Karma: Əməllərimizin taleyimizdəki rolu – Astroloqdan AÇIQLAMA
Karma qədim dövrlərdən bəri müxtəlif fəlsəfi və dini inanclarda mühüm yer tutan bir anlayışdır. Bu konsepsiya, insanın əməllərinin nəticələrinin həyatına və taleyinə birbaşa təsir etdiyini vurğulayır. Müasir dünyada karma anlayışı yalnız dini və fəlsəfi müstəvidə deyil, gündəlik həyatımızda, insan münasibətlərində və davranışlarda da tez-tez müzakirə olunur.
Astroloq Sabira Cəfər Crossmedia.az-a verdiyi açıqlamada karma və onun astroloji baxımdan həyatımıza təsirləri barədə fikirlərini bölüşüb:
“Karma sözünün mənası hərəkət deməkdir. Keçmişdə etdiyimiz hərəkətlər əxlaqi kodeksdən kənara çıxıbsa, bunlar həyat planımızda keçmişin karması kimi yığışıb qala bilər. Həyatımızın müəyyən dövrlərində bu karmalara görə etdiyimiz hərəkətlərin nəticələri ilə qarşılaşırıq. Karma, atalarımızın “nə əkərsən, onu da biçərsən” ifadəsinin astroloji qarşılığıdır”.
Astroloqun sözlərinə görə, astroloji cədvəldə karma müxtəlif dövrlərdə təkrarlanır:
“Bildiyiniz kimi, döngülər təkrarlanır və astroloji olaraq bəzi döngülərin müəyyən zaman aralıqlarında yenidən baş verməsi mümkündür. Astrologiyada karmanın əsas göstəricisi Saturndur. Saturnun döngülərində, xüsusilə 29-30 yaş dövründə, insanlar etdikləri hərəkətlərin ilk nəticələri ilə qarşılaşırlar. O vaxta qədər formalaşdırdıqları həyat tərzinə uyğun olaraq ya mükafat alırlar, ya da cəza”.
Sabira Cəfər borc və mükafat anlayışlarının astroloji təsirlərindən də bəhs edib:
“Bəzən həyatımızda sonsuz görünən dövrlər olur. Buna təkrar döngülər deyirik. Əgər doğum xəritəmizdə bir planetin bizə aşıladığı dəyərləri düzgün yaşaya bilmiriksə, həmin planetin hər döngüsündə bu, karmik cəza kimi həyatımıza təsir edir. Məsələn, münasibətlərdə davamlı uğursuzluqla qarşılaşmaq və ya haqsızlığa məruz qalmaq karmik cəza ola bilər. Əksinə, düzgün addımlar ataraq, doğru zamanda doğru yerdə olmaq və bizi dəstəkləyən insanlarla çevrələnmək isə mükafatdır. Hər doğum xəritəsi bu döngüləri fərqli şəkildə yaşayır”.
Saida Ramazanova
14:20 10.12.2024
Oxunuş sayı: 8393