Xəbər ver, cəzadan azad ol? - yeni qanun dəyişiklikləri nə vəd edir?
Azərbaycanda cinayət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində yeni dəyişikliklər təklif olunur.
Bu dəyişikliklər çərçivəsində xüsusilə, təxribat xarakterli cinayətlərin qarşısının alınması və belə halların erkən mərhələdə aşkarlanmasının təşviqi məqsədi güdülür.
Təklif olunan yeniliyə əsasən, təxribatın hazırlanmasında iştirak etmiş şəxsin vaxtında aidiyyəti dövlət orqanlarını məlumatlandırması və ya bu əməlin qarşısının alınmasına yardım göstərməsi onun cinayət məsuliyyətindən azad olunmasına şərait yarada bilər.
Bununla yanaşı, terrorçuluğa çağırışlarla bağlı müddəaların da sərtləşdirilməsi nəzərdə tutulur ki, bu da milli təhlükəsizliyin daha effektiv qorunmasına xidmət edir.
Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bilirsiniz, burada əsas məsələ ondan ibarətdir ki, təxribat barədə əvvəlcədən məlumat verən şəxsə nə dərəcədə etibar etmək olar. Bu məlumat doğru da ola bilər, yanlış da. Bəzən şəxsi münaqişələr zəminində kiminsə qərəzli şəkildə yalan məlumat verməsi ehtimalı da istisna deyil.

Digər tərəfdən, əgər şəxs təqdim etdiyi məlumatın doğruluğuna əmindirsə və həqiqətən də hər hansı təxribatın hazırlandığını bilirsə, bu barədə aidiyyəti qurumlara məlumat vermək zəruridir və vacib məsələdir.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, qanunvericilik belə halları da tənzimləməlidir. Yəni qəsdən yalan məlumat verən şəxslər üçün də məsuliyyət tədbirləri nəzərdə tutulmalıdır.
Bu, həm yanlış məlumatların qarşısını almaq, həm də cəmiyyətin təhlükəsizliyini qorumaq baxımından mühüm əhəmiyyət kəsb edir".
Elmir Heydərli
11:28 06.04.2026
Oxunuş sayı: 583