DİM xəbərdarlıq edir - “Bal artırırıq” vədinə aldanmayın
Rəqəmsal platformaların geniş yayılması ilə yanaşı, internet üzərindən dələduzluq halları da artmaqdadır.
Xüsusilə qəbul və buraxılış imtahanları dövründə bəzi şəxslər sosial şəbəkələrdən istifadə edərək abituriyentlərin və valideynlərin etimadını qazanmağa, onları müxtəlif vədlərlə aldatmağa çalışırlar.
Dövlət İmtahan Mərkəzi bu təhlükə ilə bağlı növbəti dəfə ictimaiyyətə müraciət edərək sosial şəbəkələrdə fəaliyyət göstərən saxta hesablar barədə xəbərdarlıq edib.
Qurum bildirib ki, ödəniş müqabilində imtahan nəticələrinin artırılacağına dair yayılan təkliflər tamamilə əsassızdır və vətəndaşların maddi ziyana məruz qalmasına yönəlmiş dələduzluq cəhdləridir.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Balların hər hansı üsulla artırılması mümkün deyil. Dövlət İmtahan Mərkəzinin informasiya sistemləri və imtahan nəticələri müasir təhlükəsizlik mexanizmləri, o cümlədən kibertəhlükəsizlik tədbirləri ilə etibarlı şəkildə qorunur.
Balların artırılması ilə bağlı vədlər verən şəxslər insanları aldatmağa çalışır, onların etimadından sui-istifadə edirlər. Buna görə də DİM və mütəxəssislər vətəndaşlara belə hallara qətiyyən inanmamağı tövsiyə edirlər.
Əgər bu kimi təklif və ya iddialarla qarşılaşan şəxslər olarsa, dərhal aidiyyəti qurumlara məlumat vermələri məqsədəuyğundur.
Bu cür əməllər qanunvericiliyə zidd olmaqla yanaşı, cinayət tərkibi yarada bilər və müvafiq dövlət orqanları tərəfindən araşdırılaraq qanunamüvafiq tədbirlər görülməlidir".
Elmir Heydərli
11:00 02.06.2026
Oxunuş sayı: 56