Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına kimlər və niyə mane olur? - Fikirlər haçalandı
Müasir dövrdə iqtisadiyyatın dayanıqlı inkişafı və orta sinfin formalaşması baxımından kiçik sahibkarlığın rolu getdikcə daha da artır. Lakin mövcud reallıqlar göstərir ki, bu sahənin potensialından tam istifadə etmək üçün yalnız maliyyə dəstəyi kifayət etmir, eyni zamanda sistemli yanaşma və effektiv mexanizmlərin tətbiqi zəruridir. Xüsusilə bazara çıxış imkanlarının genişləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və institusional baryerlərin aradan qaldırılması kiçik sahibkarlığın inkişafında əsas prioritetlər kimi çıxış edir.
Bu baxımdan, kiçik sahibkarlara dəstək məqsədilə həyata keçirilə biləcək layihələr və paralel olaraq tətbiq olunmalı hüquqi tənzimləmələr məsələsi aktuallıq qazanır. Sahibkarlıq mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən hala gətirilməsi üçün hansı addımlar atılmalıdır və bu sahədə hansı mexanizmlər daha effektiv nəticə verə bilər? Bu suallar ətrafında aparılan müzakirələr iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, kiçik sahibkarlığın dəstəklənməsi Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir: "Kiçik sahibkarlar üçün kifayət qədər vergi güzəştləri var. Eyni zamanda 2026-cı ilin yanvarından etibarən kiçik sahibkarlar üçün vergi güzəştləri eləcə də sadələşmiş vergi dövriyyəsi 200 min manatdan 400 min manatadək artırıldı. Bu da xüsusən mikrosahibkarların sadələşmiş vergidən daha yaxşı istifadə etməsinə və daha çox sahibkarların bu imkandan yaranmasına gətirib. Artıq biz mikrosahibkarların bu imkanlardan yarandığını görürük. Eyni zamanda həm sənaye parklarında, həm də Qarabağ və Şərqi Zəngəzurda sahibkarlar üçün praktik olaraq deyə bilmərik ki, bütün güzəştlər tətbiq olunub. Bunlar vergi güzəştlərindən istifadə etməklə öz biznesini qurmaq və artırmaq imkanlarıdır. Bu istiqamətdə dəstək davam etdirilir və cənab prezident İlham Əliyevin də davam etdirdiyi siyasət mikrokiçik və orta sahibkarların özünü inkişaf etdirməsini özündə ehtiva edir".

ReAL partiyasının sədri Natiq Cəfərli isə söyləyib ki, kiçik və orta sahibkarlığın inkişafına mane olan məsələlər aradan qaldırılmalıdır: "Təbii ki, onlara vergi və gömrük güzəştləri olmalıdır, ucuz kreditə çıxış imkanları yaradılmalıdır. Ən vacibi isə tənzimləyici işlərə müdaxilə edən qurumların sayı azaldılmalıdır. Azərbaycanda hazırda onlarla qurum var ki, biznesin işinə birbaşa müdaxilə etmək hüququ var. Onların ya səlahiyyəti məhdudlaşdırılmalıdır, ya da məhv edilməlidir. Ən böyük dəstək məhz bu olar".

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov düşünür ki, Azərbaycanda sahibkarlıq üçün əsas problem qanunçuluqdur: "Sahibkarlıq və bazar iqtisadiyyatının 3 əsası var: mülkiyyətin müdafiəsi, bağlanılan müqavilələrin icrası və sağlam rəqabət. Yəni mənim mülkiyyətim var və bunu heç kim almayacaq. Bu gün Azərbaycanda nəinki sahibkarın obyektini, hətta vətəndaşın mülkünü alırlar ki, burada hansısa tikinti olacaq. Sahibkar kiminləsə müqavilə bağlayarkən əmin olmalıdır ki, müqavilə bağladığı adam onu aldatsa hüquqları qorunacaq. Bu da yoxdur. Məhkəmədə kim çox pul verirsə, qərar ondan yana çıxır. Sağlam rəqabət də mühüm şərtdir. Bu, ümumiyyətlə yoxdur. Məmurlar harada uğurlu biznes görürsə, sahiblarları sıxışdırıb özləri o işə girir. Məhkəmə isə onları müdafiə edir".

Hüquq müdafiəçisi Əliməmməd Nuriyevin sözlərinə görə, üç əsas struktur problem mövcuddur: "Birinci, bazara çıxışın məhdudluğudur. Kiçik sahibkarın əsas problemi kapital yox, bazardır. İstehsal edir, amma onu harada çatdırmalıdır? Problem budur. Dövlət adına çıxış formal olaraq açıq olsa da, faktiki olaraq mürəkkəb bir prosesdir. Mürəkkəb prosedurlardan ibarətdir və demək olar ki, kiçik sahibkarın dövlət adına çıxış imkanları da bağlıdır. Burada maliyyə təminatlı tələblər var, institusional baryerlər var ki, bunlar da kiçik subyektləri mövcud dövlət satınalmalarından kənarda saxlayır. Başqa bir struktur problemi hüquqi risklərin yüksək olmasıdır. Kiçik sahibkar üçün bir müqavilə mübahisəsi və ya inzibati cərimə onun biznesinin sonu ola bilər. Ona görə də hüquqi müdafiə mexanizmləri həm bahadır, həm də uzunmüddətlidir. Bu da hüquqi risklərin səviyyəsini yüksəldir. Digər məsələ inzibati yük və qeyri-müəyyənlikdir. Eyni fəaliyyət üçün müxtəlif qurumların paralel tələbləri var. Normativ aktlar tez-tez dəyişir. Halbuki qanunvericiliyə görə sabitlik təmin olunmalıdır və normativ hüquqi aktlar qısa müddətdə dəyişməməlidir. Amma biz görürük ki, dəyişir. Bu da kiçik sahibkarı qeyri-sabit mühitdə fəaliyyət göstərməyə məcbur edir. Əsas dəyişiklik konseptual olmalıdır. Kiçik sahibkarları subsidiyalarla deyil, hüquqi qoruma ilə inkişaf etdirmək lazımdır. Bunun üçün bir neçə mühüm prinsipə əməl edilməlidir: bazar təminatı və hüquqi təhlükəsizlik. Mühüm məsələlərdən biri də dövlət satınalmalarında kvota mexanizminin tətbiqidir. Kiçik sahibkarların dövlət sifarişlərinə çıxışı həm sabit gəlir, həm davamlı fəaliyyət, həm də genişlənmə imkanı yaradır. Dövlət satınalmalarının müəyyən hissəsinin – məsələn, 25 faizinin kiçik sahibkarlara ayrılması bazar yaradacaq və rəqabəti stimullaşdıracaq. Bu, subsidiyalardan fərqli olaraq daha effektiv yanaşmadır".
O bildirib ki, digər mühüm istiqamət smart maliyyələşdirmə modelinə keçiddir: "Faizsiz kreditlər populist qərardır və uzunmüddətli perspektivdə zərərlidir. Əvəzində məqsədli kreditlər, məcburi biznes müşahidəsi və performans əsaslı yanaşma tətbiq olunmalıdır. Riskin dövlət və maliyyə institutları arasında bölüşdürülməsi vacibdir. Bu, həm əsasız borclanmanın qarşısını alır, həm də kapitalın səmərəli istifadəsini təmin edir. Klastrların yaradılması da vacibdir. Klastr modeli istehsal, logistika və satışın inteqrasiyasıdır. Dövlət tərəfindən infrastruktur dəstəyi genişləndirilməlidir. Bu yanaşma regionlarda iqtisadi aktivliyi artırar və daxili miqrasiyanı azaldar. Rəqəmsal transformasiya da əsas məsələlərdəndir. Müasir iqtisadiyyatda rəqabət qabiliyyəti artıq məhsulla deyil, rəqəmsal inteqrasiya ilə ölçülür. Dövlət standart rəqəmsal alətlər təqdim etməli, vergi uçotu sistemlərini avtomatlaşdırmalı və elektron ticarətə keçidi stimullaşdırmalıdır. Hazırda kiçik sahibkarlıq müxtəlif normativ aktlarla parçalanmış şəkildə tənzimlənir. Bu isə hüquqi qeyri-müəyyənlik yaradır. Kiçik sahibkarlıq haqqında ayrıca qanun qəbul olunmalı, status, dəstək mexanizmləri və dövlət öhdəlikləri konkretləşdirilməlidir. Vergi siyasətində diferensial yanaşma olmalıdır. İlk illərdə yumşaq vergi rejimi tətbiq olunmalı, gəlirə əsaslanan vergi sistemi sadələşdirilməlidir. İnzibati prosedurlar sadələşdirilməlidir. Əsas prinsip odur ki, dövlət sübut etməlidir, sahibkar yox. Müraciətlərə müəyyən müddətdə cavab verilməzsə, bu, razılıq kimi qəbul edilməlidir. Yoxlamalar risk əsaslı aparılmalıdır. Kiçik sahibkarlıq ölkə iqtisadiyyatının əsas damarlarından biridir. Lakin onun payı hələ də arzuolunan səviyyədə deyil. Kiçik sahibkarlığın iflası sadəcə iqtisadi hadisə deyil, sosial fəlakətdir. Ona görə də sadələşdirilmiş iflas prosedurları tətbiq olunmalı və sahibkara ikinci şans verilməlidir. Hüquq müdafiəçisi son olaraq qeyd edib ki, ən vacib məsələlərdən biri də rəqabət mühitinin gücləndirilməsidir. Kiçik sahibkarların bazara girişində qeyri-bərabər şərtlər aradan qaldırılmalı, dominant mövqedən sui-istifadəyə qarşı mexanizmlər gücləndirilməlidir. Ümumilikdə, mövcud yanaşma dəyişdirilməlidir. Əks halda, struktur problemlər dərinləşəcək. Sistemli yanaşma tətbiq olunarsa, orta sinif formalaşar, vergi bazası genişlənər və sosial sabitlik təmin olunar. Kiçik sahibkarlıq sosial siyasətin obyekti deyil, iqtisadi azadlığın praktik ifadəsi olmalıdır və bu sahədə aydın, sabit və ədalətli hüquqi qaydalar formalaşdırılmalıdır".
Ayhan
19:23 13.04.2026
Oxunuş sayı: 57