Ekspert: Dünya çempionatı gözləntiləri alt-üst edə bilər
Futbol üzrə Dünya çempionatı 2026 artıq start götürüb və ilk oyunlardan etibarən azarkeşlər yüksək temp, gözlənilməz nəticələr və gərgin mübarizəyə şahidlik edirlər. Turnirə olan maraq xüsusilə böyükdür, çünki yeni format və artan iştirakçı sayının oyunların gedişinə və komandaların strategiyasına ciddi təsir göstərəcəyi gözlənilir. İzləyicilər bu dəfə daha çox dinamika, fərqli taktiki yanaşmalar və sürpriz nəticələr gözləyirlər.
A qrupunda keçirilən növbəti qarşılaşmada Cənubi Koreya və Çexiya yığmaları üz-üzə gəlib. Qvadalaxara stadionunda baş tutan oyun ilk dəqiqələrdən etibarən qarşılıqlı hücumlarla yadda qalıb. Birinci hissədə tərəflərdən heç biri fərqlənə bilməyib və komandalar fasiləyə qolsuz yollanıblar.
İkinci hissədə isə oyunun ssenarisi dəyişib. 59-cu dəqiqədə Çexiya Ladislav Kreyçinin baş zərbəsi ilə hesabı açaraq üstünlüyü ələ alıb. Lakin Cənubi Koreya buraxılan qoldan sonra oyundan qopmayıb və təzyiqi artıraraq rəqibi səhvlərə məcbur edib. 67-ci dəqiqədə Hvan İn Bom hesabı bərabərləşdirib, 80-ci dəqiqədə isə O İn Qyu komandasına qələbəni gətirən qola imza atıb.
Beləliklə, Cənubi Koreya 2:1 hesabı ilə əzmkar qələbə qazanaraq qrupda vacib üç xalı aktivinə yazdırıb. Qeyd etmək lazımdır ki, oyun hələ davam edir. Nəticəni isə gələcək müddətdə görəcəyik.
Crossmedia.az-a açıqlama verən AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov hesab edir ki, bu Dünya Çempionatı əvvəlkilərdən müəyyən mənada fərqlənir. Əsas fərqlərdən biri yeni qaydaların tətbiq olunmasıdır:

“Ən böyük dəyişiklik komanda sayının artırılmasıdır. Belə ki, komandalar final da daxil olmaqla 8 və ya 9 oyun keçirməli olacaqlar. Bu isə kifayət qədər ağır qrafik deməkdir. Bir ay ərzində 8 oyun keçirmək komandalar üçün ciddi fiziki yük yaradır. Bu səbəbdən xüsusilə çempionluq uğrunda mübarizə aparan favorit millilər- İspaniya, Fransa, İngiltərə, Argentina, Braziliya və Niderland daha balanslı oyun nümayiş etdirməyə çalışacaqlar. Bəzi görüşlərdə ehtiyatlı davranacaq, futbolçularını və resurslarını qorumağa üstünlük verəcəklər.
Maraq doğuran məqamlardan biri də yeni qaydaların praktiki təsiridir. Məsələn, qapıçının topu əlində normadan artıq saxlaması halında rəqib komandaya künc zərbəsinin verilməsi qaydasının nə dərəcədə effektiv olacağını görəcəyik. Qrup mərhələsinin ilk oyunlarında dominant komandalar hücum futboluna üstünlük verəcək, zəif komandalar isə daha çox müdafiəyə çəkiləcəklər. Nisbətən zəif komandaların çoxluğu onların əsas məqsədini qol buraxmamaq üzərində quracaq. Müdafiəyə qapanmaq və riskdən yayınmaq isə oyunun tempini, xüsusilə ilkin mərhələlərdə, müəyyən qədər azalda bilər".
Müsahib həmçinin qrup mərhələsinin sonlarına doğru vəziyyətin dəyişə biləcəyini də vurğulayıb:
“Komandalar nəticəyə ehtiyac duyduqca daha riskli futbol oynamağa məcbur qalacaqlar. Güc baxımından yaxın komandaların qarşılaşmalarında isə daha maraqlı və açıq oyunlar izləmək mümkün olacaq. Favoritlərə gəlincə, konkret ad çəkmək çətindir, lakin heyət keyfiyyəti və potensial baxımından Fransa və İspaniya milliləri daha üstün görünür.
Azərbaycan azarkeşlərinin dəstək verdiyi Türkiyə millisi barədə də danışmaq lazımdır. Onların düşdüyü qrupun keçilməsi mümkündür və bu qrup “ölüm qrupu” sayılmır. Türkiyə millisi ən azı üçüncü yeri tutmaq potensialına malikdir. İştirakçı sayının artması ilə ən yaxşı üçüncü yerlər hesabına pley-offa yüksəlmək imkanı da var ki, bu da əlavə üstünlük yaradır. Hətta onların qrupda ikinci yeri tutması da istisna deyil. Sonrakı mərhələlərdə isə hər şey rəqibdən asılı olacaq. Pley-offda qarşılaşacaqları rəqiblər onların turnirdə nə qədər irəliləyəcəyini müəyyən edəcək. Güclü rəqiblərlə qarşılaşma halında Türkiyə millisinin dörddəbir final və ya yarımfinala qədər irəliləməsi çətin görünür. Buna baxmayaraq, qrupdan çıxmaq və müəyyən mərhələyə qədər irəliləmək üçün kifayət qədər şansları var”.
Fatimə Məmmədova
10:35 12.06.2026
Oxunuş sayı: 72