Sağlamlıq

Uşaqların sağlamlığı: Doğru qidalanma və həkim nəzarəti - Pediatrdan AÇIQLAMA

Uşaqların sağlam və xoşbəxt böyüməsi üçün düzgün qidalanma və müntəzəm həkim nəzarəti xüsusi əhəmiyyət daşıyır. Hər bir valideynin əsas narahatlığı övladlarının sağlamlığıdır və bunun təmin edilməsində pediatr müayinələrinin rolu əvəzsizdir.
 
Mövzu ilə bağlı Crossmedia.az olaraq pediatr Gülşən Əliyevaya müraciət etdik.
 
“Uşaqların qidalanma rejimi yaşlarına uyğun olaraq dəyişir. Uşaqğın yeni doğulduğu dövrdən 1 yaşa qədər ana südü əsas qida mənbəyidir. İlk 6 aydan sonra əlavə qidalara başlanılır və ümumiyyətlə, 2 yaşa qədər ana südü verilməsi tövsiyə olunur. Bir yaşından etibarən uşaqlar gün ərzində 3 əsas (səhər, günorta, axşam) və 2 ara yemək qəbul edə bilərlər. Yeməklər sağlam qidalanma prinsiplərinə və mövsümə uyğun olmalıdır,” - deyə pediatr vurğulayıb.
 
O, həmçinin uşaqların yemək vaxtlarının bioloji ritmlərinə uyğun tənzimlənməsinin vacibliyini qeyd edib:
 
• Səhər yeməyi: saat 7-9 arasında;
• Ara yemək: saat 11-də, əsasən meyvə;
• Günorta yeməyi: saat 1-2 arasında;
• Axşam yeməyi: saat 7-8 arasında; əgər saat 8-dən sonra acarsa, 9-10 arasında süd və ya qatıq məhsulu tövsiyə olunur.
 
Həkim, müntəzəm pediatr müayinələrinin əhəmiyyətini də vurğulayıb:
 
“İlk 6 ayda hər ay pediatr müayinəsi vacibdir. Bu müddətdə uşağın fiziki və əqli inkişafı, qan azlığı və digər sağlamlıq göstəriciləri izlənilir. 1 yaşına qədər profilaktik peyvəndlər mütləqdir. 1-2 yaş arasında pediatr müayinələri daha az olur, lakin şikayət yarandıqda dərhal müraciət edilməlidir. Böyüdükcə ildə bir dəfə ümumi müayinə (Check Up) məsləhət görülür”.
 
Doğru qidalanma və sistemli həkim nəzarəti ilə uşaqların sağlam böyüməsini təmin etmək, hər bir valideynin əsas missiyasıdır. Bu qaydalara əməl etməklə gələcəyimizin parlaq ulduzlarını güclü və sağlam yetişdirmək mümkündür.
 
Samirə Şərif

14:10 10.12.2024

Oxunuş sayı: 8739

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR