Qarapapaqların səfiri - Valeh Hacılar
Bir vaxtlar Borçalıda yaşayan soydaşlarımızın sosial və mədəni vəziyyəti ilə bağlı Bakıda müxtəlif tədbirlər keçirilir, fikir mübadilələri aparılırdı.
Belə tədbirlərdə əksər hallarda soydaşlarımıza yol göstərilməli, onların maarifləndirilməli, davamlı təlimlər keçirilməli olduğu fikri təkrar olunurdu. Belə məclislərin birində bu yanaşmaya etiraz etmək ehtiyacı hiss edib söz aldım.
Bildirdim ki, bu coğrafiya haqqında təsəvvürlər bu qədər bəsit ola bilməz; tarixə nəzər salsaq, görərik ki, milli teatrımız Tiflisdə formalaşandan iki il sonra Bakıya daşındı, ilk müəllim nəslimiz Qori seminariyasında yetişdi, mətbuat tariximizin mühüm bir qatı məhz Tiflis mühitində təşəkkül tapdı.
Eləcə də bir çox fikir və ədəbiyyat adamlarımız dövrün dini və ictimai təzyiqlərindən qaçıb bu mühitdə yetişdilər. Bu, reallığın yalnız bir tərəfidir.
Hətta Cümhuriyyətin elan olunduğu məkanın da Tiflis olması bu şəhərin mədəni və siyasi yaddaşımızdakı yerini ayrıca bir qat kimi göstərir.
Bu baxımdan məsələni yalnız “maarifləndirmə ehtiyacı” kimi təqdim etmək doğru deyil; problemin köklərini daha dərin tarixi və mədəni-coğrafi kontekstdə dərk etmək lazımdır.
Təbii ki, bu fikirləri söyləyəndə gözümün önündə həmin dövrdə Tiflisdə, Borçalıda öz şəxsiyyəti və ziyalılığı ilə örnək olan onlarla ziyalını canlandırırdım.
Bu ziyalıların önündə isə Borçalının torpağı, daşı, insanı ilə danışan, onun təəssübünü çəkə bilən bir ziyalı, alim, akademik Valeh Hacılar dayanırdı.
Onun varlığı Borçalıda milli kimliyimizin, yaddaşımızın canlı abidəsi idi. Bu gün onun doğumunun 75-ci ili tamam olur. Ölümündən 16 il keçsə də, onun adı hələ də soydaşlarımızın yaddaşında bir abidə kimi ucalır.
Valeh Hacıların Borçalıdan, Darvaz kəndindən başlayan ömür yolu bir xalqın yaddaşına, Azərbaycan və gürcü xalqlarının iki fərqli mədəniyyətinin ortaq ruhuna çevrildi. Bir dağ kəndindən çıxıb Türk dünyasına adını yazdıra bildi.
Tiflisdə tələbələrinə sadəcə ana dilini öyrətmirdi, həm də etnik azlıq kimi milli yaddaşı, türk kimliyini, öz mədəniyyətinə və milli ruhuna necə sahib çıxmaq cəsarətini aşılayırdı.
Bir alim kimi unudulmuş milli folklorumuzu yenidən araşdırır, onu kitablara köçürür, xalqın yaddaşında bu izləri təzələyirdi. Qarapapaqların min illərdən süzülüb gələn dastan yaddaşını, aşıq yaradıcılığını, bayatı dilini araşdırıb ortaya çıxarır, türk xalqlarının ortaq şifahi xalq ədəbiyyatına qazandırırdı.
Valeh Hacılar sadəcə bir müəllim, alim deyildi. O, ictimai fəaliyyətində də Borçalıların səsi olmağa çalışır, yarım milyonluq bir toplumu hər yerdə ləyaqətlə təmsil edirdi.
Dünya azərbaycanlılarının toplantılarında Borçalını mənəvi və ruhi cəhətdən Azərbaycanın bir hissəsi kimi təqdim edirdi. O, bütün Türk dünyasında sanki Qarapapaqların səfiri idi.
Borçalının tarixi həmişə çox xəsisliklə yazılıb, bəzən isə buna heç lüzum görülməyib. Valeh Hacılar bölgənin qəhrəmanlarını araşdırıb ortaya çıxarmaqla həm də bu coğrafiya üçün yeni bir tarix yazırdı.
Bu gün onun araşdırdığı qəhrəmanlıq səhifələri artıq tariximizin danılmaz bir parçasıdır; bu tarixi əsla silə bilməzlər.
Buna görə də Valeh Hacılar təkcə xalq tərəfindən sevilmirdi, həm də dövlət orqanlarında hörmətlə qarşılanırdı. Sözün həqiqi mənasında o, Azərbaycanda Gürcüstanın səfiri, Gürcüstanda isə Azərbaycanın qeyri-rəsmi səfiri rolunu oynayırdı.
Valeh Hacılar 2010-cu ildə cismani olaraq ata yurdu Darvazda torpağa tapşırıldı, amma onun adı Borçalıların yaddaşında özünə əbədi yer etdi.
Türkiyədə Valeh Hacıların adına araşdırmalar mərkəzi fəaliyyət göstərir, hər il Türk dünyasına xidmət edən elm adamlarına onun adını daşıyan mükafat təqdim olunur.
Valeh Hacıların adı ölümündən sonra belə bütün Türk dünyasında hörmətlə yad olunur, onun adı xidmətə davam edir.
Bu gün Valeh Hacıların adı sözün yaddaşa çevrildiyi, yaddaşın mədəniyyətə, mədəniyyətin isə zamana qalib gəldiyi bir məqama çevrilib.
Ruhu şad olsun!
17:17 16.04.2026
Oxunuş sayı: 1343