Zəhərlənmələr niyə artır? - dərmanlar və sirkə turşusu ilk sıradadır
2026-cı ilin mart ayında Azərbaycanda Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müxtəlif mənşəli zəhərlənmə hallarına görə 91 nəfər hospitalizasiya olunub.
Məlumatlara görə, 88 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Zəhərlənmələr əsasən dərman preparatları (42 nəfər), sirkə turşusu (24 nəfər), siçan dərmanı (3 nəfər), yandırıcı məhlullar (3 nəfər), allergik reaksiyalar (4 nəfər), spirtli içkilər (2 nəfər), dəm qazı (5 nəfər), anafilaktik şok (5 nəfər) və fosfor üzvi birləşmələr (3 nəfər) ilə bağlı olub.
Aparılan intensiv müalicəyə baxmayaraq 3 nəfərin həyatı xilas edilməyib; ölümlərin əsas səbəbi dərman və sirkə turşusu zəhərlənməsindən yaranan toksik vəziyyət olub.
Məsələ ilə bağlı həkim allerqoloq Şahvələd Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Mart ayını nəzərə alsaq, bu dövr Azərbaycanda əsasən Ramazan bayramı ərəfəsinə təsadüf etmişdir. Bu müddətdə müxtəlif və qarışıq qidaların, xüsusilə turşuların və şorabaların qəbulunun artması fonunda qida zəhərlənməsi halları müşahidə olunmuşdur.

Eyni zamanda, mart ayının əvvəlində havaların nisbətən soyuq keçməsi dəm qazı zəhərlənmələrinin sayına təsir göstərmişdir.
Xüsusilə, sobalardan düzgün istifadə edilməməsi, hamamlarda və digər məkanlarda qızdırıcı sistemlərin təhlükəsizlik qaydalarına uyğun işlədilməməsi bu halların artmasına səbəb olmuşdur.
Bundan əlavə, alkoqol zəhərlənməsi faktları da qeydə alınmışdır. Həmçinin müəyyən hallarda dərman vasitələrinin normadan artıq qəbulu nəticəsində dərman zəhərlənmələri baş vermişdir.
Ümumilikdə, mart ayı həm mövsümi amillər, həm də qidalanma və məişət şəraiti ilə bağlı müxtəlif zəhərlənmə risklərinin artdığı bir dövr kimi xarakterizə olunur".
Elmir Heydərli
11:55 06.04.2026
Oxunuş sayı: 756