim edən ödənişli magistraldan istifadə edə bilər.

Ödənişli yolların əsas üstünlüklərindən biri vaxt itkisinin minimuma endirilməsidir. Belə yollar yüksək sürət həddi, müasir infrastruktur, təhlükəsizlik standartları və nəqliyyat axınının daha səmərəli təşkili ilə fərqləndiyindən sürücülərin mənzil başına daha qısa müddətdə çatmasına şərait yaradır.
Bununla yanaşı, ödənişli magistrallar yükdaşımaların və logistika sektorunun inkişafına da müsbət təsir göstərir. Yük nəqliyyat vasitələrinin daha sürətli hərəkəti daşınma müddətini və xərclərini azaltmaqla yanaşı, tranzit potensialının genişlənməsinə, beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artmasına xidmət edir".
Ekspertlər hesab edirlər ki, bu sistem yol infrastrukturunun saxlanılması və inkişafı üçün əlavə maliyyə mənbəyi formalaşdırır: "Toplanan vəsait yolların təmiri və yenidən qurulmasına, təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə, işıqlandırma və digər xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəldilə bilər. Dünya təcrübəsinə nəzər saldıqda, Türkiyə, ABŞ, Fransa, İtaliya və İspaniya kimi ölkələrdə ödənişli magistralların geniş tətbiq olunduğu görünür. Bu ölkələrdə əsas prinsip ödənişli yolun alternativi olan ödənişsiz marşrutun da mövcudluğunun təmin edilməsidir. Beləliklə, sürücülər öz ehtiyac və imkanlarına uyğun olaraq seçim etmək hüququna malik olurlar.
Qarabağ və Şərqi Zəngəzur istiqamətində də bu modelin tətbiqi regiona səfər müddətinin azalmasına, turizm potensialının daha səmərəli reallaşdırılmasına, yükdaşımaların sürətlənməsinə və müasir yol infrastrukturunun uzunmüddətli qorunmasına mühüm töhfə verə bilər. Alternativ marşrutların mövcudluğu şəraitində ödənişli yollar nəqliyyat sisteminin daha səmərəli, dayanıqlı və müasir prinsiplər əsasında fəaliyyət göstərməsinə xidmət edən vacib mexanizmlərdən biri kimi qiymətləndirilir".
Elmir Heydərli
13:13 02.06.2026
Oxunuş sayı: 91