Sağlamlıq

Alzheimer xəstəliyi - "qocalıq ağıl zəifliyidir"

Xəstəliklər arasında ən çox görülən xəstəlikdən biri də Alzheimer xəstəliyidir. Bu xəstəliyin əlamətləri və müalicə üsulları haqqında Həkim-

Nevroloq Qalib Əsədov Crossmedia.az-a açıqlama verib. O qeyd edib ki, xəstəlik beyin qabığında baş verən dəyişikliklər nəticəsində yaranır:
"Alzheimer xəstəliyi geniş yayılmış bir xəstəlikdir. Yaş artdıqca beyində, beyin qabığında degenerativ dəyişikliklər baş verir. Neyronların nüvəsində olan hansısa genin təsirindən (bu xəstəlik adətən irsi olur) xüsusi zülallar əmələ gəlir və neyronlar məhv olmağa başlayır. Bizim yaddaşımız və davranışımız beyin və  neyronlarla birbaşa əlaqəli olduğu üçün beyin qabığında olan bu dəyişiklilər həyatımıza təsir edir".

Həkim-nevroloq  xəstəliyin əlamətlərini qeyd edib:

"Alzheimer xəstəliyinin başqa bir adı "qocalıq ağıl zəifliyidir". Əlli yaşlardan sonra başlayır. Bu xəstəlik zamanı yuxu rejimi pozulur, yüngül dərəcəli yaddaş itir. Məsələn, dünən nə yemisən? -sualı verildikdə insan cavabı tapa bilmir,yediyi yeməyi unudur. Amma, keçmişdə baş verən hadisələri çox yaxşı xatırlayırlar. Elementar riyazi məsələləri həll etməkdə çətinlik çəkirlər. Xəstəlik inkişaf etdikcə xəstənin vəziyyəti daha da ağırlaşır. Xəstə heçnəyi, heç kimi xatırlamır. Bəzən yeni doğulan uşaq kimi kənar şəxsin qulluğuna ehtiyacda yaranır".

Nevroloq xəstəliyin müalicə üsullarını da bildirib:

"Xəstəliyin inkişafını yavaşlatmaq üçün dərman vasitələri var. Amma, ən yaxşı vasitə təmiz havada, əsasda axşamlar təmiz havada gəzməkdir. Digər vasitələrə oxumaq,  krossvord işləmək, şahmat oynamaq və beyin işlədən intellektual oyunlar daxildir".

Zeynəb Mustafazadə

09:14 11.12.2024

Oxunuş sayı: 4991

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR